Azərbaycan və Səudiyyə Ərəbistanı arasında cüdo sahəsində əməkdaşlığa dair memorandum imzalanıb

17:35 13-05-2019 | icon 2318
Azərbaycan və Səudiyyə Ərəbistanı arasında cüdo sahəsində əməkdaşlığa dair memorandum imzalanıb

Azərbaycan və Səudiyyə Ərəbistanının cüdo federasiyaları arasında görüş keçirilib. 

Görüşdə qarşılıqlı əməkdaşlıq mövzusunda müzakirələr aparılıb.

Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqovölkədə idmanın, xüsusən də cüdonun inkişafından, eləcə də bu idman növündə Azərbaycanın bir çox beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etməsindən söhbət açıb. O, ötən il Bakıda keçirilmiş dünya çempionatı və artıq bir neçə ildir Azərbaycanın ev sahibliyi etdiyi Böyük Dəbilqə yarışı haqqında ətraflı məlumat verib. Sadıqov Səudiyyə Ərəbistanının Cüdo Federasiyası ilə əməkdaşlığın əhəmiyyətli olacağına inandığını bildirib.

Səudiyyə Ərəbistanı Cüdo Federasiyasının vitse-prezidenti Nabeel Mohammed Al-Hassan Azərbaycanın dünyanın idman ölkələri arasında xüsusi yerinin olduğunu bildirib. Azərbaycan cüdosunun inkişafından və bu ölkənin cüdoçularının dünyanın ən güclülərindən olduğunu vurğulayan qonaq əməkdaşlıqdan böyük məmnunluğunu ifadə edib. O, Azərbaycanın təcrübəsindən uğurla yararlanacaqlarını söyləyib.

Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov çıxış edərək ölkədə idmana göstərilən diqqət və qayğıdan, eləcə də bu sahədə gedən güclü inkişafdan bəhs edib.

Görüşdə tərəflər dostluq münasibətlərinin və qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsini arzu ediblər. Bütün yaş qrupları üzrə milli yığma komandaların birgə təlim-məşq toplanışlarının, turnirlərin və yoldaşlıq görüşlərinin təşkili və keçirilməsi, tərəflərin üzvü olan idman təşkilatlarının, eləcə də idman məktəblərinin əməkdaşlığına şərait yaradılması, məşqçilər və hakimlər üçün birgə seminarların təşkili, müxtəlif təcrübə mübadiləsi layihələrinin hazırlanması və həyata keçirilməsi, müxtəlif yarışlarda təmsil olunmaq üçün zəruriyyət yaranmış çəki dərəcələrində idmançı transferlərinin həyata keçirilməsi məsələlərində razılığa gəliblər.

Sonra Azərbaycan Cüdo Federasiyası ilə Səudiyyə Ərəbistanının Cüdo Federasiyası arasında qarşılıqlı əməkdaşlıq haqqında memorandum imzalanıb.


Digər xəbərlər

0.27647805213928