İcra başçısı hesabat verib

20:10 15-05-2019 | icon 3233
İcra başçısı hesabat verib

Mayın 15-də Nizami Rayon İcra Hakimiyyətində 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib.

Icra başçısı Arif Qasımov 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə dair hesabatla çıxış edərək bildirib ki, cari ilin yanvar-mart aylarında rayonda iqtisadi və sosial sahələrin inkişafı üçün maliyyə mənbələrindən əsas kapitala 108,1 milyon manat məbləğində, yəni əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 89,1 faiz çox vəsait yönəldilib, rayonda fəaliyyət göstərən müəssisələr tərəfindən 131,3 milyon manat dəyərində, yəni ötən ilin müvafiq dövrünə nisbətən 15,1 faiz çox sənaye məhsulu istehsal edilib, istehsal olunmuş məhsuldan 127,3 milyon manat dəyərində məhsul istehlakçılara göndərilib, bütün maliyyə mənbələri hesabına 5,9 milyon manat həcmində əsas fondlar istifadəyə verilib, 3,2 milyon manatlıq tikinti-quraşdırma işləri yerinə yetirilib, pərakəndə ticarət şəbəkələrindən əhaliyə 442,2 milyon manatlıq əmtəə satılıb, rabitə müəssisələri tərəfindən 102,9 milyon manat həcmində, yəni əvvəlki ilin müvafiq dövrünə nisbətən 12,7 faiz çox, nəqliyyat sektorunda isə fəaliyyət göstərən müəssisələr tərəfindən 22,3 milyon manat həcmində xidmət göstərilib, əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi əvvəlki ilin müvafiq dövrünə nisbətən 73,3 faiz artaraq 156,2 milyon manat təşkil edib. Hesabat dövründə rayon üzrə muzdlu işçilərin sayı əvvəlki ilin müvafiq dövrünə nisbətən 6,2 faiz artaraq 45496 nəfər olub, yanvar-fevral aylarında işçilərin orta aylıq nominal əmək haqqı 642,5 manat olub, rayonda 1020 yeni iş yeri açılıb.

A.Qasımov cari ilin birinci rübündə Rayon Məşğulluq Mərkəzində işaxtaran kimi qeydiyyatda olanlardan 770 nəfərinin münasib işlə təmin olunduğunu, bundan əlavə, prezidentin təşəbbüsü ilə işsiz vətəndaşların 745 nəfərinin haqqı ödənilən ictimai işlərə, özünüməşğulluq proqramına əsasən işaxtaran və işsiz vətəndaşlardan fərdi biznes fəaliyyətinə 132 nəfərin cəlb edildiyini nəzərə çatdırıb.

Sonra Rayon Məşğulluq Mərkəzinin direktoru İlqar Şıxəliyev 2019-cu ilin birinci rübündə görülən işlərlə bağlı hesabatla çıxış edib.

Yığıncaqda çıxış edən Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdir müavini Hüseyn Mövsümov Nazirlər Kabinetinin 2019-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısının giriş və yekun nitqində qaldırdığı məsələlər barədə ətraflı məlumat verərək, ölkə rəhbərinin qarşıya qoyduğu konkret vəzifələrdən danışıb. 

Çıxışlardan sonra cənab A.Qasımov rayonda həllini gözləyən bir sıra məsələlərdən danışaraq, müvafiq qurumların rəhbərlərinə tapşırıqlarını verib.

Yığıncağın sonunda Qazaxıstanın Alma-Ata şəhərində keçirilmiş “İNFOMATRİX-ASİA” XVII Beynəlxalq Proqramlaşdırma Layihələri yarışmasında bürünc medala layiq görülən 62 №-li məktəb-liseyin VIII sinif şagirdi Eyvazlı Yusif Elşad oğlu, X sinif şagirdi Dəmirçiyev Nicat Xanlar oğlu və onların elmi rəhbəri Aysel Bayramova Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov tərəfindən təşəkkürnamə ilə təltif edilib və onlara hədiyyələr təqdim olunub.

 


Digər xəbərlər

0.24400210380554