Lənkəran şəhər İcra Hakimiyyətindən cavab

12:29 06-10-2019 | icon 4039
Lənkəran şəhər İcra Hakimiyyətindən cavab

“Yeni Müsavat” qəzetinin  Lənkərandan hazırladığı reportajla bağlı bildiririk ki, yazıda qeyd olunanlar reallığı əks etdirmir.

Belə ki, 2003-2018-ci illər ərzində Lənkəra rayonunda 31249-u daimi olmaqla 47528 yeni iş yeri açılmış, cari ildə ödənişli əsaslarla 1120 müvəqqəti yeni iş yeri yaradılmışdır. Əhalinin həyat şəraitini yaxşılaşdırmaq məqsədilə son illərdə Lənkəran şəhərinin yeni salınmış məhəllələri, rayonun kənd və qəsəbələri sürətlə qazlaşdırılıb. Artıq rayonda qazlaşdırma 95 faizə çatdırılıb. Rayonun çətin təbii şəraitə malik ucqar dağ kəndlərinə də qaz xəttləri çəkilir. 17 yaşayış məntəqəsinin elektrik təsərrüfatı yenidən qurulmuş, 2 məntəqədə işlər davam etdirilir.

 

Şəhərdə əhalinin, xüsusilə gənclərin istirahəti və asuda vaxtlarını səmərəli keçirmələri üçün geniş imkanlar yaradılıb. Heydər Əliyev xatirə parkı, Əsgər Əliyev adına park, Həzi Aslanov parkı, Azərbaycanlıların soyqırımı parkı, Əfqanıstanda həlak olmuş lənkəranlıların şərəfinə salınmış park yenidən qurularaq daha da genişləndirilib, müasir işıqlandırıcılarla və oturacaqlarla təchiz edilib.

Heydər Əliyev Mərkəzi, Beynəlxalq Hava Limanı, Olimpiya İdman Kompleksi, “Lənkəran İstisu Sağlamlıq” Mərkəzi, Regional Müalicə-Diaqnostika Mərkəzi, Uşaq Sağlamlıq, Əlillərin Reabilitasiya və Gənclər mərkəzləri, Bayraq Meydanı,  əlil və şəhid ailələri üçün 90 mənzilli 3, evləri qəzalı vəziyyətdə olan sakinlər üçün 80 mənzilli 3 yaşayış binası tikilmiş, Lənkəran Dövlət Dram Teatrının, 350 çarpayılıq Rayon Mərkəzi Xəstəxanasının, Şəhər Mədəniyyət Mərkəzinin, Tarix-Diyarşünaslıq Muzeyinin binaları əsaslı təmir olunmuş, 110/35/10 kv-luq Lənkəran-2 elektrik yarımstansiyası istismara verilmiş, 17 otel, 10 istirahət mərkəzi, 5 çay, 2 konserv, 3 düyü emalı müəssisəsi yaradılmış, xalçaçılıq müəssisəsi, Lənkəran Dövlət Universiteti üçün əlavə 2 tədris korpusu və yataqxana binası tikilib istifadəyə verilmiş, istehsal gücü ildə 18 min ton olan yeni qənnadı məhsulları fabrikinin tikintisi davam etdirilir.

Lənkəran şəhərinə və şəhərətrafı kəndlərə ilk dəfə olaraq dünya standartlarına cavab verən içməli su xətləri çəkilib. Son illərdə rayonda 7 mühüm sosial-iqtisadi əhəmiyyətli yol layihəsi icra olunub, 65 yaşayış məntəqəsini Lənkəran şəhəri ilə birləşdirən, yüz minlərlə vətəndaşın gündəlik olaraq istifadə etdiyi, ümumi uzunluğu 200 km-dək olan yol sahəsi  başdanbaşa asfaltlanıbdır. Əvvəllər Lənkəran şəhərinə bir neçə saata gələn ucqar dağ kəndlərinin sakinləri bu gün artıq həmin yolu dəqiqələr hesabına gəlirlər. Eyni zamanda Lənkəran şəhərinin 20 küçəsi tamamilə asfaltlanıb. Şəhərin bütün magistral küçələrində və şəhərətrafı magistral yollarda ən müasir işıqlandırıcılar quraşdırılıb. O cümlədən qəzetin iddia etdiyi şəhərin mikrorayon ərazisi də işıqlandırılır. Şəhərdə çoxmənzilli yaşayış binalarında bərkitmə-gücləndirmə tədbirləri görülüb, 262 çoxmənzilli yaşayış binasının dam örtükləri tamamilə dəyişdirilib, fasadları yenilənib. Ötən 15 il ərzində rayonda 44 məktəb tikilib istifadəyə verilmiş, 4 məktəb əsaslı təmir olunub, o cümlədən cari dərs ilində rayonda 6 məktəb tikilib istifadəyə verilib. Hazırda 5 məktəbin tikintisi, 1 məktəbin əsaslı təmiri davam etdirilir. Yaxın günlərdə isə daha bir müasir tipli məktəbin tikintisinə başlanacaqdır.

Aqrar sahədə məhsul istehsalı durmadan artır. 100 hektarlarla yeni çay, sitrus plantasiyaları və çəltik sahələri salınmışdır. Lənkəran rayonu son bir neçə ildir ki, yerli budcəsini öz daxili gəlirləri hesabına formalaşdıraraq dövlətdən dotasiya almadan sosial-iqtisadi həyatını tənzimləyir. Dotasiya almadan yaşayan rayonda inkişaf necə olmaya bilər? Lənkəranın sosial-iqtisadi inkişafı barədə kiçik bir yazıda geniş və ətraflı məlumat verməyin mümkünsüzlüyünü nəzərə alaraq bu inkişafı görmək arzusunda olan istənilən mətbuat nümayəndəsinə bunları ətrafı öyrənməyi və nəzərə almağı tövsiyyə edirik".


Digər xəbərlər

0.2089262008667