Nizami - Sürətli inkişafa obyektiv baxış

17:56 31-03-2019 | icon 2846
Nizami - Sürətli inkişafa obyektiv baxış

Əvvəlki illərdə olduğu kimi, 2018-ci ildə də qlobal iqtisadi böhran şəraitində Azərbaycan iqtisadiyyatı mənfi xarici iqtisadi təsirlərə dayanıqlılıq nümayiş etdirdi, iqtisadi artımın davamlılığı təmin olundu. Makroiqtisadi sabitlik qorunub saxlanıldı, iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun və regionların inkişafı sürətləndi, valyuta ehtiyatlarının səmərəli idarə edilməsi və milli valyutanın sabitliyi təmin olundu, sahibkarlığa dövlət dəstəyi gücləndirildi, özəl bölmənin inkişafı üçün azad rəqabət və münbit investisiya mühiti yaradıldı, əhalinin sosial rifahı daha da yaxşılaşdı

Zamanın sınağından çıxmış Heydər Əliyevin inkişaf strategiyasına uyğun olaraq, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində Azərbaycan həm də özünün uzunmüddətli inkişaf istiqamətlərini müəyyən edib. Prezident İlham Əliyevin təsdiq etdiyi "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası da bu məqsədə xidmət edir.

Ölkəmizdə son illərdə əldə olunan ən mühüm nailiyyətlərdən biri rayonların, şəhər və kəndlərin inkişaf yoluna çıxarılmasıdır. Azərbaycanın coşqun inkişafının, sürətli yüksəlişinin, günü-gündən dəyişərək gözəlləşən simasının konkret ünvanlarından biri də hər zaman öz yüksək tərəqqi tempi ilə seçilən Bakının Nizami rayonudur.

Respublikamızda aparılan uğurlu sosial-iqtisadi siyasət nəticəsində Nizami rayonunun da hərtərəfli inkişafı üçün böyük işlər görülüb və bu işlər hazırda da uğurla davam etdirilir.

Ümumiyyətlə isə bu rayonun inkişafından danışarkən qeyd etməliyik ki, bu tərəqqinin müəllifi həm də rayon İH başçısı Arif Qasımovdur. Qazanılan hər bir nailiyyətə başçının göstərdiyi böyük diqqət və qayğı sayəsində nail olunub.

Onun bu vəzifəyə gəldiyi gündən görülən işlərin siyahısına nəzər salanda da həyata keçirilən genişmiqyaslı işlərin bariz nümunəsini görmək olar.

Təqdirəlayiq haldır ki, bu rayonu Azərbaycanda öncüllər sırasına çıxaran əsas cəhətlərdən biri sosial-iqtisadi sferada əldə olunan uğurlardır.

Qeyd edək ki, 2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də iştirakı ilə Nizami rayonunda ötən ilin 07 mart tarixində Bakı Şəhər Statistika İdarəsinin yeni inzibati binasının və  27 mart tarixində Azərbaycan Respublikasının  Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva ilə birgə B.Çobanzadə küçəsi ilə M.Abbasov küçələrinin kəsişdiyi ərazidə tikilmiş Bona Dea Beynəlxalq Hospitalının açılışı baş tutub.

Ölkə başçısı 12 sentyabr tarixində Rayon İcra Hakimiyyəti tərəfindən əsaslı təmir edilmiş Keşlə qəsəbəsindəki 227 saylı tam orta məktəbdə yaradılan şəraitlə tanış olmuş , 07 noyabr tarixində Azərbaycan Respublikasının  Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva və qızları Leyla Əliyeva ilə birgə “Bravo” marketlər şəbəkəsinin metronun “Koroğlu” stansiyasının yaxınlığında yerləşən yeni hipermarketinin açılışında , 21 dekabr tarixində isə Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda aparılan yenidənqurma və modernləşdirmə layihəsinin birinci mərhələsi çərçivəsində inşa edilən yeni bitum qurğusunun və maye qazdoldurma məntəqəsinin açılış mərasimində iştirak etmişdir.

