Mehriban Abbasquliyeva:  "Bu, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda  yaradılan şəffaf, demokratik seçki mühitinin nəticəsidir"  

12:48 13-09-2019 | icon 2054
Mehriban Abbasquliyeva: 

Xəbər verdiyimiz kimi Azərbaycanda 2019-cu ildə keçiriləcək bələdiyyə seçkilərinin tarixi açıqlanıb. Seçkilər dekabrın 27-də keçiriləcək.

Bununla bağlı YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abbasquliyeva ilə görüşüb qarşıdan gələn seçkilərlə bağlı  danışdıq.

Mehriban xanım qeyd etdi ki, Bələdiyyələr seçkili orqan olaraq, ildə iki dəfə seçicilər qarşısında hesabat verir, sakinləri görülən işlər barədə məlumatlandırır, gələcək fəaliyyət planlarını açıqlayırlar.

"Əvvəlcə onu deyim ki, ölkəmizdə bələdiyyə institutunun yaranması, formalaşması və hüquqi bazası məhz ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin fəaliyyəti dövründə, 1995-ci il noyabrın 12-də qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyasında ilk dəfə olaraq bələdiyyələrin hüquqi statusu qanun çərçivəsində müəyyənləşdirildi. Dövlətçilik tarixinə mühüm hadisə kimi yazılan bu əlamətdar gündən sonra, 1999-cu ilin dekabrında ilk bələdiyyə seçkilərinin keçirilməsi ilə hakimiyyətin əks mərkəzləşməsi prosesinə start verildi. Beləliklə, ümummilli liderimizin səyi ilə dövlət quruculuğu sahəsində aparılan islahatlar nəticəsində ölkəmizdə bələdiyyə institutu yaradıldı.

Dekabrda keçiriləcək sayca 5-ci bələdiyyə seçkilərinə gəlincə, düşünürəm ki, respublikamızın hər yerində olduğu kimi, Sabunçu rayonunda da seçkilər hər dəfə olduğu kimi yüksək seçici fəallığı ilə keçiriləcək. Bu isə ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda  yaradılan şəffaf, demokratik seçki mühitinin nəticəsidir.

Prezidentimizin təşəbbüsü əsasında bələdiyyələrin inkişafı, sosial-iqtisadi bazasının möhkəmləndirilməsi ilə əlaqədar qanunlar qəbul olunur, bələdiyyələrin qanunvericilik bazası möhkəmləndirilir və bu, əlbəttə, vətəndaşların bələdiyyələrə inamını daha da artırır. Bütün bunlar, təbii ki,  bələdiyyə seçkiləri zamanı öz müsbət təsirini göstərəcək. Xatırladım ki,  sonuncu-4-cü seçkilərdə ölkə üzrə səsvermədə iştirak edən seçicilərin ümumi sayı 38,92 faizi təşkil etdi. Beləliklə, son seçkilərin nəticəsi olaraq yaranan bələdiyyə ordusu bu sahədə öz sözünün demiş təcrübəli şəxslərdən, daim yeniliklərə can atan gənclərdən və özü ilə mehribanlıq, humanistlik gətirən qadınlardan ibarət formalaşdı. Əlbəttə, heç kəsə sirr deyil ki, cəmiyyətin inkişafında, bələdiyyələrin fəaliyyətində bu üç qüvvə hər zaman aparıcı rol oynayır.

Sabunçu bələdiyyələri də qarşıda duran vəzifələri layiqincə yerinə yetirib, abadlaşdırma və quruculuq işlərində fəal iştirak edib. Yerli əhali ilə qarşılıqlı münasibətlərimiz xeyli yaxşılaşıb, ictimai əlaqələri güclənib. Dövlət tərəfindən bələdiyyələrə göstərilən diqqət və hərtərəfli dəstək işləri daha da sürətləndirib, yerli sosial-iqtisadi məsələlərin həlli imkanlarını artırıb. Ancaq bununla kifayətlənmək olmaz. Çünki ölkəmiz inkişaf edir, dövlət və qeyri-dövlət qurumlarının fəaliyyətində yeni texnologiyalar tətbiq olunur. İdarəetmə ən müasir tələblər səviyyəsində qurulur, əhali arasında müasir ödəniş mədəniyyəti formalaşır.

Hazırda şəffaflığı təmin etməyin əsas vasitələrindən biri kimi bütün əməliyyatların nağdsız yolla həyata keçirilməsi öz mühüm nəticələrini göstərməkdədir. Ona görə də bələdiyyələrin bu prosesdən kənarda qalması mümkün deyil. “Yerli vergilər və ödənişlər haqqında” Qanuna edilən dəyişiklikdən sonra yerli vergi və ödənişlər banklar, poçt rabitəsinin milli operatoru, habelə mövcud nağdsız ödəmə vasitələri ilə reallaşdırılır. Xatırladım ki,  son dəyişikliklərlə əlaqədar əmlak və torpaq vergiləri yeni qaydada hesablanır. Artıq fiziki şəxslərin əmlak və torpaq vergiləri ilə bağlı edilən dəyişikliklər bələdiyyələrin vergi yığımında üzləşdikləri problemləri aradan qaldırmaqdadır.


Digər xəbərlər

0.25225114822388