“Topaz” - vətəndaşlarımızın müflisləşməsinin baş qarantı!

16:35 10-08-2019 | icon 2502
“Topaz” - vətəndaşlarımızın müflisləşməsinin baş qarantı!

Bir neçə gün öncə Azərbaycan Premyer Liqasının püşkü atıldı. Elə həmin tədbirdə də məlum oldu ki, “Topaz” çempionatın baş sponsoru olmaqdan imtina edib. Niyə? Səbəb deyən yoxdu, sadəcə, imtina edib...

 

Başqa sözlə, futbolun inkişafına verdiyi təkandan imtina edib. Əlbəttə, idman sahəsi bir tək futboldan ibarət deyil. Ancaq heç kəsə sirr deyil ki, ölkəmizdə ən geniş yayılan, ən çox izlənilən, ən çox sevilən idman növü futboldu. Amma Topaz əlini futboldan çəkdi. Heç ilk abzasda səsləndirdiyimiz “niyə” sualının cavabını da axtarmayacağıq. Biz oxucularımıza “Topaz”ın maliyyəsi, daha dəqiq desək insanların cibinə amansızcasına girməsindən bəhs edəcəyik.

 

Başlayaq proqnoz vermək istəyən insanlara təkliflər paketindən. Şirkət bəh-bəhlə “bu gün 100 (şərti rəqəmdir - red.) təkli oyun təklif edirik” elanını verir. “Təkli oyun” dedikdə “Topaz” guya istifadəçilərin uduş şansını artırmış olur.

 

Başlayaq konkret misaldan. İstənilən futbol matçında 3 nəticə qeydə alına bilər: meydan sahibinin qələbəsi, heç-heçə, ya da məğlubiyyət. Bu da hər bir nəticənin həyata keçmə ehtimalının 33 faiz olması deməkdi. Bir qədər də sadələşdirək: 3 oyunçunun hər birinin bir nəticəyə yatırım etdiyi halda, ikisi uduzacaq. Bu, “Topaz”ın ən çox reklam etdiyi “təkli” oyunlardır ha! Dünyada belə bir hal yoxdu ki, sən hansısa tək oyuna “stavka” qəbul etmirsən. “Topaz” isə oyunçulara təxmini belə bir mesaj göndərir: “bu cütlüyün qalibini tapmaq asandır, tək bu oyuna pul qəbul etmirik. Canınız çıxsın, yanına 2-3 oyun da əlavə edin”. Bir daha təkrar edirik ki, dünyada mövcud olan mərc oyunları praktikasında belə şərt yoxdu. Sənə heç kim ixtiyar verməyib ki, onsuz da minimal olan insanların uduş şansını 3, 6, 9 dəfə kiçildəsən! De-fakto, şirkət ciddi qanun pozuntusuna gedir və sabah “Topaz”da uduzan insanlar bu şirkəti məhkəməyə versələr, ciddi kompensasiya ala bilərlər. Çünki tək oyuna yatırım etdikdə, uduş şansınız 33 faizdirsə, iki oyun yazdıqda bu ehtimal 11 faizə enəcək, 3 oyun 3,5 faizə. Daimi oyunçuların belə bir ifadəsi var: “8 oyunun birində çıxdım e”. Ancaq heç vaxt düşünmürlər ki, sizə əvvəlcədən deyilsəydi ki, proqnoz verdiyiniz 8 oyundan biri səhvdi və həmin matçın proqnozunu siyahıdan çıxarın, “yanan” matçı tapmaq ehtimalınız 12,5 faizdi. Başqa sözlə, “Topaz”ın əsas fırıldağı da məhz bütün təkli oyunlara icazə verməməkdədi.

 

İndi isə keçək daha ciddi mövzuya. “Alt” və “üst” deyilən anlayışların standart açması oyun ərzində ümumilikdə neçə qolun vurulacağına dair proqnozdu. Yəni, bir oyunda 3 qoldan az vurulacağı halda, bu, “alt”, 3 və daha çox qol vurulacağı təqdirdə “üst” hesab edilir. “Topaz” hər iki tərəfə 1.65 əmsalı verir. Yəni, “alt” da gəlsə, az top vurulacağını ehtimal edənlər riskə atdıqları vəsaiti 65 faiz artıracaqlar, “üst” də gəlsə, çox top vurulacağına inananlar 65 faiz artıq gəlir götürəcəklər. Ən sadə misalla insanların müflisləşməsinə səbəb olan bu əmsalların faciəvi olmasını sübuta yetirək.

 

Əhməd A və B komandaları arasında keçirilən matçın “üst” gələcəyinə 100 manat yatırım edir. Məmməd isə eyni komandaların oyununda “alt” gələcəyinə 100 manat yatırım edir. Oyun A komandasının 3:1 hesablı qələbəsi ilə başa çatır. Əhməd 100 manatını 165 manat edir, Məmməd isə 100 manat ziyan edir.

