"Sabah"da xaos: Etibarı sarsılan Adıgözəlov və incik Ponomaryov

19:48 30-09-2019 | icon 3042

"Sabah"ın mövsümdə ilk qələbəsini qazanması da klubda suları durultmayıb. Məlumata görə, rəhbərliyinin baş məşqçi postunu həvalə etmək üçün əcnəbilərə üz tutması hazırda bu vəzifəni icra edən İqor Ponomaryovu narazı salıb.

Olimpiya çempionu, özü bu vəzifədə faktiki çalışdığı halda başı üzərindən iş görülməsini qəbul edə bilməyib. Son açıqlamasında Ponomaryov baş məşqçi vəzifəsinə namizədlərdən xəbərsiz olduğunu bəyan edib. O, sualı emosional tərzdə cavablandırmaqla əslində rəhbərliyin addımına etirazını nümayiş etdirib.

Məsələnin kökündə isə klubun prezidenti Maqsud Adıgözəlov və idman direktoru Emin Abbasova etimadsızlıq durur. İqor Ponomaryovun Adıgözəlovlar ailəsinə yaxınlığı heç kimə sirr deyil. Maqsud Adıgözəlovun artıq dünyasını dəyişmiş əmisi Rauf Adıgözəlov hələ İdman Komitəsinə rəhbərlik etdiyi vaxt Ponomaryovun 1988-ci il Seul Yay Olimpiya Oyunlarına yollanmasını təmin etmiş, nəticədə Yunis Hüseynov kimi gənc və istedadlı futbolçu kənarda qalmışdı. İsveçi özünə yaşayış məskəni seçən Ponomaryov sonuncu dəfə 2008/2009 mövsümündə "Xəzər Lənkəran"da baş məşqçi vəzifəsində çalışıb.

İndi isə "Sabah"ın Müşahidə Şurasının üzvü olan veteran futbolçu baş məşqçi vəzifəsinə də öz təşəbbüsü ilə gətirilib. Amma elə debüt oyunundaca onun komandası "Səbail"i darmadağın edib - 3:0. Bu, oyunu fəxri tribunadan izləyən baş məşqçi postuna namizədlər - Yuri Vernidub və Georgi Tsetsadzenin gözləri qarşısında baş verib. Ponomaryovun komandası tarixində ilk dəfə böyük hesablı qələbəyə imza atıb.

Beləliklə, sual yaranır: komandanın müvəqqəti baş məşqçisini iş başında sınaqdan çıxarmamış niyə onun yerinə yenisi axtarılır? Olmazdımı ki, "Qəbələ"dəki kimi bir neçə tur şans verilsin, sonra da qəti qərar qəbul olunsun? Namizəd baş məşqçiləri açıq-aşkar nümayiş etdirməklə klub hansı məqsədi güdür?

Sirr deyil ki, Vernidubu hazırda müstəqil agentlik fəaliyyəti ilə məşğul olan "Qəbələ"nin sabiq meneceri Səbuhi Səfiyarlı gətirib. Dünən onlar oyunu da birgə izləyiblər. Elə isə baş məşqçi axtarışları niyə idman direktoru Emin Abbasova həvalə olunmayıb?

Səbəb yalnız bu, ola bilər: Klubun yüksək ambisiyalı rəhbərliyinin Maqsud Adıgözəlov və Emin Abbasova inamı itib. Adıgözəlovu bu vəziyyətə salan isə məhz Emin Abbasov - Elşad Əhmədov tandemi olub. Əhmədov heyətdə səviyyəli futbolçuların olmasına rəğmən, kollektiv formalaşdıra bilməməyib. Bəzi yeni oyunçuların ümidləri doğrultmaması, Marko Deviç məsələsində klubun xeyli ziyana düşməsi kimi məsələlər isə sırf Abbasovun boynuna yazılıb. Hətta rəhbərliyin göstərişi ilə klubda yoxlamaların aparıldığına dair məlumatlar da var.

Beləliklə, uğursuz tandem Adıgözəlovu da "yuxarılar"ın yanında "yandırıb", gözdən salıb. Məhz bunun nəticəsidir ki, onların özlərinə etimad limiti azalıb, hətta tükənməkdədir. Ponomaryov baş məşqçi postuna təsdiqlənməsə, bu, artıq klubun hazırkı menecmentinin iflası anlamına gələcək.(sportnet)


Digər xəbərlər

0.28017902374268