Naftalanda Aİ nümayəndələrinin iştirakı ilə tədbir keçirildi - Fotolar

14:43 27-09-2019 | icon 2886
Naftalanda Aİ nümayəndələrinin iştirakı ilə tədbir keçirildi - Fotolar

Naftalan şəhərində İqtisadiyyat Nazirliyi, Avropa İttifaqı (Aİ) və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) birgə həyata keçirdiyi “Gəncə-Qazax iqtisadi rayonunda yerli və regional inkişafa dəstək” layihəsi çərçivəsində “Azərbaycanda regional inkişaf” mövzusunda tədbir keçirilib.

Tədbirdə İqtisadiyyat və Kənd Təsərrüfatı nazirliklərinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Dövlət Turizm Agentliyinin əməkdaşları, Avropa İttifaqının Azərbaycan Nümayəndəliyinin, Gəncə-Qazax iqtisadi rayonuna daxil olan şəhər və rayonların icra hakimiyyəti orqanlarının nümayəndələri iştirak edib.

Layihə çərçivəsində Gəncə-Qazax iqtisadi rayonuna daxil olan inzibati rayonların inkişaf planlarının hazırlanması prosesi və nəticəsi təqdim edilib.

 

Tədbirdə çıxış edən İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov ölkədə qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın şaxələndirilməsi, innovativ sahibkarlığın inkişafının dəstəklənməsi istiqamətində həyata keçirilən islahatlar və tədbirlər barədə məlumat verib.

S.Məmmədov Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən texniki yardım layihələrinin xarici təcrübənin öyrənilməsi və ölkəmizdə tətbiqi baxımından əhəmiyyətini diqqətə çatdırıb.

Avropa İttifaqının Azərbaycan Nümayəndəliyinin rəhbəri səfir Kestutis Jankauskas ölkəmizlə Avropa İttifaqı arasında regionların inkişafı sahəsində həyata keçirilən layihələrin icrasının nəticəsini yüksək qiymətləndirib, bu istiqamətdə əməkdaşlığın genişləndirilməsinin önəmini qeyd edib.

Naftalan Şəhər İcra Hakimiyyəti başçısının səlahiyyətlərini müvəqqəti icra edən Arzu Məmmədov “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda Naftalan rayonu üzrə nəzərdə tutulmuş tədbirlərin uğurla yerinə yetirilməsi üçün qarşıda duran vəzifələrdən danışıb.

Almaniyanın Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) layihə rəhbəri Gerald Duda “Gəncə-Qazax iqtisadi rayonunda yerli və regional inkişafa dəstək” layihəsinin əhəmiyyətindən danışıb, layihənin icrasına dəstək olan dövlət qurumları ilə əməkdaşlıqdan məmnunluğunu ifadə edib. Sonra Gəncə-Qazax iqtisadi rayonuna daxil olan inzibati rayon və şəhərlərin inkişaf planlarının hazırlanması prosesinə və nümunə olaraq Daşkəsən rayonu üzrə hazırlanmış inkişaf planına dair təqdimatlar edilib, layihə çərçivəsində keçirilən təlimlərdə iştirak etmiş əməkdaşlara sertifikatlar verilib.

Tədbir çərçivəsində Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən qadın sahibkarların məhsul və xidmətlərinin sərgi-satış yarmarkası təşkil olunub. Ümumilikdə, sərgi-satış yarmarkasında 30-a yaxın kiçik və orta sahibkarlıq subyektinin 50-dən çox çeşiddə məhsul və əl işləri nümayiş etdirilib.

 





Digər xəbərlər

0.27127504348755