"Qarabağ" bu gün Avropa Liqasının qrup mərhələsinə vəsiqəni təmin edə bilər

11:05 13-08-2019 | icon 45
loading...

“Qarabağ” bu gün UEFA Çempionlar Liqasında (ÇL) növbəti oyununu keçirəcək.

Ağdam təmsilçisi III təsnifat mərhələsinin cavab matçı çərçivəsində Kiprin APOEL komandasını qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq görüş saat 20:30-da start götürəcək.

Ötən həftə Nikosiyadakı GSP stadionunda reallaşan ilk qarşılaşmada “Qarabağ” 2:1 hesabı ilə qalib gəlib. “Köhlən atlar” ikinci hissədə Mahir Emreli və Maqaye Qeyenin qolları ilə önə keçdiyi halda, rəqibin heyətində Giorgos Merkis 90+5-ci dəqiqədə fərqi minimuma endirməyi bacarıb.

Bu məğlubiyyətdən sonra APOEL baş məşqçisi Paolo Trametsani ilə yollarını ayırıb. Onu bu postda Tomas Doll əvəzləyib. Almaniyalı mütəxəssislə 2 illik müqavilə bağlanılıb.

“Qarabağ” APOEL səddini keçəcəyi halda, Avropa Liqasının qrup mərhələsinə vəsiqəni təmin edəcək və ÇL-in pley-offunda “Ayaks” (Hollandiya) – PAOK (Yunanıstan) cütünün qalibi ilə qarşılaşacaq. Bu kollektivlərin Yunanıstanda keçirilən ilk oyununda 2:2 hesablı heç-heçə qeydə alınıb.

Ağdamlılar APOEL-i mübarizədən kənarlaşdıra bilməsələr, Avropa Liqasının pley-offunda “Linfild” (Şimali İrlandiya) – “Sutyeska” (Monteneqro) cütünün qalibi ilə üz-üzə gələcək. Bu komandaların ilk duelində “Linfild” səfərdə qələbə qazanıb – 2:1.

 

Çempionlar Liqası

III təsnifat mərhələsi, cavab oyunu

 

20:30. “Qarabağ” (Azərbaycan) – APOEL (Kipr)

Baş hakim: Daniel Sibert

Yan xətt hakimləri: Yan Seydel və Lasse Kozlovski

Dördüncü hakim: Martin Petersen (hakimlər briqadası Almaniyadandır)

Hakim-inspektor: Yorn Vest Larsen (Danimarka)

UEFA nümayəndəsi: Velid İmamoviç (Bosniya və Herseqovina)

Bakı, Tofiq Bəhramov adına Respublika stadionu


Digər xəbərlər

0.45933198928833