Leyla və Arzu Əliyevalar sənədli filmin nümayişində - Fotolar

19:43 02-10-2019 | icon 2975
Leyla və Arzu Əliyevalar sənədli filmin nümayişində - Fotolar

Oktyabrın 1-də Bakı Marionet Teatrında Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı çərçivəsində "TEFİ Sodrujestvo"nun mükafatına layiq görülmüş "Pəncərədən düşən işıq" sənədli filminin nümayişi olub.

Film Heydər Əliyev Fondunun və Bakı Media Mərkəzinin dəstəyi ilə çəkilib.

Filmin baş prodüseri və ideya müəllifi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva tədbirdə iştirak ediblər.

 

Sənədli filmin nümayişi tamaşaçılarda dərin təəssürat yaradıb.

Filmin nümayişi başa çatandan sonra Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva jurnalistlərə müsahibəsində ekran əsəri ilə bağlı təəssüratlarını bölüşüb. O bildirib ki, xəstə uşaqlara tez-tez baş çəkir, onlarla ünsiyyət saxlayır. Onu "Pəncərədən düşən işıq" filminin çəkilməsinə də məhz bu ünsiyyət ruhlandırıb. Leyla Əliyeva deyib ki, filmin ideyası ona baxan hər kəsi daha çox xeyirxahlıq etmək barədə düşündürməkdən ibarətdir. Çünki xeyirxahlıq paylaşdıqca artır. O vurğulayıb ki, arzu edən hər kəs "Pəncərədən düşən işıq" filminə "YouTube" kanalında baxa bilər.

Filmin rejissoru və ssenari müəllifi Oleq Şommer qeyd edib ki, söhbət real insanların taleyindən getdiyi üçün çəkiliş prosesi çox mürəkkəb olub. O deyib: "Bu filmdən sonra mənim daxilimdə çox şey dəyişdi. Mən dərk etdim ki, biz bir-birimizə daha çox kömək etməli, özümüzü başqasının yerinə qoymağı bacarmalı, qarşımızdakı insanı incitməməliyik. Həyatın əsas amalı məhəbbət və xeyirxahlıqdır".

Xatırladaq ki, Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə ikinci dəfədir keçirilir.

 






Digər xəbərlər

0.29367113113403