Siyanfər Əliyev: "Bu,  Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda  yaradılan şəffaf, demokratik seçki mühitinin nəticəsidir"

11:44 02-09-2019 | icon 3145
Siyanfər Əliyev:

Xəbər verdiyimiz kimi Azərbaycanda 2019-cu ildə keçiriləcək bələdiyyə seçkilərinin tarixi açıqlanıb. Seçkilər dekabrın 27-də keçiriləcək.

Bununla bağlı Abşeron rayon, Masazır bələdiyyəsinin sədri Siyanfər Əliyevlə görüşüb bələdiyyələrin seçicilərlə münasibətlərin necə qurulmasından, bu istiqamətdə görülən işlərdən danışdıq.

Siyanfər Əliyev qeyd etdi ki, Bələdiyyələr seçkili orqan olaraq, ildə iki dəfə seçicilər qarşısında hesabat verir, sakinləri görülən işlər barədə məlumatlandırır, gələcək fəaliyyət planlarını açıqlayırlar.

"Əvvəlcə onu deyim ki, ölkəmizdə bələdiyyə institutunun yaranması, formalaşması və hüquqi bazası məhz ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin fəaliyyəti dövründə, 1995-ci il noyabrın 12-də qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyasında ilk dəfə olaraq bələdiyyələrin hüquqi statusu qanun çərçivəsində müəyyənləşdirildi. Dövlətçilik tarixinə mühüm hadisə kimi yazılan bu əlamətdar gündən sonra, 1999-cu ilin dekabrında ilk bələdiyyə seçkilərinin keçirilməsi ilə hakimiyyətin əks mərkəzləşməsi prosesinə start verildi. Beləliklə, ümummilli liderimizin səyi ilə dövlət quruculuğu sahəsində aparılan islahatlar nəticəsində ölkəmizdə bələdiyyə institutu yaradıldı.

Dekabrda keçiriləcək sayca 5-ci bələdiyyə seçkilərinə gəlincə, düşünürəm ki, respublikamızın hər yerində olduğu kimi, Abşeron rayonunda da seçkilər hər dəfə olduğu kimi yüksək seçici fəallığı ilə keçiriləcək. Bu isə ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda  yaradılan şəffaf, demokratik seçki mühitinin nəticəsidir.

Prezidentimizin təşəbbüsü əsasında bələdiyyələrin inkişafı, sosial-iqtisadi bazasının möhkəmləndirilməsi ilə əlaqədar qanunlar qəbul olunur, bələdiyyələrin qanunvericilik bazası möhkəmləndirilir və bu, əlbəttə, vətəndaşların bələdiyyələrə inamını daha da artırır. Bütün bunlar, təbii ki,  bələdiyyə seçkiləri zamanı öz müsbət təsirini göstərəcək. Xatırladım ki,  sonuncu-4-cü seçkilərdə ölkə üzrə səsvermədə iştirak edən seçicilərin ümumi sayı 38,92 faizi təşkil etdi. Beləliklə, son seçkilərin nəticəsi olaraq yaranan bələdiyyə ordusu bu sahədə öz sözünün demiş təcrübəli şəxslərdən, daim yeniliklərə can atan gənclərdən və özü ilə mehribanlıq, humanistlik gətirən qadınlardan ibarət formalaşdı. Əlbəttə, heç kəsə sirr deyil ki, cəmiyyətin inkişafında, bələdiyyələrin fəaliyyətində bu üç qüvvə hər zaman aparıcı rol oynayır.

Masazır bələdiyyəsi də qarşıda duran vəzifələri layiqincə yerinə yetirib, abadlaşdırma və quruculuq işlərində fəal iştirak edib. Yerli əhali ilə qarşılıqlı münasibətlərimiz xeyli yaxşılaşıb, ictimai əlaqələri güclənib. Dövlət tərəfindən bələdiyyələrə göstərilən diqqət və hərtərəfli dəstək işimizi daha da sürətləndirib, yerli sosial-iqtisadi məsələlərin həlli imkanlarını artırıb. Ancaq bununla kifayətlənmək olmaz. Çünki ölkəmiz inkişaf edir, dövlət və qeyri-dövlət qurumlarının fəaliyyətində yeni texnologiyalar tətbiq olunur. İdarəetmə ən müasir tələblər səviyyəsində qurulur, əhali arasında müasir ödəniş mədəniyyəti formalaşır.

