2019-cu il Azərbaycan üçün uğurlu olacaq - Hansı yeniliklər gözlənilir?

10:10 02-05-2019 | icon 2471
2019-cu il Azərbaycan üçün uğurlu olacaq - Hansı yeniliklər gözlənilir?

Aprelin 30-da Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısı yeni strategiyanı açıqladı.

İqtisadi inkişaf, sosial islahatlar və xalqın rifahının yüksəldilməsi. Əsas istiqamət budur və il ərzində bu istiqamətdə mühüm addımlar atılacaq.

Prezident İlham Əliyev də 2019-cu ilin Azərbaycan xalqı üçün uğurlu il olacağının anonsunu verdi. Əslində dövlət başçısının təşəbbüsü ilə son aylar aparılan sosial islahatlar, birbaşa vətəndaşların rifahının yüksəldilməsinə, həyat şəraitinin yaxşılaşdırılmasına yönəlik atılan konkret addımlar belə bir gələcəyə zəmin yaradıb. Bu ilin birinci rübündə həyata keçirilən işlər və əldə olunan nəticələr bunu deməyə əsas verir:

Büdcə daxilolmaları 200 milyon manatdan çox artıb; ümumi daxili məhsul 3 faiz artıb; sənaye istehsalı 4,4 faiz, qeyri-neft sektorunda sənaye istehsalı 15,6 faiz, kənd təsərrüfatı 3,6 faiz, əhalinin gəlirləri 5,5 faiz artıb; inflyasiya aşağı səviyyədədir – 2,1 faiz; ölkə iqtisadiyyatına 2,8 milyard dollar sərmayə qoyulub; minimum əməkhaqqı və minimum pensiyalar təxminən 40 faiz, sosial müavinətlər orta hesabla 2 dəfə, məcburi köçkünlərə verilən müavinət 50 faiz artıb, tələbələrin təqaüdü, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə verilən müavinətlərdə ciddi artımlar həyata keçirilib; vətəndaşlar üçün ən böyük çətinliklərdən olan problemli kreditlərlə bağlı məsələ həllini tapıb; çoxmənzilli binalarda sənədləşdirilmə ilə bağlı problem həll olunub; iki böyük zavodun – karbamid və yüksək sıxlıqlı polietilen zavodlarının açılışı olub və təkcə bu iki zavodda yüzlərlə yeni iş yeri yaradılıb; bütün görülən işlər nəticəsində 3 milyon insan imzalanmış fərmanlardan bu və ya digər formada faydalanıb, vətəndaşların maddi vəziyyəti yaxşılaşıb, onları narahat edən problemlər öz həllini tapıb.

2018-ci ildə prezident seçkilərindən sonra start verilən islahatlar nəticəsində bütün istiqamətlər üzrə ciddi irəliləyişlər qeydə alınıb. Nazirlər Kabinetinin sonuncu iclasında Prezident İlham Əliyev islahatların davam edəcəyini bəyan etdi və bildirdi ki, “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Biz Azərbaycan vətəndaşının rifahı üçün əlimizdən gələni edirik. Qarşıda duran bütün vəzifələr uğurla icra ediləcək”.

İqtisadiyyatın yeni inkişaf strategiyası üzərində iş aparılır. Bu prosesə qabaqcıl beynəlxalq mütəxəssislər, alimlər cəlb ediləcək. İndiyə qədər görülən işlər, xüsusilə infrastruktur layihələrinin icra edilməsi bunun üçün zəmin yaradıb. Aparıcı beynəlxalq maliyyə qurumları iqtidarın islahatlar siyasətini dəstəkləyir. Prezident İlham Əliyevin Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı və digər mötəbər maliyyə qurumlarının rəhbərləri ilə keçirdiyi çoxsaylı görüşlərdə bu dəstək ifadə edilib. Beynəlxalq maliyyə qurumları islahatlarda iştirak etmək istəyir və Azərbaycan da onların təcrübəsindən istifadə etməkdə maraqlıdır. Dövlət başçısı çıxışı zamanı bildirdi ki, Strateji Yol xəritələri 52 faiz icra olunub, 2020-ci ilin sonuna qədər tam həyata keçiriləcək. icrası 52 faiz təşkil edir. Bu önəmli proqram 2020-ci ilin sonuna qədər icra ediləcək. Bundan sonra 2021-2025-ci illəri əhatə edən yeni proqram hazırlanacaq.

Prezident 3 mühüm sahə üzrə yeni sosial-iqtisadi modelə keçilməsinin anonsunu verdi.

1. Yeni sosial-iqtisadi model bazar iqtisadiyyatı prinsipləri əsasında hazırlanır və sahibkarlara daha yaxşı şəraitin yaradılmasını, insan kapitalının inkişaf etdirilməsini, özəlləşdirmə və dövlət mülkiyyətində olan müəssisələrlə bağlı islahatların həyata keçirilməsini, əlverişli biznes mühitinin inkişaf etdirlməsini nəzərdə tutur.

