"Ümummilli lider Heydər Əliyevin zəngin irsi müasir cəmiyyətimizin, müstəqilliyimizin ən inamlı ideya mənbəyidir"

12:51 16-10-2019 | icon 3304

Təqvimimizdəki yaddaqalan, böyük sevinclə gözlədiyimiz əlamətdar günlərdən biri də 18 oktyabr tarixidir. Bu tarix kiçikdən tutmuş böyüyə qədər hər birimizin yaddaşına böyük hərflərlə yazılıb. Bu tarixi gün bütün ölkə vətəndaşları üçün çox müqəddəs və əzizdir. Çünki həmin gün xalqımız bir əsrdə ikinci dəfə müstəqillik qazanmışdı. İndi o əlamətdar tarixdən 28 il keçir. Ötən hər gün müstəqilliyimiz daha da möhkəmlənir. Müstəqilliyimiz möhkəmləndikcə də ölkəmizin, dövlətimizin beynəlxalq aləmdə nüfuzu durmadan artır.


Təbiidir ki, müstəqillik qazandığımız, keçmiş ittifaqın buxovlarından azad olduğumuz 18 oktyabr günü hər birimiz üçün unudulmazdır. 28 il əvvəl - 1991-ci ilin 18 oktyabrında Azərbaycan Respublikasının Ali Soveti Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul etdi. Beləliklə, Azərbaycan 1920-ci ilin aprelində bolşeviklərin istilası zamanı itirdiyi müstəqilliyini yenidən bərpa etdi. Xalqımızın tarixinə böyük hərflərlə yazılmış həmin günü indi hamımız qürur və iftixar hissi ilə qeyd edirik.


Həmişə istənilən bir işin əvvəlində çətinlikləri, maneələri dəf etməli oluruq. Müstəqilliyimizin ilk illərində də Azərbaycanın siyasi və iqtisadi quruculuğunda müəyyən çətinliklər meydana çıxmışdı. O vaxtlar ölkəyə rəhbərlik edənlərin kifayət qədər idarəetmə qabiliyyəti olmadığından, onlar müstəqilliyimizin möhkəmlənməsi üçün yetərli işlər görə bilmirdilər. Müstəqilliyimiz təhlükə altında idi. Ölkədə baş verən xaos vətəndaş müharibəsinə gətirib çıxarmışdı. Çox çətin bir vəziyyət yaranmışdı. Belə bir vaxtda müstəqilliyimizin möhkəmləndirilməsi, ölkənin inkişaf etdirilməsi üçün xalq ümummilli liderimiz Heydər Əliyevə üz tutub hakimiyyətə dəvət etdi. Ulu Öndər ölkəni xaosdan xilas etmək, müstəqilliyimizi daha da möhkəmləndirmək üçün 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıtdı. Ümummilli liderimiz Heydər Əliyev çox qısa bir zamanda müstəqilliyimizi daha da möhkəmləndirdi, onu əbədi və dönməz etdi. Ulu Öndər zəngin siyasi təcrübəsi, yüksək idarəçilik bacarığı, doğma Vətənə tükənməz sevgisi ilə Azərbaycanı daha da inkişaf etdirərək, zirvələrə ucaltdı.


Əsl müstəqillik ölkənin öz sərvətlərinin tam sahibi olmasıdır. Bu, müstəqilliyin vacib amillərindən, zəruri atributlarından biridir.  Bu, yaşanmış tarixin sınağından çıxmış sübut olunmuş bir həqiqətdir. Yaxın tariximizdən hamımıza yaxşı məlumdur ki, 20 sentyabr 1994-cü ildə ümummilli lider Heydər Əliyevin müəllifi olduğu nəhəng neft müqaviləsi - "Əsrin müqaviləsi" imzalandı. Bununla da Azərbaycan ilk dəfə olaraq dünya qarşısında sərvətlərinin mütləq sahibi olduğunu bir daha sübut etdi. Beləliklə, müstəqilliyimizin iqtisadi əsası qoyuldu. İnkişafa doğru çox uğurlu addımlar atıldı. Bu günə qədər ölkə büdcəsinə həmin müqavilədən milyonlarla vəsait daxil olub.


Qazanılan və əldə olunan iqtisadi dirçəliş nəticəsində, başqa sahələrdə olduğu kimi, ordu quruculuğu istiqamətində də uğurlu islahatlar həyata keçirildi. Qısa müddət ərzində Azərbaycanın müstəqilliyinin qarantı olan güclü, qüdrətli Silahlı Qüvvələr yaradıldı. Bu gün tam inamla deyə bilərik ki, Azərbaycan Ordusu dövlətimizin müstəqilliyini qorumağa və torpaqlarımızı erməni işğalçılarından azad etməyə qadir və hazırdır. Bunu zabit və əsgərlərimiz 2016-cı ilin aprel döyüşlərində hünər və cəsarətləri ilə bir daha dünyaya sübut etdilər. Onlar erməni işğalçılarının hücumlarını dəf edərək geri oturtdular. Gərgin döyüşlərdə düşmənin xeyli canlı qüvvəsi və döyüş texnikası məhv edildi. Cəsur zabit və əsgərlərimiz sübut etdilər ki, ordumuz güclü və qüdrətlidir.


Ümummilli lider Heydər Əliyevin zəngin irsi müasir cəmiyyətimizin, müstəqilliyimizin ən inamlı ideya mənbəyidir. Müdrik rəhbərin böyük əziyyətlər bahasına qurub-yaratdığı müstəqil Azərbaycan bu gün Ulu Öndərin siyasi irsinin layiqli davamçısı möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında daha da inkişaf etdirilir. Sabahlara doğru inamlı addımlar atılır. Bu gün ölkəmizin üçrəngli bayrağı dünyanın ən nüfuzlu ölkələrinin bayraqları ilə bir sırada dalğalanır. Müstəqilliyi gündən-günə möhkəmlənən bir ölkənin vətəndaşı olmaqdan hamımız qürur duyuruq. Fəxr edirik ki, belə güclü və qüdrətli dövlətimiz var.

Nizami Mövsümov 

Zəngilan İH Başçının müavini-İctimai-siyasi humanitar məsələlər şöbəsinin müdiri


Digər xəbərlər

0.29411196708679