Hazırda şəffaflığı təmin etməyin əsas vasitələrindən biri kimi bütün əməliyyatların nağdsız yolla həyata keçirilməsi öz mühüm nəticələrini göstərməkdədir. Ona görə də bələdiyyələrin bu prosesdən kənarda qalması mümkün deyil. “Yerli vergilər və ödənişlər haqqında” Qanuna edilən dəyişiklikdən sonra yerli vergi və ödənişlər banklar, poçt rabitəsinin milli operatoru, habelə mövcud nağdsız ödəmə vasitələri ilə reallaşdırılır. Xatırladım ki,  son dəyişikliklərlə əlaqədar əmlak və torpaq vergiləri yeni qaydada hesablanır. Artıq fiziki şəxslərin əmlak və torpaq vergiləri ilə bağlı edilən dəyişikliklər bələdiyyələrin vergi yığımında üzləşdikləri problemləri aradan qaldırmaqdadır.

Son dövrə qədər vergi əmlakın inventar dəyəri əsasında tutulurdu. Bələdiyyə müraciət edəndə əmlak sahibi konkret qiymət göstərilməsini diqqətə çatdırırdı və beləliklə, burada anlaşılmazlıq yaranırdı. Bəzi hallarda isə inventar dəyəri olmayan evlər bələdiyyələrin özləri tərəfindən təxmini qiymətləndirilir və onlara təxmini vergi məbləği tətbiq olunurdu  ki, bu da Vergi Məcəlləsi ilə birbaşa ziddiyyət təşkil edirdi. Ancaq Vergi Məcəlləsində aparılan  dəyişiklikdən sonra bu problem də öz həllini tapdı.

Bələdiyyələr üçün artıq bu sahədən real vergi yığımına əsil baza yaranıb. Bələdiyyələr tərəfindən verginin hesablanması və toplanmasında mövcud çətinliklərin aradan qaldırılması üçün Bələdiyyə Vergi İnformasiya Sisteminin (BVİS) yaradılması isə artıq zərurətə çevrilib. Bizim bələdiyyəmizdə də BVİS pilot layihəsinin tətbiqinə başlanılıb. Bu layihə çətinliklərin aradan qaldırılmasına, bələdiyyə büdcəsinin formalaşmasına əlverişli şərait yaradıb.

Bələdiyyəmizdə yığımın ötən ilin eyni dövrü ilə müqayisədə iki dəfəyədək artması, düşünürəm ki, həmin layihənin müsbət nəticəsidir. Bu, bizə imkan verəcək ki, büdcəmizin gəlirləri hesabına əhalinin problemlərinin həllinə daha yaxından kömək edə bilək. Hazırda vergi yığımında şəffaflığın təmin edilməsi məqsədi ilə bələdiyyənin ərazisində olan ev təsərrüfatları və təsərrüfat subyektlərinin pasportlaşması (inventarlaşdırma) işi uğurla həyata keçirilir.

Pasportlaşmanın üstün cəhətləri fiziki şəxslərin torpaq və əmlak vergisinin vergitutma bazasının müəyyən edilməsi, bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəət vergisinin hesablanmasında şəfafflığın təmin olunmasıdır. Bu işdə isə əsas önəm uzun müddət vergi yığımında diqqətdən kənarda qalan çoxmərtəbəli, çoxmənzilli binalara verilir. 

Yerli özünüidarəetmə orqanı olaraq Masazır bələdiyyəsi fəaliyyəti müddətində ərazisində yaşayan sakinlərin problemlərinin həllini mühüm vəzifələrdən biri hesab edir. Hesabat dövründə xəstələrə, qocalara, maddi imkansızlara, əlillərə, şəhid ailələrinə müxtəlif bayramlarda bələdiyyə büdcəsi hesabına maddi yardımlar göstərilib. Ötən dövr ərzində yerlərdə sakinlərlə səyyar görüşlər təşkil edilib, məhəllə komitələri yaradılıb. Bu komitələr vasitəsi ilə sakinlərə daha yaxın oluruq, onların problemlərini qısa vaxt sərf etməklə öyrənə bilirik. Sosial şəbəkələrdə yaradılmış səhifəmiz də sakinlərin məmnuniyyətinə xidmət göstərir. Sakinlər bu səhifədə görülən işləri birbaşa izləyə, eyni zamanda, təklif və şikayətlərini bələdiyyəyə gəlmədən ünvanlaya bilirlər".


Digər xəbərlər

0.25508785247803