“Pivə satışı xərcləri qarşılayacaq” - Elxan Məmmədov

15:56 29-04-2019 | icon 258
“Pivə satışı xərcləri qarşılayacaq” - Elxan Məmmədov
loading...

AFFA-nın baş katibi Elxan Məmmədov Sovetski Sport nəşrinə müsahibə verib.

Qurum rəsmisi Bakıda keçiriləcək Avropa Liqasının finalında görmək istədiyi komandaların adını açıqlayıb:

- Finalda ingilis-alman duelini xəyal edirəm. Azərbaycanın 1966-cı ildəki dünya çempionatına bağlılığını hamınız bilirsiniz. Həmin görüşdə yan xətt hakimi azərbaycanlı Tofiq Bəhramov idi. İngiltərə yeganə çempionluğunu məhz həmin il qazanıb. 

- Həmin epizod tez-tez xatırlanır. Ancaq finala gələcək azarkeşlər bu barədə elə də yaxşı bilmirlər.

- Məncə, xatırlayarlar. Bakıya gələcək azarkeşlər üçün xüsusi yer təşkil edib, Bəhramovun abidəsinə apararıq.

- Bakı beynəlxalq turnirlərin təşkili baxımından təcrübəyə sahibdir. Gələn il Avropa çempionatının 4 oyunu keçiriləcək.

- Şanslıyıq ki, bir il öncə Rusiyada dünya çempionatı təşkil edildi. Ötən il biz mundialda çox şey öyrəndik. Bizim mütəxəssislər, təşkilatçılar turnir zamanı Moskva və Sankt-Peterburqda oldular. Rusiyada 64 oyun olubsa, biz finala ev sahibliyi edəcəyik. İnanıram ki, bunların öhdəsindən gələ bilərik.

- Finala nə qədər azarkeş gələcək?

- Martda UEFA onlayn satış elan edəndə dərhal 21 min bilet satıldı. O zaman heç yarımfinalçılar da bəlli deyildi. İnsanlar onlayn bilet alıblar, çünki Bakıya gəlmək istəyirlər.

- Biletlərin yerdə qalanı necə paylanacaq?

- UEFA-nın qərarına əsasən, 15 min bilet azərbaycanlı azarkeşlərə ayrılıb. 10 min bilet finalçıların fanatları üçün nəzərdə tutulub. Əminəm ki, stadion tam dolacaq, turistlər futboldan həzz alacaq. Bir ay əvvəl fan-zonanı artırmaq üçün əsaslı qərar verdik. İnfrastruktur cəhətdən hazırıq. 2015-ci ildə Avropa Oyunları üçün tikilən stadionumuz tam hazırdır. Bizə yalnız finalı gözləmək qalır.

- İqtisadi baxımdan finalda hansı komandaların olması sərf edir?

- Əlbəttə ki, ingilislər. Sadəcə, pivə satışından bütün məsrəflər qarşılanacaq.

- AÇ-2020 üçün planlar necədir?

- Bu barədə iyunun 1-dən düşünməyə çalışacağıq. Həmin vaxt AÇ-2020-nin Əməliyyat Komitəsi işə başlayacaq. Gələn iyun ayında AÇ-2020-nin qrup mərhələsinin 3 oyunu Bakıda keçiriləcək. İyulun 4-də isə 1/4 final görüşü reallaşacaq. Bayram uzun müddət davam edəcək. Azərbaycan millisi qrup mərhələsinə vəsiqə əldə edə bilməsə, Rusiya yığmasını 1/4 finalda gözləyəcəyik.

- Formula-1 yarışlarının Avropa çempionatının oyunları ilə birləşdirilməsi ideaları da var.

- Çox çətin olar. Hər ikisinin ayrı pərəstişkarı var. AÇ-2020-nin təqvimi yoxdur. Bununla bağlı yayda qərar veriləcək. Görək, işləri problemsiz necə edə biləcəyik.

- Azərbaycan və Rusiya milliləri arasında seçim qarşısında qalan futbolçular Rusiyanı seçir. Onlara xain gözü ilə baxılmır?

- Əlbəttə ki, xeyr! İnsan özü üçün karyera qurur. Əgər seçim onun karyerası üçün faydalıdırsa, hər şey yolundadır. Əgər siz Aleksandr Səmədovu ipucu verirsinizsə, onunla bizim yaxşı münasibətimiz var. Səmədov Avropa Liqasının finalının elçisidir. Mayın 29-da Bakıya gələcək.

- Azərbaycanda futbolun səviyyəsi necədir? Populyardır?

- Bəli, populyardır. Ancaq nəticələr mübarizədən geri qalır.

- Futbolunuzda nə çatmır?

- Problem futbolçuların evdən ayrılmaq istəməməsidir. Hava yaxşıdır, burda hər şeyi sevirlər. Buna görə də xaricə üz tutmurlar. Tərəqqi üçün xaricə üz tutmalıyıq.

- Kokorin və Mamayev kimidirlər?

- Belə şey baş vermir.

- “Spartak”ın azərbaycanlı futbolçusu Ayaz Quliyev də qalmaqala səbəb olub.

- Biz yaxşı tanışıq. Bir neçə il əvvəl görüşmüşük. Həmişə demişik ki, millinin qapıları Ayazın üzünə açıqdı. Amma belə görünür ki, o, taleyini Rusiya millisinə bağlamaq istəyir. O ki qaldı Ayazın bir neçə gün əvvəl iştirakçısı olduğu insidentə, o, belə emosional hərəkətlərə yol verməməlidir.

- Azərbaycan çempionatında limit var?

- Bəli, sizinkindən daha sərtdir. 6 yerli və 5 əcnəbi meydana çıxa bilər.

- Rusiyada da eynidir.

- Xeyr, bizdə bir məsələ də var ki, meydana çıxan futbolçulardan biri mütləq U-21-in üzvü olmalıdır. Məşqçilər, klublar buna etiraz edir, ancaq bizdə bu limit var.


Digər xəbərlər

0.70422291755676