“AzerGold” QSC-nin nümayəndələri Daşkəsəndə sakinlərlə görüşüblər

19:36 28-12-2019 | icon 2990
“AzerGold” QSC-nin nümayəndələri Daşkəsəndə sakinlərlə görüşüblər

“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) korporativ sosial məsuliyyət (KSM) komitəsinin əməkdaşları Daşkəsən rayonunda Çovdar filiz emalı sahəsinin yaxınlığında yerləşən Quşçu və Çovdar kəndlərində sosial ehtiyacların müəyyənləşdirilməsi məqsədilə rayon icra hakimiyyətinin nümayəndəsi və bələdiyyə sədrinin də iştirakı ilə sakinlərlə görüş keçiriblər.

QSC-dən bildirilib ki, hər iki kəndin orta məktəblərində təşkil edilən görüşlərdə çıxış edən komitənin sədri, “AzerGold”un sədr müavini Xəyyam Fərzəliyev cəmiyyətin sosial siyasəti və bu istiqamətdə görülən işlər barədə geniş məlumat verib. X.Fərzəliyev yerli əhali və icmalarla iş prioritetləri çərçivəsində gələn ildə də bir neçə layihənin həyata keçiriləcəyini bildirib.

Daha sonra kənd sakinlərinin sosial problemlərlə bağlı çıxış və təklifləri dinlənilib, yeni təşəbbüslərə dair fikir mübadiləsi aparılıb. Komitə sədri müraciətlərin hərtərəfli araşdırılması və müvafiq addımların atılması üçün tapşırıq və tövsiyələrini verib.

Qeyd edək ki, cəmiyyətin KSM siyasətinin tətbiqinin əsas məqsədi əhalinin həssas hədəf qruplarına yönəlmiş təşəbbüslər və layihələr vasitəsilə ölkədə sosial və dayanıqlı inkişafa dəstək verməkdir. KSM komitəsinin nümayəndələri sosial ehtiyacların hərtərəfli araşdırılması üçün kənd sakinləri arasında vaxtaşırı sorğular təşkil edir və aztəminatlı ailələrin həyat şəraiti ilə yaxından tanış olmaq məqsədilə onlarla mütəmadi görüşür, evlərinə baş çəkirlər.

Bu günədək “AzerGold” QSC tərəfindən vətəndaş müraciətləri əsasında çoxsaylı maddi yardımlar edilib. Kənd sakinlərinin təşəbbüsü ilə Çaykənd kəndində yeni su xətti çəkilib, Çovdar kənd orta məktəbi zəruri tədris avadanlıqları və sürətli internet cihazları ilə təchiz olunub. “AzerGold” QSC Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi ilə əməkdaşlıq çərçivəsində “Fərdi aqrar təsərrüfatların iqlim dəyişikliklərinə adaptasiyası” mövzusunda 100 fərdi sahibkarın iştirakı ilə Bakıda və Naxçıvanda təlimlər təşkil edib. İndiyədək Çovdar filiz emalı sahəsinin ətraf ərazilərində 8 mindən çox ağac və kol əkilib. Həmçinin IDEA İctimai Birliyinin dəstəyi ilə bu il Çovdar yatağının ərazisində 100 min ədədlik palıd tingliyi salınıb.

“AzerGold” QSC maddi mədəni irsin mümunələrinin qorunması və təbliği istiqamətində də müvafiq addımlar atır. Belə ki, Çovdar yatağı ərazisində aparılan tikinti işləri zamanı aşkarlanan qədim məzarlıqların öyrənilməsi üçün Heydər Əliyev Fondunun dəstəyi ilə bu ilin fevral ayında cəmiyyət müvafiq qurumlara müraciət edib və ərazidə geniş arxeoloji tədqiqatların aparılmasını təmin edib. Beş ay davam edən qazıntılar zamanı 156 qəbir və 6 mindən çox eksponat aşkarlanıb, tədqiq edilməsi üçün müvafiq şərait yaradılıb. Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Sənaye öhdəlikləri: arxeologiya və mədəni irsə töhfə” mövzusunda keçirilən beynəlxalq simpozium çərçivəsində görülən işlər və maddi-mədəni irs nümunələri geniş ictimaiyyətə təqdim edilib. Tapıntılardan ibarət xüsusi ekspozisiya Daş Salnamə muzeyində hazırda da sərgilənir.


Digər xəbərlər

0.24171495437622