Narkotiklərlə Mübarizə üzrə XXXVI Beynəlxalq Konfrans işə başlayıb - Foto

19:44 15-04-2019 | icon 2994
Narkotiklərlə Mübarizə üzrə XXXVI Beynəlxalq Konfrans işə başlayıb - Foto

Aprelin 15-də Bakıda Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının və Amerika Birləşmiş Ştatlarının Ədliyyə Departamentinin Narkotiklərlə Mübarizə Administrasiyasının birgə təşkilatçılığı ilə Narkotiklərlə Mübarizə üzrə XXXVI Beynəlxalq Konfrans (IDEC) işə başlayıb. 

Gömrük Komitəsindən daxil olan məlumata görə, komitənin fəal iştirakı ilə təşkil edilən, “Qlobal tərəfdaşlıqların səfərbər edilməsi” mövzusuna həsr olunan Bakı konfransının məqsədi narkotiklərin qanunsuz dövriyyəsinə qarşı qlobal mübarizəyə cəlb olunmuş yüksək vəzifəli rəsmiləri bir araya gətirmək, bu bəşəri problemin həlli yollarını müzakirə etmək, fikir və qabaqcıl təcrübə mübadiləsi aparmaqdır.

Dünyanın 150-dən çox ölkəsindən 500-dək nümayəndənin qatıldığı beynəlxalq konfrans narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı mövcud olan müasir mübarizə üsullarından mütəxəssislərin bəhrələnməsinə şərait yaradacaq.

 

Narkotik vasitələrin qanunsuz dövriyyəsinin milli, regional və beynəlxalq səviyyələrdə cinayət növü kimi qəbul olunmasını, bu problemin həllinin beynəlxalq əməkdaşlıq tələb edən ümumi məsuliyyətə çevrildiyini deyən Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev bildirib ki, bu baxımdan, beynəlxalq təşkilatların, dünya ölkələrinin aidiyyəti qurumlarının dəstəyi ilə narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı birgə əməkdaşlıq çərçivəsində mübarizə tədbirləri mühüm əhəmiyyət kəsb edir. Komitə sədri qeyd edib ki, bəşəriyyətin bu dəhşətli bəlasına qarşı ölkəmizin ayrı-ayrı dövlət strukturları, hüquq-mühafizə orqanları, qeyri-hökumət təşkilatları, kütləvi informasiya vasitələri, təhsil və səhiyyə qurumları birgə mübarizə aparmaqla bu bəlanın qarşısının alınmasında uğurla fəaliyyət göstərir.

Səfər Mehdiyev diqqətə çatdırıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı sərəncam, fərman və normativ-hüquqi aktlarla ölkəmizdə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizənin əsas strateji xətti müəyyənləşdirilib. Gömrük sahəsində hüquqpozmaların, o cümlədən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarısının vaxtında alınması və gömrük xidmətində əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi məqsədilə hədəflərin idarə olunması sistemi və mobil qruplar yaradılıb.
Qeyd edək ki, aprelin 17-dək davam edəcək Bakı konfransında narkotiklərlə mübarizə üzrə müzakirələr aparılacaq, Azərbaycan paytaxtından dünyaya yeni mesajlar veriləcək.

 




 

Digər xəbərlər

0.36846685409546