 

Ertəsi gün Əhməd C və D komandalarının oyununun “üst” gələcəyinə 100 manat yatırım edir, Məmməd isə eyni oyunun “alt” gələcəyinə. Oyun 1:1 başa çatır və Məmmədin 100 manatı dönüb olur 165 manat. Əhməd isə 100 manat uduzur.

 

Bundan bir gün sonra keçirilən E və F komandaları arasındakı görüşün “üst” gələcəyini proqnozlaşdıran Əhməd 100 manat yatırım edir. Məmməd isə eyni komandalar arasındakı matçın “alt” gələcəyinə 100 manat atır. Oyun 2:1 qonaqların xeyrinə qurtarır və Əhməd 100 manatlıq yatırımını 165 manata yüksəldir. Məmməd isə bu dəfə 100 manat uduzur.

 

Növbəti gün Əhməd G və H komandaları arasındakı matçın “üst” gələcəyinə 100 manat atır, Məmməd isə “alt” gələcəyinə. Qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə nəticələnir və bu dəfə Məmmədin yatırdığı 100 manat 165 manata çevrilir. Əhməd isə bu dəfə uduzur.

 

Daha bir gün və eyni ssenari təkrarlanır. Bu dəfə Əhmədov proqnozu düz çıxır və 100 manat 165 olur, Məmməd isə 100 manatını uduzur.

 

Ertəsi gün isə Məmmədin “alt” proqnozu doğru çıxır, Əhməd isə 100 manat uduzur.

 

İndi isə hesablayaq. Cəmi 6 gün davam edən proqnozlardan sonra Əhməd də, Məmməd də hərəyə 3 dəfə 65 manat udub və 3 dəfə 100 manatdan uduzublar. Başqa sözlə, hər biri yekunda (300-195) 105 manat uduzub. Kim udub? Əlbəttə ki, “Topaz”! Nə az, nə çox, hərəsindən 105 manat udmaqla, 210 manat təmiz gəlir. Niyə təmiz gəlir? Çünki oyunçular hər udduqları kupondakı gəlirin 10 faizini də vergiyə ödəyirlər.

 

Ancaq vergini bir kənara qoyub, “Topaz”ın fəaliyyətini araşdıraq. Deyə bilərsiniz ki, istənilən bukmeker kontoru məhz gəlir əldə etmək üçün yaradılır və tamamilə haqlı olacaqsınız. Ancaq istənilən bukmeker kontoru bəlli bir faizə işləyir. Dünyanın heç bir yerində oyunçunun riskə atdığı pulu 6 yatırıma əlindən almırlar. Yuxarıdakı misalda isə şərti qəhrəmanlarımızın cəmi 6 “stavka” etməklə müflis olacaqlarını isbatladıq. Çünki oyunun “alt” və “üst” gəlmə ehtimalı 50 faizdi. Deməli, ehtimal nəzəriyyəsi ilə hər oyunçu bir dəfə düzgün proqnoz verdikdə, bir dəfə yanılacaq. Başqa sözlə, “Topaz” bu şirkətdə yatırım edən vətəndaşlarımızın müflisləşməsinin baş qarantıdır!

 

Bəs, dünyanın aparıcı bukmeker kontorları təhlil etdiyimiz “alt” və “üst”ə hansı əmsalları verir? 1,95!!! Fərq astronomikdi və belədə, qazanmaq şansınız nəzərəçarpacaq dərəcədə artır. Çünki 10 yatırımdan 5 yox, 6-da düzgün proqnoz versəniz, müsbət saldoya sahib çıxacaqsınız. Elə həmin 100 manatlıq yatırımlarla 6 dəfə düzgün verəcəyiniz proqnoz sizə 570 manat gətirəcəyi halda, 4 dəfə səhvə yol verməyiniz 400 manat itki demək olacaq. Bu da təmiz 170 manat qazanc deməkdi. “Topaz”da isə həmin 1,65-lik əmsalla 6 dəfə düzgün proqnoz verəcəyiniz halda, 390 manat gəlir əldə edib 4 səhvə görə 400 manat uduzacaqsınız və yekun saldonuz mənfi olacaq. Hələ biz bura  “tək bu oyunu götürmürük” maddəsini əlavə etmirik...

 

Biz “Topaz”da oynamamaq üçün sadəcə, iki səbəb göstərdik. Hərçənd, bu siyahını xeyli uzatmaq da olardı. “Topaz” isə bu qədər fırıldağa rəğmən, sıravi vətəndaşların cibindən çıxardığı vəsaitin kiçicik bir hissəsini də futbola yatırmaqdan boyun qaçırdı.

 

Biz vətəndaşlarımızı ölkə xaricində oynamağa çağırmırıq, ümumiyyətlə, totalizatordan uzaq dayanmağa səsləyirik! Ələlxüsus da “Topaz”dan.

Ceyhun Əliyev


Digər xəbərlər

0.26609802246094