Gəncədə idman maşınlarının yarışından - Fotolar

19:16 30-09-2019 | icon 3433
Gəncədə idman maşınlarının yarışından - Fotolar

Sentyabrın 29-da Gəncə şəhərində Azərbaycan Avtomobil Federasiyasının (AAF) təşkilatçılığı və “Regional İnkişaf” İctimai Birliyinin dəstəyi ilə “V1 Challenge Gəncə” - idman avtomobillərinin yarışı və şousu keçirilib. Heydər Əliyev Park Kompleksi ərazisində 20 mindən çox tamaşaçının izlədiyi yarış həyəcan dolu anlarla, maraqlı tryuklarla yadda qalıb.

“V1 Challange Gəncə” yarışına “Volkicar”lar, kartinq və drift avtomobilləri, sportkarlar qatılıb.

Tədbirdə tanınmış pilotlar – “Drift GP International” promouteri Neyl Qan, drift üzrə Almaniya çempionu Sebastian Fonteyn, “Drift All Stars European Series” yarışlarının qalibi Martin Riçards, “Drift GP International” yarışlarının texniki direktoru Antanas Kiquolis, eləcə də yerli drift və “Volkicar” pilotları çıxış ediblər.

Avtoidman həvəskarları üçün “Volkicar”, drift və idman avtomobillərinin yürüşü, “Volkicar”ların yarışı, “Volkicar” və sportkarla “burnout”, drift şouları təqdim olunub.

Drift yarışları üzrə pilotlar Elvin Xudaverdiyev birinci, Adil Axundov ikinci, Fəxri Gülməmmədov isə üçüncü yerin qalibi olublar.

“V1 Challange” yarışında isə pilotlar Fərid Məmmədov birinci, Azad Hüseynov ikinci, Mətin Orucov isə üçüncü yeri əldə ediblər.

Sonda qaliblərə kuboklar təqdim olunub.

Qeyd edək ki, sentyabrın 30-dan Azərbaycan Avtomobil Federasiyası tərəfindən Gəncədə Yol Hərəkəti Təhlükəsizliyi həftəsi də keçirilir. Bu tədbirlər çərçivəsində “Yollarda təhlükəsiz davranışı həyat tərzinə çevirək” adlı konfrans və Gəncənin bir sıra ümumtəhsil məktəblərində yol hərəkəti təhlükəsizliyinə həsr olunan təlimlər təşkil ediləcək.

Konfrans və təlimləri AAF-ın yol hərəkəti təhlükəsizliyi üzrə məsləhətçiləri Əlləz Əliyev, Ərşad Hüseynov və Sahib Əsgərov aparacaqlar. İştirakçılara yol hərəkəti təhlükəsizliyi, o cümlədən yol nişanları, işıqfor, piyada keçidi və digər istiqamətlər üzrə məlumatlar veriləcək.

 

 





Digər xəbərlər

0.21026086807251