Azərbaycanda hakimiyyət on dəfə güclənib”  - Deputat

20:36 22-08-2019 | icon 2798
Azərbaycanda hakimiyyət on dəfə güclənib”  - Deputat

"Bəzi müxalifət nümayəndələri internet televiziyalarında bizi ittiham edərək bildirirlər ki, parlamentə legitimlik veririk".

Bunu Reyting.az-a açıqlamasında Vəhdət Partiyasının sədri, deputat Tahir Kərimli deyib. T. Kərimli bildirib ki, parlamentin legitimliyi tək Tahir Kərimlinin parlamentdə oturması ilə deyil: 

"Azərbaycan bütün dünyanın diqqət mərkəzində olanda, ölkənin 20 böyük partiyasının parlamentə getməkdən imtinası ilə bağlı razılığı olduğu məqamda AXCP gedib parlamentdə oturdu. O zaman AXCP getməsəydi, Azərbaycan parlamentinin qeyri-legitim olduğunu dünya qəbul edəcəkdi, amma AXCP iqtidarla “bazarlığa” getdi. Bundan danışmaq lazımdır. Müxalifətin güclü olduğu, hakimiyyətə gəlmək imkanı yarandığı zaman xəyanət edib, parlamentdə oturaraq ona legitimlik verdilər. AXCP, Müsavat və AMİP zaman-zaman hakimiyyətlə anlaşaraq müxalifətə xəyanət ediblər. Özləri parlamentdə təmsil oluna bilməyən kimi başqalarını ittiham etməyə başlayıblar”. 

T. Kərimlinin sözlərinə görə, əgər bilsəydi ki, hər hansı bir yolla hakimiyyəti dəyişmək imkanları var, o istiqamətdə mübarizə aparardı: “Mən başa düşürəm ki, müxalifət əvvəlkindən on dəfə zəifdir. Hakimiyyət isə əksinə, on dəfə güclənib. Belə olan təqdirdə özümüzü niyə aldatmalıyıq? Elə yol seçməlisən ki, iqtidara təsir edə biləsən. Mən də o yolu seçdim və hesab edirəm ki, parlamentdəki fəaliyyətim buna sübutdur".

T. Kərimli milli barışıq tərəfdarı olduğunu bildirib. Qeyd edib ki, müxalifətlə iqtidar ortaq məxrəcə gəlməlidir: "Biz bir-birimizə düşmən kimi baxmamalıyıq. Sevinməliyik ki, hazırda ölkədə sabitlikdir. Bəli, problemlər var və onun həllinə çalışmaq lazımdır. 

Mənim parlamentdə təmsil olunmağımda heç bir saxtakarlıqdan söhbət gedə bilməz. Digər tərəfdən, mən kiminsə səsini oğurlayıb deputat olmamışam ki... Məni xalq seçib. Əgər seçki komissiyası mənim qələbəmi təsdiqləyibsə, mən əleyhinə çıxmalı idim? Sözümün canı odur ki, mənə qarşı olan ittihamların heç bir əsası yoxdur”. 

Deputat qeyd edib ki, müxalif düşərgənin təhqirlərinə məruz qalır, düşmən münasibətlə üzləşir: “Amma mən hesab edirəm ki, hər bir insanın Allahı onun vicdanıdır. Mən heç vaxt vicdansızlıq eləməmişəm. Heç vaxt qanunsuzluqla, haqsızlıqla razılaşmamışam. Heç vaxt ailəmi, övladlarımı, qohumlarımı irəli çəkməmişəm. 22 ildən sonra əməkhaqqı almışam, ola bilər ki, ailə üzvlərimdən kimsə işləməyə başlayıb. Bunlar var, inkar eləmirəm. Amma deputatlıq dövründə şəxsi işlə bağlı heç kimə ağız açmamışam. Ona görə də məni hansısa əyri işlərdə ittiham eləmək olmaz".


Digər xəbərlər

0.25753784179688