“Bu qətnamələr kağız üzərində qalıb” - Əliyev

10:26 03-05-2019 | icon 2523
“Bu qətnamələr kağız üzərində qalıb” - Əliyev

"Bizim ərazi bütövlüyümüz bərpa edilməlidir və münaqişə beynəlxalq hüququn normaları, BMT Nizamnaməsi, Təhlükəsizlik Şurasının müvafiq qətnamələri və Helsinki Yekun Aktına əsasən həll edilməlidir".

Bu sözləri prezident İlham Əliyev V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı zamanı deyib:

"Ötən il biz müstəqilliyimizin 27-ci ildönümünü qeyd etdik. Bu müddət ərzində Azərbaycan müasir infrastruktura və gələcəklə bağlı aydın baxışa malik, inkişaf edən ölkəyə çevrilib. Uzun illər üzləşdiyimiz əsas problemlərdən biri Ermənistanın ölkəmizin ərazisini işğal etməsidir. İyirmi beş ildən artıqdır ki, Ermənistan bizim tarixi torpağımız olan Dağlıq Qarabağı və Azərbaycanın digər 7 rayonunu işğal etməkdə davam edir. Bu, beynəlxalq hüququn kobud pozulmasıdır. Bizim xalqa qarşı etnik təmizlənmə aparılıb, Ermənistanın təcavüzü və işğalı nəticəsində bir milyondan artıq insan evlərindən didərgin salınıb. ATƏT işğal edilmiş ərazilərə 2 dəfə faktaraşdırıcı missiya göndərib və həmin hesabatlar tarixi irsimizin və dini abidələrimizin dağıdıldığını aydın şəkildə göstərir.

BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının işğal edilmiş ərazilərimizdən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib. Bu qətnamələr kağız üzərində qalıb. Bu, onun göstəricisidir ki, bəzən BMT Təhlükəsizlik Şurasının qətnamələri uzun illər ərzində icra edilmir. Onların yerinə yetirilmə mexanizmi ya mövcud deyil, ya da tətbiq edilmir. Bunun nəticəsində isə Azərbaycanın torpaqları işğal altında qalmaqdadır.

İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, ATƏT, Avropa Şurası və digər beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyü ilə bağlı qətnamə və qərarlar qəbul ediblər. Azərbaycanın ərazi bütövlüyü bütün dünya tərəfindən tanınır. Bizim ərazi bütövlüyümüz bərpa edilməlidir və münaqişə beynəlxalq hüququn normaları, BMT Nizamnaməsi, Təhlükəsizlik Şurasının müvafiq qətnamələri və Helsinki Yekun Aktına əsasən həll edilməlidir.

Bu böyük problem və humanitar fəlakətə baxmayaraq, Azərbaycan müasir ölkəyə çevrilə bilib. Bizim fəal xarici siyasətimiz var. İqtisadi siyasətimiz ölkə əhalisinin yaşayış səviyyəsinin yaxşılaşdırılmasına imkan yaradıb. Xarici siyasət sahəsində Azərbaycan etibarlı tərəfdaşdır".  


Digər xəbərlər

0.28374195098877