Bakıda Avropa Gənclər Yay Olimpiya Festivalının seminarı işə başlayıb

15:12 06-05-2019 | icon 5179
Bakıda Avropa Gənclər Yay Olimpiya Festivalının seminarı işə başlayıb

Bakıda keçiriləcək XV Avropa Gənclər Yay Olimpiya Festivalının Əməliyyat Komitəsi qitənin Milli Olimpiya Komitələrinin (MOK) nümayəndə heyətinin rəhbərləri üçün seminar keçirib.

Tədbirdə Gənclər və İdman naziri Azad Rəhimov, MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, Prezident Administrasiyasının gənclər siyasəti və idman məsələləri söbəsinin müdiri Yusuf Məmmədəliyev, təşkilat komitəsinin üzvləri, eyni zamanda, yarışa hazırlıq işləri ilə daha yaxından tanış olmaq üçün Bakıda səfərdə olan Avropa Olimpiya Komitəsi Əlaqələndirmə Komissiyasının rəhbəri, Serbiya Milli Olimpiya Komitəsinin baş katibi Corce Visaçki iştirak ediblər.

Seminara həmçinin Avropa MOK-larının 40 ölkədən olan 70 nümayəndəsi, eləcə də, Avropa Olimpiya Komitəsinin nümayəndələri və AOK-un "Bakı-2019" üçün xüsusi yaradılmış əlaqələndirmə Komissiyası qatılıb.

Tədbirdə Avropa MOK-larının nümayəndə heyətlərinin rəhbərlərinə texniki planlaşdırma və oyunqabağı keçirilən əməliyyatların bütün aspektləri ilə tanışlıq fürsəti verməklə bərabər, onların "Bakı-2019" haqqında ən son məlumatlara sahib olma və komandalarına müvafiq təlimlər verə bilmələri üçün təşkil olunub. Burada onlar geniş mövzuları əhatə edən iclaslarda iştirak edib, o cümlədən, idmançıların yerləşdirilməsi, akkreditasiya, nəqliyyat və digər mühüm əhəmiyyət kəsb edən məsələləri müzakirə ediblər.  

A.Rəhimov Avropa ölkələrinin nümayəndə heyətlərinin rəhbərlərinin Bakıya səfərləri ilə bağlı bunları deyib: "XV Avropa Gənclər Yay Olimpiya Festivalı bütün qitəni birləşdirəcək tarixi bir idman bayramı olacaq. Avropa MOK-larının nümayəndə heyətinin rəhbərlərini Bakıda qarşılamağa şadam. Bu gün bu seminarda idman arenalarının yarışlara hazırlığı, atletlər kəndindəki son durum, təhlükəsizlik, antidopinq və digər, mühüm məsələlər müzakirə edilir. Onların hər biri yarışların yüksək səviyyədə keçirilməsində müstəsna rol oynayır. Ötən zaman ərzində bizim Avropa MOK-larının üzvləri ilə sıx iş birliyimiz olub və tərəfimizdən onlara hər bir dəstək göstərilib".

Avropa Olimpiya Komitələri (EOC) Əlaqələndirmə Komissiyasının rəhbəri Corce Visaçki Azərbaycan paytaxtına səfərdən məmnunluq ifadə edib: "Biz Avropa Gənclər Yay Olimpiya Festivalının ən əhəmiyyətli tərəfdaşları - Avropa MOK nümayəndələri ilə birgə gözəl Bakı şəhərinə bir daha gəldiyimiz üçün böyük məmnuniyyət hissi duyuruq. Mən baş tutan görüşün aramızdakı əlaqələri gücləndirəcəyinə əminəm. EOC bu görüşlərin məhsuldar olacağına inanır".

Daha sonra nümayəndə heyətlərinin rəhbərləri əməliyyat Komitəsi tərəfindən atletlər üçün yaradılmış şəraitlə bağlı müzakirələr aparıblar. Tədbir çərçivəsində Avropa MOK-larının nümayəndə heyətinin rəhbərləri Avropa Gənclər Yay Olimpiya Festivalı zamanı istifadə ediləcək bir sıra müasir idman obyektlərini, eləcə də Atletlər kəndini ziyarət edəcəklər. Bununla yanaşı, XV Avropa Gənclər Yay Olimpiya Festivalının Əməliyyat Komitəsi Avropanın MOK-larının nümayəndə heyətinin rəhbərlərinə idmançılara təqdim olunacaq medallar da nümayiş etdiriləcək.

Qeyd edək ki, Avropa Gənclər Yay Olimpiya Festivalı 21 - 27 iyulda keçiriləcək. Yarışlarda iştirak etmək üçün Azərbaycana 3600-dən çox idman nümayəndə heyəti gələcək. Atletlər idmanın on növü - gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo üzgüçülük, tennis, voleybol və güləş yarışlarında qüvvələrini sınayacaqlar. Festival zamanı 12 idman obyektində 2500-dən çox könüllü fəaliyyət göstərəcək.


Digər xəbərlər

0.29463505744934