Akademik Musiqili Teatrda Faiq Zöhrabovun 80 illik yubileyi qeyd olunacaq

18:05 03-07-2019 | icon 2659
Akademik Musiqili Teatrda Faiq Zöhrabovun 80 illik yubileyi qeyd olunacaq

İyulun 5-də saat 19:00-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında görkəmli incəsənət
xadimi, pedaqoq, rejissor Faiq Zöhrabovun xatirəsi anılacaq. Həmin gün ''Talelər qovuşanda" (Rauf
Hacıyev) operettası 132-ci dəfə oynanılacaq, sənət dostları unudulmaz rejissora ehtiram və sevgilərini
bir daha nümayiş etdirəcəklər.
Tamaşadan öncə tanınmış jurnalist, Əməkdar mədəniyyət işçisi Telli Pənahqızı istedadlı
sənətkarın çoxşaxəli yaradıcılıq yolu  barədə danışacaq.
1960-cı ilin iyun ayında ilk dəfə Musiqili Teatrda səhnəyə qoyulan və indiyə qədər bir çox
korifey aktyorlarımızın rol aldığı bu gözəl tamaşa 2003-cü ilin yanvar ayından indiyə qədər Faiq
Zöhrabovun yeni quruluşunda Akademik Musiqili Teatrın səhnəsini bəzəyir, 59 il ərzində Rusiya,
Bolqarıstan, Polşa, ümumiyyətlə, dünyanın müxtəlif yerlərində 70-dən çox teatr səhnəsində nümayiş
olunub.
Uzun illər boyu teatrın səhnəsindən maraqla izlənilən bu tamaşada F.Zöhrabovun qızı,  bir çox
beynəlxalq müsabiqələrdə geniş vokal imkanlarını sərgiləyən Respublikanın Əməkdar artisti Nərgiz
Kərimova ilə yanaşı, digər Əməkdar artistlər – Novruz Qartal, Nahidə Orucova, aktyorlar - Möylə
Mirzəliyev, Məhərrəm Qurbanov, Elxan İsmayılov, Gülnarə Abdullayeva, Güldanə Əzimova, Ülviyyə
Əliyeva, Emil Heydərov, Əliməmməd Novruzov, Hüseyn Əlili, Elməddin Dadaşov, Fərid Rzayev və
başqaları da oynayacaqlar. Tamaşanın quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Nazim
Hacıəlibəyov, quruluşçu rəssamı Əməkdar rəssam İsmayıl Məmmədov, quruluşçu baletmeysterləri
Əməkdar artistlər – Zakir və Yelena Ağayevlər, dirijoru Səməd Süleymanlı, xormeysteri, Əməkdar
artist Vaqif Məstanov, konsertmeysteri Nərminə Əbdürrəhmanova, rejissor assistent Elməddin
Dadaşovdur.
Qeyd edək edək ki, Azərbaycan incəsənətində, teatrında müstəsna rolu olan Faiq Ramazan oğlu
Zöhrabov 1939-cu ildə Bakıda dünyaya göz açıb. 1957-1960-cı illərdə Azərbaycan Dövlət Musiqili
Komediya Teatrında rəqqas kimi fəaliyyət göstərib. O, 1963-1968-ci illərdə Azərbaycan Dövlət
İncəsənət İnstitutunun “Rejissorluq” fakültəsini bitirdikdən sonra, 1968-1985-ci illərdə həmin təhsil
ocağında “Aktyor sənəti” kafedrasında dərs deyib. 1985-88-ci illərdə o, Dağıstan Dövlət Ləzgi
Musiqili Dram Teatrına dəvət edilib və orada 4 il baş rejissor vəzifəsində çalışıb, müxtəlif tamaşalara
quruluş verib. 1988-ci ildən F.Zöhrabov Tədris Teatrının direktoru və İncəsənət Universitetinin
“Musiqili teatr” kafedrasının dosenti olub.
Bir çox rejissor və aktyorun sənətə vəsiqə almasında əvəzsiz xidmətləri ilə bu gün də
unudulmayıb.
1999-cu ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrında quruluşçu rejissor kimi
karyerasını davam etdirməsi isə onun həyatında yeni uğurlu bir səhifə açıb. “Dəli dünya”, “Bankir
adaxlı”, “Məhəbbət oyunu”, “Talelər qovuşanda”, “Aldın payını, çağır dayını” onun gərgin və
yorulmaz zəhmətinin bəhrəsidir.
Qeyd edək ki, Akademik Musiqili Teatrın aktrisası, Əməkdar artist Nərgiz Kərimova atasının
dəvəti ilə 2003-ci ildən bu tamaşada iştirak edir və bütün varlığı ilə ona qalan əmanəti əzizləyib
qoruyur.


Digər xəbərlər

0.27006602287292