Vaxtilə İsmayıllıda torpaq talayanlar bu gün də meydan sulamaq istəyirlər

14:40 04-09-2019 | icon 3098
Vaxtilə İsmayıllıda torpaq talayanlar bu gün də meydan sulamaq istəyirlər

Oxuculara yaxşı məlumdur ki, ara sıra yolum doğulduğum, bütün varlığımla
heyranı olduğum, maddi nemətləri ilə böyüyüb yaşa dolduğum İsmayıllıya düşür. Sağ
olsun rayon rəhbərliyi. Hər gəlişimdə qəlbən sevinməyə onun yaratdığı imkanın şahidi
oluram. Minnətdar oluram ölkə rəhbərinə ki, İsmayıllının inkişafını daim diqqətdə
saxlayır. Təşəkkür edirəm rayon icra hakimiyyətinin rəhbərliyinə ki, cənab Prezidentin
Sərəncam, göstəriş və tapşırıqlarını məsuliyyətlə yerinə yetirir.


Təəssüf ki, budəfəki gəlişimdə qanqaraldıcı bir halla rastlaşdım. Belə hərəkətin
özünü azərbaycanlı hesab edən insan tərəfindən edildiyinə mat qaldım.


Nədən mənim qanım qaraldı? Dövlət başçısı 25 avqust 2018-ci il tarixdə
“Günəşli” yaşayış massivində yeni xalça fabrikində toxucularla görüşü zamanı xanımlar
uşaq bağçası tikintisini xahiş etmişdilər. Bu xahiş tezliklə Prezident Sərəncamı ilə
rəsmiləşdi – 100 yerlik uşaq bağçası-körpələr evi tikmək qərara alındı.


Əvvəlcə onu qeyd edim ki, 2013-cü ilə qədər ( o zamanda torpaq şöbəsinin
müdiri Rövşən Behbudov idi) İsmayıllı torpaqları bir çox rəhbər işçi və imkanlı adamlar
arasında dədə malı kimi bölüşdürülmüşdü. Dövlət və xalq maraqlarından irəli gələn hər
hansı bir obyektin tikintisi üçün yer qalmamışdı. Xalça fabrikinə yaxın yerdə - Vahab
Osmanov küçəsində yeni uşaq bağçası üçün yer ayrılanda icraçılar torpaq talançılığı ilə
rastlaşdılar. 2013-cü ilə qədər Rövşən Behbudov həmin ərazini “sponsoru” ilə birgə
paylamışdı. Bir pay da qardaşının adına özü üçün götürmüşdü. Bağça tikintisi
başlayanda R.Behbudovun atası Xəlil Behbudovdan başqa hamı körpələrimizin, işgüzar
anaların xatirinə o yerdən əl çəkdilər. Əslində buna onların ehtiyacı da yox idi. Çox
yerdə əkin, dükan, ev yeri məngirləmişdilər. Yenə də sağ olsunlar ki, sonda
güzəştlərinin əhəmiyyətini başa düşdülər. Yeganə Xəlil Behbudov oldu ki, “mənim
yerimdir, heç kim ora girə bilməz” deyə dad döyür, kağızlar əlində qapı-qapı gəzirdi.
Behbudovların yeri azdırmı? Bir ailəyə bu qədər müxtəlif təyinatlı torpaq vermək
olarmı? Buna qərar verən, bunu rəsmi qaydada sənədləşdirən təşkilatlar niyə belə halın
fərqinə varmırlar? İmkansız bir ailə vaqon qoymağa 2 sot yer tapmır, kimlərsə 15-18-22
yerdə torpaq məngirləyir.


Nəticəyə siz də baxın, əziz oxucular. Xəlil Behbudovun tərsliyi və kimlərdənsə üz
alması nəticəsində uşaq bağçasının hasarı əyri çəkilib. Behbudovlar özlərini sübut
etmək üçün yerin əvəzlənməsinə də getmədilər. Uşaq bağçasının hasarının əyriliyi
Behbudovların daxili aləminin, insanlığının əyriliyini təzahür etdirir. Təmiz qanlı
azərbaycanlı heç vaxt belə hərəkətə yol verməzdi. X.Behbudov belə hərəkəti ilə milli
mənsubiyyətini düşmənlərimiz tərəfə özü əyib və deyilənləri də təsdiq edib.


Bu sətirləri ona görə yazdım ki, kimlərlə bir rayonda yaşadığımızın fərqinə varaq
və nəticə çıxaraq, münasibətlərimizi tənzimləyək, hərəkətlərimizə hədd qoyaq. Bir
vətəndaş olaraq tək hüquqlarımızı yox, vəzifələrimizi də dərindən dərk edək.
Vahid Xəlilov


Digər xəbərlər

0.21958303451538