2. Kənd təsərrüfatı sahəsində yeni islahat kursu elan olunub. Məqsəd ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün intitusional potensialın gücləndirilməsi; aqrar sahə üzrə dövlət tənzimlənməsinin effektivliyinin yüksəldilməsi və biznes mühitinin təkmilləşdirilməsi; kənd təssərrüfatı məhsullarının istehsal potensialının dəyər zəncirinin artırılması; kənd təssərrüfatı məhsulları üzrə bazar infrastrukturunun inkişafı və istehsalçıların bazara çıxışının asanlaşdırılmasıdır. Bu məqsədlər üçün normativ hüquqi baza təkmişləşdirilməsi, Ərzaq Təhlükəsizliyi Komissiyasınn yaradılması, regional ixtisaslaşdırma aparılması, aqrar sahəyə investisiya qoyuluşlarının təşviq edilməsi, informasiya-məsləhət xidməti şəbəkəsinin formalaşdırılması, aqrar sığortanın təbiqi ilə bağlı hüquqi və institusional tədbirlərin görülməsi, ixracın çeşidinin artırılması və bazarların diversifikasiyası və s. addımlar nəzərdə tutulur.

3. Prezident İlham Əliyevin qarşıya qoyduğu əsas hədəflərdən biri ölkə vətəndaşlarının tibbi xidmətlərə əlçatanlığın təmin edilməsidir. İcbari tibbi sığortanın tətbiqi bu əlçatanlığı təmin etmək, tibbi xidmətlərin keyfiyyətini və əhatəsini genişləndirmək məqsədi güdür. Azərbaycan əhalisinin bütün təbəqələri – həm muzdlu işçilər, həm işləməyənlər, həm də sahibkarlar qanunda tələb olunmuş şərtlər daxilində bütün ölkə üzrə əsas tibbi xidmətlərdən yararlana biləcəklər.

2019-cu il: İslahatlar davam edəcək

Prezident İlham Əliyev çıxışında islahatların davam edəcəyini və atılacaq konkret addımları açıqladı.

– Minimum əmək haqları, minimum əmək pensiyaları və sosial müavinətlər artıracaq; Bu il 100-ə yaxın məktəb tikiləcək və ya əsaslı təmir ediləcək, 10-a yaxın yeni mərkəzi rayon xəstəxanası fəaliyyətə başlayacaq. Beləliklə, Azərbaycanda bütün rayon və şəhərlərində müasir standartlara cavab verən tibb mərkəzi olacaq. 6 milyon insan dövlət hesabına tibbi müayinədən keçəcəkdir; Bu il 300 ən müasir avtobusun Bakıya gətirilməsi nəzərdə tutulur. Şəhərə yeni metro vaqonları gətiriləcək, yüzlərlə yeni lift quraşdırılacaq;

– Kəndlərin yeni inkişaf konsepsiyası hazırlanacaq. Kənd təsərrüfatı daim diqqət mərkəzindədir. Güzəştli şərtlərlə gübrələr, yanacaq, subsidiyalar, texnika verilir. Azərbaycan dünya miqyasında fermerlərə dəstək baxımından ən qabaqcıl ölkələrdən biridir. Lakin dövlət bacısı bəyan etdi ki, hazırki 3,6 faiz artım bizim potensialımızı tam əks etdirmir. Görülmüş işləri və islahatları nəzərə alsaq kənd təsərrüfatında artım daha da yüksək ola bilər. Azərbaycanda kənd təsərrüfatı texnoloji sahəyə çevrilməli və burada yeni mexanizmlər, o cümlədən aqrar sığorta mexanizmi tətbiq edilməlidir. Prezident Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə birgə kəndlərdə investisiya layihələrinin icrası ilə bağlı təkliflər hazırlamaq tapşırığını verdi.

– İlin sonuna qədər elektrik enerjisi ilə bağlı modernləşdirmə prosesi davam etdiriləcək. Yenidənqurma, bərpa, modernləşmə işləri nəticəsində mövcud stansiyalarda ən azı 400-500 meqavat əlavə enerji gücü əldə ediləcək. “Şimal-2” stansiyasının tikintisindən sonra enerji ölkənin potensialı daha da artacaq; Qazlaşdırma və içməli su layihələri davam edəcək.

– Bu il məcburi köçkünlər üçün yeni yaşayış binalarının tikintisi nəzərdə tutulur. İlin əvvəlində təqribən 6 min köçkün ailəsi üçün mənzillərin tikintisi nəzərdə tutulurdu, bu mənzillərin, evlərin sayı artırlacaq. Artıq bu istiqamətdə iş başlanıb; Bu il şəhid ailələrinə dövlət tərəfindən ən azı 800 mənzil veriləcək. Bütövlükdə 6500-dən çox şəhid ailəsi dövlət tərəfindən mənzillə təmin olunub. Qarabağ müharibəsi əlillərinə bu il ən azı 600 minik avtomobili veriləcəkdir. Bu günə qədər 6200 avtomobil verilibdir.

– İş yerlərinin yaradılması istiqamətində ciddi addımlar atılacaq. Bu il 40 min ödənişli ictimai iş yeri açılacaq; Özünüməşğulluq proqramı çərçivəsinə hər il 7 minə yaxın insan işə cəlb ediləcək;

– Sahibkarlara il ərzində 170 milyon manat həcmində kredit veriləcək;

Prezident İlham Əliyev bəyan etdi ki, yeniliklər, müsbət təcrübə, dünyada mövcud olan ən mütərəqqi yanaşma Azərbaycanda tətbiq edilməlidir.

Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət, görülən işlər və yeni layihələr 2019-cu ilin Azərbaycan üçün uğurlu il olacağını deməyə əsas verir.

Asif Nərimanlı


Digər xəbərlər

0.24539184570312