Akademik Musiqili Teatr mövsümə “O olmasın, bu olsun”la yekun vuracaq

10:43 10-07-2019 | icon 52
Akademik Musiqili Teatr mövsümə “O olmasın, bu olsun”la yekun vuracaq
loading...

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı iyulun 14-də 109-cu mövsümünü başa vuracaq. 

Teatrdan verilən məlumata görə, həmin gün gülüş ustası, Xalq artisti Afaq Bəşirqızının iştirakı ilə dahi Üzeyir Hacıbəylinin ölməz əsəri – “O olmasın, bu olsun” iki hissəli musiqili komediyası nümayiş olunacaq.

Əsrlərin sınağından çıxmış bu səhnə əsəri uzun illər müxtəlif rejissorların təqdimatında nəinki ölkəmizin, həmçinin dünyanın bir çox teatrlarında göstərilib və böyük rəğbətlə qarşılanıb.

Qeyd edək ki, sonuncu quruluşun premyerasından – 1998-ci ilin dekabr ayından indiyə qədər teatrın repertuarında uğurla nümayiş olunan tamaşanın rejissoru Xalq artisti, "Şöhrət" ordenli Cənnət Səlimovadır. Mədəniyyət Nazirliyinin "Zirvə" Mükafatına layiq görülmüş bu tamaşada Xalq artisti Afaq Bəşirqızı ilə yanaşı, Əməkdar artistlər – Şövqi Hüseynov, Novruz Qartal, Ələkbər Əliyev, Əzizağa Əzizov, Əkbər Əlizadə, Nadir Xasıyev, aktyorlar – Məhərrəm Qurbanov, Ağaxan Şərifov, Səməd Xasıyev, Telnaz Hüseynova, Elməddin Dadaşov, Fərid Rzayev, Aydan Həsənova, Təranə Əliyeva, Rüstəm Rüstəmov, Əli Kərimov, Murad Əliyev və başqaları çıxış edəcəklər.

6 manatdan başlayan biletləri şəhərin bütün teatr-konsert kassalarından və “ASAN Xidmət” mərkəzlərindən, eləcə də “iticket.az” saytından əldə etmək olar. Akademik Musiqili Teatr sentyabr ayında – 110-cu mövsümündə biri-birindən gözəl tamaşalarla yenidən sevimli tamaşaçılarının görüşünə gələcək. 


Digər xəbərlər

0.27409887313843