Lənkəranda Şeyxin 70 illik yubileyi keçirilib - Fotolar

11:42 09-06-2019 | icon 2858
Lənkəranda Şeyxin 70 illik yubileyi keçirilib - Fotolar

Lənkəran şəhərində Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Hacı Allahşükür Paşazadənin 70, onun şeyxülislamlıq fəaliyyətinin 40 illik yubileyi münasibəti ilə “Şeyxülislam Allahşükür Paşazadə-70: Mənəviyyata həsr edilmiş ömür” mövzusunda konfrans keçirilib.

Konfransı giriş sözü ilə açan Lənkəran ŞİH başçısı Taleh Qaraşov Şeyxülislam Allahşükür Paşazadənin həyat və fəaliyyəti barədə geniş məlumat verib. Natiq Hacı Allahşükür Paşazadənin Lənkəran torpağında doğulub boya-başa çatdığını və Ulu Öndərin yaxından qayğısı ilə şeyxülislam səviyyəsinə yüksəldiyini, din sahəsində vəhdətin, tolerant münasibətlərin və dinlərarası dialoqun təmin olunması üçün yüksək sədaqət hissi ilə çalışdığını, milli mənəvi dəyərlərin qorunmasında əvəzsiz xidmətlər göstərdiyini diqqətə çatdırıb. 

İcra başçısı Allahşükür Paşazadənin ən ağır vaxtlarda belə əsil vətənpərvər kimi həmişə xalqının yanında olduğunu bildirərək onun ibrətamiz, nümunəvi vətəndaşlıq mövqeyini xüsusi qeyd edərək onun 70 illik yubileyinin və şeyxülislamlıq fəaliyyətinin 40 illiyinin yüksək səviyyədə qeyd olunması barədə prezident sərəncamının lənkəranlılar tərəfindən minnətdarlıqla qarşılandığını vurğulayıb.

Konfransın digər iştirakçıları da Allahşükür Paşazadənin şeyxülislam kimi Azərbaycanın ictimai-siyasi həyatında yaxından iştirakı, dünyada və Qafqazda milli və dini münasibətlərin yaxşılaşması, xalqlar arasında tolerantlığın, multikultural dəyərlərin təbliği sahəsindəki səmərəli fəaliyyətindən söz açıblar.

Konfransda çıxış edən Hacı Allahşükür Paşazadə onun fəaliyyətinə verilən yüksək qiymətə görə ölkə Prezidenti cənab İlham Əliyevə və konfrans iştiraklçılarına minnətdarlığını bildirib.

Sonda konfrans iştirakçıları və Lənkəran ictimaiyyəti nümayəndələri adından Prezident İlham Əliyevə müraciət qəbul olunub.

 

 



Digər xəbərlər

0.28693509101868