Ötən il ölkə iqtisadiyyatının dinamik inkişaf tempinin saxlanılmasında da Nizami rayonunun da payı var. Belə ki, ötən il rayonda fəaliyyət göstərən müəssisələr tərəfindən 503,8 milyon manat dəyərində sənaye məhsulu istehsal edilib və xidmətlər göstərilib. Bu da ötən ilin müvafiq dövrünə nisbətən 8,5 faiz çox olub.

Keçən il rayonda iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələri hesabına əsas kapitala 530,1 milyon manat həcmində, ötən illə müqayisədə 4.8 dəfə çox investisiya yönəldilib. Rabitə müəssisələri tərəfindən 383,8 milyon manat həcmində (əvvəlki ilin müvafiq dövrünə nisbətən 4,7 faiz çox), nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr tərəfindən isə 108,7 milyon manat həcmində xidmət göstərilib. Əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi isə 350,5 milyon manat təşkil edib.

Pərakəndə ticarət şəbəkəsindən əhaliyə 2176,5 milyon manatlıq əmtəə satılıb. Rayon üzrə muzdlu işçilərin sayının əvvəlki ilin müvafiq dövrünə nisbətən 4,4 faiz nəfər artaraq 45 min nəfər, işçilərin orta aylıq nominal əmək haqqı isə  651,4  manat təşkil edib. Rayonda 5235 yeni iş yeri açılıb, işaxtaran kimi 3392 nəfərin qeydiyyata götürülüb  və 1100 nəfər münasib işlə təmin edilib. Özünüməşğulluq proqramına əsasən işaxtaran və işsiz vətəndaşlardan fərdi biznes fəaliyyətinə  148 nəfərin cəlb olunub ki, onlardan da 104 nəfər öz biznes ideyalarını müdafiə edib. Onlardan da 15 nəfər tam avadanlıqla təmin edilib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığının icrasını təmin etmək məqsədilə 2018-ci il fevralın 2-dən may ayının 15-dək rayon əhalisinin pulsuz tibbi müayinəsi həyata keçirilib. Qeyd edək ki, ümumilikdə rayon üzrə 18 yaşdan yuxarı olan 124447 nəfərdən 93594 nəfəri tibbi müayinədən keçib ki, onlardan da 3427 nəfər ambulator, 214 nəfər isə stasionar müalicəyə göndərilib.

Rayon ərazisində mövcud olan sosial-məişət problemlərinin, səhiyyə və təhsil müəssisələri, yollar, piyada keçidləri, parklar, infrastruktur obyektləri, yeni inzibati binalar istifadəyə verilib, tarixi memarlıq abidələri, dini-mənəvi dəyərləri yaşadan obyektlərin bərpası ilə bağlı önəmli işlər görülüb.

Rayon İH başçısı Arif Qasımov da üstünə düşən vəzifəni məsuliyyətlə yerinə yetirməyə çalışır. 

P.S. Çox təssüflər olsun ki, Arif Qasımovun uğurlarını həzm edə bilməyən, qeyri - konstruktiv qüvvələrə xidmət edən bəzi kütləvi informasiya vasitələri onun barəsində hədyan informasiyalar yaymağa çalışırlar. Dövlətçiliyə bunca sadiq adamı az qala mühakimə edən belə üzdəniraq media mənsubları ya bilmirlər, ya da bilərəkdən unudurlar ki, yalan ayaq tutar, yeriməz, müdrik Azərbaycan xalqının gözü tərəzidir, pisi yaxşıdan seçməyi bacarır. Böhtançıların uğursuzluğa məhkumluğu qabaqcadan məlum olan bu cəhdləri könül bulandırmaqdan başqa bir şey deyildir. Yaxşı olar ki, qüvvələrini perspektivsiz məqsədlərə sərf etməkdənsə, tərəqqipərvər qüvvələrin cərgəsinə qoşulub həm ölkənin, həm xalqın,həm də özlərinin xeyrinə iş görsünlər.


Digər xəbərlər

0.22872090339661