Heydər Əliyevin silahdaşları bir arada - Fotolar

10:23 05-06-2019 | icon 2903
Heydər Əliyevin silahdaşları bir arada - Fotolar

Ulu öndər Heydər Əliyevin Moskvada işlədiyi illərdə onun silahdaşları olmuş, onunla birlikdə çalışmış insanlar Heydər Əliyev Fondunun dəvəti ilə Bakıya gəliblər.

Onlar Moskvada işlədiyi dövrdə (1982-1987) bilavasitə Heydər Əliyevin ətrafında olmuş, xarici və ölkəyə səfərlərində onu müşayiət etmiş, onun sağlamlıq durumunun qayğısına qalmış, təhlükəsizliyinə cavabdeh olmuş insanlardır.

Onlar deyirlər: “Biz Heydər Əlirza oğlunun etibarlı və sədaqətli köməkçiləri, silahdaşları və komandasıyıq!”.

 

O illərdə SSRİ Nazirlər Soveti sədrinin birinci müavininin katibliyi müdirinin müavini vəzifəsində çalışmış Vladimir Uxov, Rusiya Federasiyasının Əməkdar incəsənət xadimi, telerejissor, “Vremya” informasiya proqramının keçmiş baş rejissoru Kaleriya Kislova, Heydər Əliyevin şəxsi həkimi Aleksandr Borodkin, onun şəxsi mühafizə rəisinin müavini Viktor Nemuşkov, sürücü Vladimir Tupitsın qonaqlar arasındadırlar.

Əvvəlcə qonaqlar Fəxri xiyabana gedərək Heydər Əliyevin məzarını ziyarət ediblər və onun məzarı önünə əklil qoyublar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.

Qonaqlar Ulu Öndərin həyat və fəaliyyətinin Moskva dövrü ilə bağlı xatirələrini bölüşüblər.

Ümummilli liderin şəxsi həkimi (1987-1991) Aleksandr Borodkin Heydər Əliyevin həmişə yaxşı fiziki formada olduğunu, yorulmadan işləmək bacarığı ilə fərqləndiyini vurğulayaraq deyib: “Lakin 1987-ci ildə o, iri ocaqlı infarkt keçirdi və təcili surətdə xəstəxanaya yatırıldı. Heydər Əliyev çox güclü, iradəli şəxsiyyət idi. O, işinə qayıtmaq üçün tezliklə ayağa qalxmaq istəyirdi. Onunla hər mövzuda danışmaq olardı. Çox gözəl yumor hissinə malik idi. Onunla ünsiyyət həmişə xoş təəssüratlarla yadda qalardı”.

Ulu Öndərin sürücüsü Vladimir Tupitsın vurğulayıb ki, Heydər Əliyev xalqla, sadə insanlarla həmişə səmimi söhbət edər, onların problemləri ilə dərindən maraqlanardı. O deyib: “Heydər Əlirza oğlunu tam əminliklə mərhəmətli insan adlandırmaq olar”.

SSRİ Nazirlər Soveti sədrinin birinci müavininin katibliyi müdirinin müavini olmuş Vladimir Uxov isə fikirlərini belə ifadə edib: “Heydər Əliyev əqidəli lider idi. Bu gün Heydər Əliyev Fondu Ulu Öndərin ideyalarını sözdə və kağızda deyil, real işlərlə - təkcə Azərbaycanda deyil, onun hüdudlarından çox-çox uzaqlarda irimiqyaslı layihələrə imza atmaqla, yeni məktəb binaları, uşaq bağçaları, xəstəxanalar inşa etdirməklə həyata keçirir. Heydər Əliyev Fondunun fəaliyyəti sərhəd tanımır”.

Sonra Heydər Əliyevin çox xarizmatik şəxsiyyət olduğunu, insanların dərhal onun cazibə qüvvəsinin təsiri altına düşdüyünü vurğulayan V.Uxov deyib: “O, hara gedirsə-getsin, dərhal hamının diqqətini özünə cəlb edirdi. Onda böyük liderlik istedadı vardı”. V.Uxovun sözlərinə görə, karyerası dövründə hər gün katibliyə daxil olan bütün məktubları tək-tək oxuyan ikinci dövlət xadimi tanımır. Heydər Əliyev imkan daxilində hamıya kömək edirdi.

V.Uxov onu da bildirib ki, Heydər Əliyevin silahdaşları onun mühafizə rəisi Aleksandr İvanovun məzarını ziyarət edərək, onu rus əsilli azərbaycanlı adlandırıblar.

Rusiya Federasiyasının Əməkdar İncəsənət xadimi Kaleriya Kislova, Heydər Əliyevin şəxsi mühafizə rəisinin müavini Viktor Nemuşkov da öz xatirələrini bölüşərək Ulu Öndərin inanılmaz xarizmasından, insanlarla dil tapmaq bacarığından, gözəl insani keyfiyyətlərindən söz açıblar. Onlar fikirlərini belə tamamlayıblar: “Heydər Əliyev dahi şəxsiyyət idi”.

 





 

Digər xəbərlər

0.26791501045227