Rüstəm gümüş, Hidayət “bürünc” qazandı

19:28 27-08-2019 | icon 3574
Rüstəm gümüş, Hidayət “bürünc” qazandı

Azərbaycan cüdoçuları Yaponiyada keçirilən dünya çempionatının 3-cü günündə 2 medal qazanıb. Hər iki medal 73 kq çəki dərəcəsində qazanılıb.

 

Hidayət Heydərov bürünc medal uğrunda görüşdə əlavə vaxtda Tacikistan idmançısı Somon Maxmadbekova qalib gələrək dünya üçüncüsü olub. Bu çəkidə çıxış edən digər cüdoçumuz Rüstəm Orucov isə yalnız final görüşündə uduzub. O, həlledici qarşılaşmada yaponiyalı olimpiya və dördqat dünya çempionu Sexey Ono kopponla uduzaraq gümüş medala layiq görülüb. Maraqlıdı ki, yarımfinalda Rüstəm komanda yoldaşı Hidayətə qalib gəlməklə finala yüksəlmişdi.

 

Bu gün mübarizəyə qoşulan milli komandamızın digər üzvü - qadınlar arasında 57 kq çəkidə çıxış edən monqolustanlı legioner İçinxorloo Munxtsedev isə elə ilk görüşdə uduzaraq mübarizəni dayandırıb.

 

Xatırladaq ki, yarışın əvvəlki 2 günündə isə Azərbaycan cüdoçularından Davud Məmmədsoy (60 kq), Nicat Şıxəlizadə (66 kq), Aişə Qurbanlı, Əliyeva Leyla (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva və Larisa Aleksandra Florian (hər ikisi 52kq) uğursuz çıxış edib.


Digər xəbərlər

0.2355010509491