“Futbolun nə demək olduğunu bilirik” - Qurban Qurbanov

18:47 30-07-2019 | icon 2803
“Futbolun nə demək olduğunu bilirik” - Qurban Qurbanov

Ölkəmizi Çempionlar Liqasında təmsil edən “Qarabağ” sabah ikinci təsnifat mərhələsinin cavab matçında “Dandolk”u qəbul edəcək.

Oyundan bir gün öncə keçirilən mətbuat konfransına qatılan Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov sabahkı qarşılaşma barədə danışıb.

Təcrübəli mütəxəssis oyuna ciddi hazırlaşdıqlarını bildirib: 

 

“Cavab görüşü həmişə bizi daha diqqətli olmağa məcbur edir. Xüsusən də, belə rəqiblərə qarşı. Hər iki komanda düşündüyüm qədər istəklidi. Nə qədər çətin olsa da, hamını sabah maraqlı oyun gözləyəcək. Çalışacağıq baxımlı oyun göstərək və uğurlu nəticə qazanaq”.

Qurban Qurbanov komandanın zədəli futbolçuları barədə də söz açıb:

"Son durumları heç də yaxşı deyil. Bədavi Hüseynov hətta fərdi məşqlərə də başlamayıb. Başlamışdı, ancaq sonra yenidən müayinəyə ehtiyac oldu. Həkimlər riskə getmək istəmədilər. Dünən qərar verdik ki, daha 4-5 gün müayinə olunsun. Digərləri 100 faiz hazır olmasalar da, komanda ilə məşqlərdə iştirak edirlər. Onlarda hər şey yaxşılığa doğru gedir".

Qurbanov "Qarabağ"ın yeni transferləri Faysal və Qeyenin meydana çıxıb-çıxmayacağı ilə bağlı suala da aydınlıq gətirib:

"Optimal formalarından hələ uzaqdılar. Ən azı birinin “18-lik”də olmaq şansı var. Start heyətində olmayacaqlar".

Təcrübəli çalışdırıcı İrlandiya millisinin baş məşqçisinin “Qarabağ”ın əsəbi oynayacağı ilə bağlı səsləndirdiyi fikrə də münasibət bildirib:

"İnşallah, əsəbiləşmərik. Futbolun nə demək olduğunu bilirik. Bir az aqressiv olmaq lazımdı. Futbolçularda arzu, istək görmək istəyirik. Belə oyunlarda təmkinli olmalıyıq. Futbolçularda idman prinsiplərinə görə əsəbiləşmək xarakteri var".


Digər xəbərlər

0.27826189994812