"Büdcəyə proqnozdan əlavə 2 ayda 250 milyon manat daxil edilib"

14:24 04-03-2020 | icon 2979

“Bu gün ölkəmizdə sərmayə iqlimi çox müsbətdir. Təsadüfi deyil ki, keçən il ölkə iqtisadiyyatına 13,5 milyard dollar sərmayə qoyulub. Bu il də bu proses davam etdirilir və sərmayənin böyük hissəsi yerli sərmayədir. Bu, onu göstərir ki, yerli şirkətlər artıq ayaqda möhkəm dayana bilir və dövlətin dəstəyi ilə bu işlər davam etdiriləcək. Təkcə Sahibkarlığın İnkişafı Fondunun xətti ilə sahibkarlara 2 milyard manat məbləğində güzəştli kreditlər verilib və bu kreditlərin hesabına on minlərlə yeni iş yeri yaradılıb.

Bu sözləri Prezident İlham Əliyev Qazax rayon ictimaiyyətinin bir qrupu və əhəng zavodunun kollektivi ilə görüşü zamanı deyib.

 
 

“Bizim investisiya iqlimimizin müsbət olmasını Dünya Bankı da qeyd edir və biz bu reytinqlərdə 20 ən islahatçı ölkə sırasındayıq. Əlbəttə ki, buna nail olmaq üçün çox düşünülmüş siyasət aparılmalıdır. Əminəm ki, təkcə Dünya Bankı yox, eyni zamanda, yerli sahibkarlar da aparılan islahatları görürlər və bəyənirlər. Çünki sahibkarlar üçün əsas məsələ düzgün qaydaların tətbiq edilməsidir. Bu istiqamətdə dövlət siyasəti birmənalıdır, bütün sahələrdə, o cümlədən maliyyə və iqtisadi sahədə tam şəffaflıq təmin edilməlidir. Bu şəffaflıq hesabına təkcə keçən il vergi və gömrük orqanları proqnozdan əlavə büdcəyə 1 milyard manat daxil ediblər.

Baxmayaraq ki, bu ilin büdcəsi rekord həddə çatıb, Azərbaycan tarixində bu ölçüdə, bu böyüklükdə büdcə xərcləri olmayıb. Büdcə hazırlanarkən çox geniş təhlil işləri aparılıb ki, proqnozlar nədən ibarət olacaq. Proqnozlar keçən ilə görə artırılıb. Buna baxmayaraq, yanvar-fevral aylarında vergi orqanları büdcəyə proqnozdan əlavə 180, gömrük orqanları isə 70 milyon manat vəsait daxil ediblər. Bütövlükdə 250 milyon manat, cəmi iki ay ərzində. Nəyin hesabına? Şəffaflıq, dürüstlük, təmizlik və vergi bazasının genişləndirilməsi hesabına. Ona görə sahibkarlar da bu işlərə tam dəstək verərək, həm öz maliyyə imkanlarını genişləndirəcəklər, onlarda əlavə vəsait toplanacaq. Bu vəsaiti də, ilk növbədə, Azərbaycana yatırmaq lazımdır. Eyni zamanda, bu müsbət tendensiyalar kölgə iqtisadiyyatına da böyük zərbədir. Kölgə iqtisadiyyatının həcmi kəskin daralır, daha da daralmalıdır və proqnozdan əlavə yığılan vəsait bunun bariz nümunəsidir”, - dövlət başçısı bildirib.


Digər xəbərlər

0.28930497169495