Azad Rəhimov: "Əksər idman qurğuları Avropa Gənclər Yay Olimpiya Festivalını qəbul etməyə hazırdır"

20:10 06-05-2019 | icon 6454
Azad Rəhimov:

“Azərbaycandakı əksər idman qurğuları “Bakı 2019”a hazırdır. Yalnız bəzilərinə müəyyən avadanlıqlar alınacaq”.

Bunu Gənclər və İdman naziri Azad Rəhimov“Bakı 2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalı ilə bağlı təşkil edilən mətbuat konfransında deyib.

A.Rəhimovun sözlərinə görə, məhz festivala qatılacaq 14 - 18 yaşlı gənclər gələcək böyük tədbirlərdə Azərbaycanı təmsil edəcəklər: "Digər ölkələrin idmançıları ilə birgə olimpiya kəndində qalmaları, yarışlarda iştirakları onlara böyük təcrübə qazandıracaq. Bu, Avropa Olimpiya Komitələri tərəfindən təşkil olunan tədbirdir. Festival adlanması isə qitənin gənc idmançılarını birləşdirməsi, dostluq yaradılmasıdır".

8000 könüllüdən 2500 nəfərinin seçildiyini deyən nazir 1700 idmançı və 1300 nümayəndə heyəti üzvünün Bakıya gələcəyini, ümumilikdə isə, 5000 qonaq gözlədiklərini açıqlayıb.

Milli Olimpiya Komitəsinin baş katibi Corce Visaçki isə görülən işlərə görə minnətdarlığını bildirib. O artıq 15 ildir bu istiqamətdə çalışdığını söyləyib: “2015-ci il Avropa Oyunlarının uğurla keçməsi cənab nazirin böyük əməyi sayəsində gerçəkləşib. İnanırıq ki, festival da yüksək səviyyədə təşkil olunacaq. Belə tədbirlər Azərbaycanın dünyada tanınması, peşəkarlıq və miras sayəsində ərsəyə gəlib”.

Daha sonra festivaldakı idman növlərindən bəhs edən video-çarx nümayiş etdirilib.

Nazir bilet satışı üçün iTicket şirkəti ilə müqavilə bağladıqlarını söyləyib. Onun sözlərinə görə, açılış və bağlanış mərasimlərinə biletlər 5 - 10 manata, yarışlara isə pulsuz olacaq. Biletlər isə iyunun 10-dan satışa çıxacaq.

A.Rəhimov festivalda daha çox yerli mütəxəssislərin çalışacaqlarını, yalnız Aleksandr adlı əcnəbinin uzun müddətdir onlara kömək etdiyini diqqətə çatdırıb.

Mükafatlar isə ilin sonunda digər idmançılarla birgə festivalda fərqlənənlərə verilə bilər. Bu barədə MOK vitse-prezidenti Çingiz Hüseynzadə açıqlama verib. A.Rəhimov isə festivaldan sonra mükafatın verilməsinin gündəmdə olmadığını əlavə edib.

Qeyd edək ki, Avropa Gənclərinin Yay Olimpiya Festivalı 21 - 27 iyulda keçiriləcək. Yarışlarda iştirak etmək üçün Azərbaycana 3600-dən çox nümayəndə heyəti üzvləri gələcək. Atletlər idmanın 10 növü - gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo üzgüçülük, tennis, voleybol və güləş yarışlarında qüvvələrini sınayacaqlar. Festival zamanı 12 idman obyektində 2500-dən çox könüllü fəaliyyət göstərəcək.


Digər xəbərlər

0.28119301795959