“Vətəndaşlardan Prezidentə göndərilən bütün siqnallar ünvanına çatmaqdadır”

00:58 09-05-2020 | icon 3639
“Vətəndaşlardan Prezidentə göndərilən bütün siqnallar ünvanına çatmaqdadır”

Ölkəmizdə hazırki mərhələdə gedən genişmiqyaslı islahatlar sadəcə bu günün mövzusu deyil. Azərbaycan müstəqilliyini əldə etdikdən sonrakı dövrlərdə, xüsusilə də 2000-ci illərin əvvəllərindən başlayaraq zaman-zaman müxtəlif sahələri əhatə edən islahat tədbirləri keçirilməkdədir. Bu gün ölkədə gedən proseslərlə bağlı anons ilk olaraq dövlət başçısı tərəfindən 2019-cu ildə keçirilən prezident seçkiləri zamanı verildi. Prezident İlham Əliyev ötən il növbədən kənar prezident seçkilərində qalib gəldikdən sonra ölkəmizdə geniş iqtisadi islahatlarla yanaşı həm də məhkəmə hüquq sahəsində də irimiqyaslı yeniliklərə ehtiyac yarandığını vurğuladı. Bu səpkidə fikirlər ölkə başçısı tərəfindən televiziya kanallarına müsahibələr verərkən, nazirlər kabinetinin iclaslarında və digər tədbirlərdə çıxışlar edərkən dəfələrlə səsləndirilmişdi. Bu gün aparılan islahatlar özünün mahiyyətinə və formasına görə əvvəlkilərdən xeyli fərqlənir.

Ən əsas fərqlər ondan ibarətdir ki, müstəqilliyinin 30 ilə yaxın dövrü ərzində:

- Azərbaycanda aparılan islahat tədbirləri, heç zaman indiki kimi kompleks şəkildə dövlət əhəmiyyəti daşıyan bütün prioritet sahələri əhatə etməyib. 
- Konstitusiyamıza görə hakimiyyət bölgüsü prinsipinə əsasən müstəqil şəkildə fəaliyyət göstərən hər üç hakimiyyət qolunu - qanunvericilik, icra və məhkəmə hakimiyyətləri eyni zamanda hazırki qədər islahat tədbirlərinə məruz qalmamışdır.
- Bu dönəmdə həyata keçirilən institusional islahatların da ölkəmizin tarixində bənzəri olmayıb.
- Dövlət idarəetmə strukturlarında kadr bazasının mütləq əksəriyyətinin yenilənməsi və bu prosesin gəncləşdirmə prinsipləri əsasında həyata keçirilməsi də ciddi əhəmiyyət kəsb edir.
- Hazırki proseslərin ən əsas spesifikliklərindən biri də ondan ibarətdir ki, dövlət rəhbəri səviyyəsində Azərbaycanda siyasi islahatlara, geniş siyasi dialoqa ciddi ehtiyac yarandığının, ölkənin yeni siyasi konfiqurasiyasının formalaşdırılması zərurətinin qeyd olunmasıdır ki, bu da artıq ölkədə siyasi islahatlar mərhələsinin başlandığına işarə oldu.

 

Təəssüflər olsun ki, ölkə rəhbərliyi tərəfindən bu genişmiqyaslı islahatlar prosesinin uğurla həyata keçirilməsinə həm ölkə xaricində, həm ölkə daxilində və hətta dövlətimizin ayrı-ayrı vəzifəli şəxslər tərəfindən də mane olmaq istəyənlərin olduğunun şahidi oluruq. Lakin, onu da açıq şəkildə gördük ki, bu islahatlar prosesi ilə bağlı dövlət başçısı tərəfində ortaya qoyulan ciddi iradəyə və qətiyyətli mövqeyə nəinki bu cür neqativ qüvvələr, hətta bütün dünya dövlətlərini səfərbər edən pandemiya da müqavimət göstərə bilmədi. Bu səbəbdən də dövlət və vətəndaş münasibətlərinə xələl gətirməyə çalışan bir sıra vəzifəli şəxslərin həbs olunaraq zərərsizləşdirilməsi, məhz bu cür həssas məqamda dövlətin həyata keçirdiyi irimiqyaslı islahatlar paketinin reallaşdırılmasına zərbə vurmaq cəhdlərinin qarşısının alınmasına yönəlmişdir. Həm də, bu həbslərin və bu kimi digər tədbirlərin görülməsi ilə bağlı da ölkə başçısı yeni seçilmiş Milli Məclisin iclasında və son zamanlar iştirak etdiyi tədbirlərdəki çıxışlarında da ciddi anonslar verməkdədir. Prezident ölkə əhalisinə müraciət edərək vurğuladı ki, əvvəllər vətəndaşlar tərəfindən göndərilən müraciətlərin ona çatmasına mane olan qüvvələr olmuşdur. Artıq atılan addımlar və həyata keçirilən kadr islahatları nəticəsində bu cür halların qarşısı tam şəkildə alınmışdır, bu gün Prezident Administrasiyasında tam yeni bir mənzərə hökm sürür. Dövlət başçısı bir daha vətəndaşlarımızı aktiv olmağa, şahidi olduqları qanunzuluqlarla və neqativ hallarla bağlı bilavasitə şəxsən onun özünə müraciətlər ünvanlamağa səslədi.

Aparılan həbslər bir daha sübut etdi ki, bu müraciət tam zamanında edilmiş müraciət oldu və həqiqətən də hazırda ölkə vətəndaşları tərəfindən dövlət başçısına göndərilən bütün siqnallar, həm olduğu kimi, həm də vaxtında ünvanına çatdırılır. Bu da onun əyani sübutudur ki, bu gün Prezident Administrasiyasında və I vitse-prezidentin komandasında çalışan kadr korpusu ölkədə dövlət maraqlarına uyğun həyata keçirilən siyasətə tam sədaqətli şəkildə fəaliyyət göstərməkdədirlər.

Siyasi şərhçi Xəyal Bəşirov


Digər xəbərlər

0.30077981948853