İsmayıllının Basqal qəsəbəsində 432 şagird yerlik yeni məktəb binasının açılışı olub

18:19 17-09-2019 | icon 2502
İsmayıllının Basqal qəsəbəsində 432 şagird yerlik yeni məktəb binasının açılışı olub

Basqal qəsəbəsi İsmayıllı rayonunun ən qədim yaşayış məntəqələrindəndir. Burada ilk
məktəb 1887-ci ilə təsadüf edir. Əvvəllər iki, 1895-ci ildən isə dörd sinif fəaliyyət göstərib.
XX əsrin əvvəllərindən Basqal məktəbini bitirənlər türk dili ilə yanaşı təmiz fars və rus
dillərini də bilirdilər. İndi o vaxtdan çox-çox illər keçib. Müstəqillik qazanan Azərbaycan
ümummilli lider Heydər Əliyevin, bu gün isə Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün
sahələrdə çoxistiqamətli inkişaf yoluna çıxıb. Hazırda Basqalda əhalinin sayı 1540 nəfərdən
çoxdur. Qəsəbədə bütün infrastruktur sahələri təzələnir. O cümlədən təhsilin müasir
standartlar səviyyəsinə çatdırılması üçün onun maddi-texniki bazası möhkəmləndirilir.
Təsadüfi deyildir ki, Prezident İlham Əliyevin 2018-ci il 7 noyabr tarixli Sərəncamı ilə
qəsəbədə tam orta məktəb üçün yeni bina tikilib və sentyabrın 17-də tədris ocağının
təntənəli açılış mərasimi keçirilib. Tədbirdə Təhsil naziri Ceyhun Bayramov, İsmayıllı Rayon
İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov, rayon ictimaiyyətinin nümayəndələri,
məktəbin şagird və müəllim kollektivləri, kənd sakinləri, qonaqlar iştirak ediblər.
Açılış mərasimi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə
başlayıb. Təhsil naziri Ceyhun Bayramov ölkə Prezidenti İlham Əliyevin diqqət və qayğısı,
təsdiq edilən proqramların reallaşdırılması nəticəsində, Birinci vitse-prezident Mehriban
xanım Əliyevanın təşəbbüsü, onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dəstəyi ilə
ümumi təhsil müəssisələrinin infrastrukturunun müasirləşdirilməsi istiqamətində görülən
əhəmiyyətli işlərdən danışıb. Təhsil naziri bildirib ki, 2003-2018-ci illər ərzində Respublikada
3200-dən çox məktəb binası tikilib və ya əsaslı təmir edilib, nəticədə bir milyondan çox
şagirdin təlim şəraiti yaxşılaşdırılıb.
Ceyhun Bayramov təhsil sahəsində aparılan çoxsaylı işlər, islahatlar barədə məlumat
verib. Nazir çıxışında təhsil sisteminin aparıcı qüvvəsi olan müəllim əməyinin
stimullaşdırılması, bu peşənin nüfuzunun artırılması istiqamətində görülən işləri xüsusi
vurğulayıb və son illər bu yöndə çox böyük nailiyyətlər əldə edildiyini diqqətə çatdırıb.
Nazir çıxışının sonunda yeni tədris binasının açılışı və dərs ilinin başlanması
münasibətilə iştirakçıları təbrik edib, uğurlar arzulayıb. Çıxış edən  İsmayıllı Rayon İcra
Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov rayon üzrə təhsil sahəsində görülən işlərdən,
nailiyyətlərdən söz açıb, təhsil işçilərinə yeni tədris ilində uğurlar arzulayıb. İcra
Hakimiyyətinin başçısı qeyd edib ki, Azərbaycan təhsil sisteminin aparıcı bir bölməsi olan
İsmayıllı təhsili uğurlarını ilbəil artırır. Rayonun ümumi inkişafında müəllimlər və təhsil işçiləri
əhəmiyyətli rol oynayırlar. Nailiyyətlərin ardıcıl və yüksələn xətt üzrə artması əsasən onun
nəticəsidir ki, cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban
Əliyeva İsmayıllı təhsilinə, bütövlükdə rayona xüsusi qayğı göstərir, tədrisin müasir
standartlar əsasında təşkili üçün tələblərə uyğun şərait yaradırlar. Müəllim əməyi onlar
tərəfindən yüksək qiymətini alır. Bunlara görə cənab Prezident İlham Əliyevə və Birinci vitse-
prezident xanım Mehriban Əliyevaya dərin minnətdarlığımızı bildiririk.
Daha sonra təhsil naziri Ceyhun Bayramov RİH-nin başçısı Mirdaməd Sadıqovla birgə
məktəbdə yaradılan şərait ilə tanış olub, şagird və müəllimlərlə görüşüb, onlarla səmimi
söhbət aparıb.
Qeyd edək ki, Basqal qəsəbə tam orta məktəbi ikimərtəbəli, 432 şagird yerlikdir. 
Məktəb binasında 1 fizika, 1 kimya, 1 biologiya laboratoriyası, 18 sinif otağı, kitabxana və
oxu zalı, informatika otağı, 80 yerlik yeməkxana, 190 yerlik akt zalı, idman zalı yerləşir.
Məktəb binasında videomüşahidə, yanğın əleyhinə siqnalizasiya sistemləri quraşdırılıb,
internet və telefon xətləri çəkilib. Burada istiliklə təminat üçün təbii qazla  işləyən, müasir
tələblərə cavab verən qazanxana da tikilib.


Digər xəbərlər

0.23671913146973