Kim haqlıdı, AFFA, yoxsa yeni yaradılan Həmkarlar İttifaqı? - Hüquqşünas münasibəti

18:47 13-09-2019 | icon 2200
Kim haqlıdı, AFFA, yoxsa yeni yaradılan Həmkarlar İttifaqı? - Hüquqşünas münasibəti

Sentyabrın 11-də AFFA Futbol İctimaiyyətinin Azad Həmkarlarlar İttifaqınının təsis konfransı keçirildi. Ardınca AFFA bu təşkilatın Assosiasiyaya heç bir aidiyyatı olmamasına dair bəyanat yaydı. Hər iki tərəfin mövqeyi ortada olduğundan biz üçüncü - neytral, eyni zamanda hüquq normalarına bağlı olan şəxsə tribuna verməyi qərara aldıq. Vəkillər Kollegiyasının üzvü Habil İsgəndərov verdiyi açıqlamada hansı tərəfin haqlı, hansının haqsız olmasına aydınlıq gətirib:

 “Həmkarlar İttifaqı hüquqi cəhətdən yaradıla bilər. Çünki azad və sərbəstdir. Hər bir təşkilatda, müəssisədə çalışan insanlar Həmkarlar Təşkilatı yarada bilər. Məhz Həmkarlar Təşkilatı! Çünki Həmkarlar İttifaqını yaratmaq üçün əvvəlcə yerli Həmkarlar Təşkilatları yaradılmalıdır. Bundan sonra həmin Təşkilatlar bir araya gələrək, Həmkarlar İttifaqını yarada bilərlər. Konkret olaraq AFFA-nın nümunəsində göstərim. Assosiasiyaya daxil olan Federasiyalar ayrı-ayrılıqda Həmkarlar Təşkilatı yaradır, həmin Təşkilatlar yaradıldıqdan sonra İttifaq təsis edə bilərlər”.

 

Vəkil Həmkarlar Təşkilatının necə təsis edilməsinə də aydınlıq gətirib: “İstənilən müəssisədə çalışan bir qrup şəxs Həmkarlar Təşkilatı yarada bilər. Ancaq bura minimum 7 nəfər daxil olmalıdı. Ən azı 2 Həmkarlar Təşkilatı yaradıldıqdan sonra birləşərək Həmkarlar İttifaqı təsis edə bilərlər. Bir neçə İttifaq yaradıldıqdan sonra isə Həmkarlar Konfederasiyası yaratmaq olar”.

 

Habil İsgəndərov daha bir önəmli məqama toxunub: “AFFA-nın Həmkarlar Təşkilatını yalnız  AFFA-da çalışan insanlar yarada bilər. Bu qurum yaradıldıqdan sonra orada çalışmayan, lakin dolayı yolla futbola bağlı olan şəxslər - məsələn, futbol veteranları idman jurnalistləri, keçmiş futbol hakimləri və s. - qoşula bilərlər. Əlavə şəxslərin qoşulmasında heç bir məhdudiyyət yoxdur. İstisna hallarda, hətta sədr də kənardan gətirilə bilər”.

 

Hüquqşünas bu hadisələrin necə axarda davam edəcəyinə dair sualı da cavablandırıb: “AFFA artıq bəyanatını yayıb. Yaradılan təşkilat yəqin ki, Həmkarlar Konfederasiysına müraciət edəcək ki, üzv olsun. Əgər öz xoşları ilə fəaliyyətlərini dayandırmasalar, AFFA məhkəməyə müraciət edərək, onların fəaliyyətinin dayandırılmasına nail ola bilər”.

 

Maraqlıdı, bəs sözügedən qurumun adından AFFA sözü yığışdırılsa necə, belə bir İttifaq yaradıla bilərmi? İsgəndərovu dinləyək: “Bəli, yaradıla bilər, amma yuxarıda qeyd etdiyim formada - Həmkarlar İttifaqı yox, Həmkarlar Təşkilatı. Çünki qanunvericilikdə göstərilib ki, iki və daha çox Həmkarlar Təşkilatı yaradıldıqdan sonra həmin qurumlar İttifaq təsis edə bilərlər”.

 

Necə deyərlər, “bu meydan, bu da şeytan”. Fikrimizcə, əlavə şərhə ehtiyac yoxdu.(sport24)


Digər xəbərlər

0.24950790405273