“İlham Əliyev yeni elitanı formalaşdırır”

13:20 05-06-2020 | icon 3949
“İlham Əliyev yeni elitanı formalaşdırır”

“Biz müstəqil dövlətimizin peşəkar kadrlarla bağlı az qala Qarabağ məsələsi qədər ümummilli əhəmiyyət daşıyan problemləri həll etməliyik”.

Bunu deputat Zahid Oruc Milli Məclisdə çıxışında deyib. O bildirib ki, əslində nə İdarəçilik Akademiyası, nə də digər universitetlər ayrıca götürülmüş halda konkret nazirliklər üçün kadr yetişdirmir: 

“Burada vahid bir standart və tələb yoxdur. Bəli, İlham Əliyev yeni elitanı formalaşdırır və bu zaman “toxunulmaz şəxs yoxdur” şüarını irəli sürür. Lakin bir-birinin ardınca nazirlər, İcra Hakimiyyəti rəhbərləri və digər yüksək çinli məmurların vəzifədən məhz yarıtmaz işlərinə, korrupsiya və digər qanunsuz əməllərə görə getməsi sübut edir ki, kadrların seçilməsi, yerləşdirilməsi, rotasiyası ətrafında hüquqi mexanizmlərin təkmilləşməsinə dərin ehtiyac duyulur ki, burada da Parlamentin rolu əvəzsiz ola bilər.

Diqqət edin, MT, Rabitə, Vergilər, Nəqliyyat və son olaraq, Mədəniyyət nazirlərinin vəzifələrdən getməsi hansı şəraitdə baş verib, səbəbləri nə olub, onda belə nümunələri biz gənclərimiz üçün təklif edə bilmirik.

5 İcra Hakimiyyəti başçısının rəhbəri külli miqdarda büdcə vəsaitləri və vətəndaşların haqlarını mənimsəməkdə ittiham olunur. MTN sabiq nazirinin düz beş ildir ki, Britaniya ərazilərində 100 milyonlarla funt dəyərində mülkləri və əmlakları haqda söhbət gedir. Əlbəttə, bunların hamısı Azərbaycan xalqının sərvətləri kimi qəbul olunaraq, ölkəmizə geri qaytarılmalıdır, lakin bizi daha çox kadr məsələsi narahat etməlidir.

Müstəqilliyimizin yeni mərhələsində İlham Əliyev məhz yeni hakimiyyət qurur. Ölkə rəhbəri son aylar bütün komanda üzvlərinə çağırış edir ki, kim nəfsinə qalib gələ bilmirsə, onda özlərini bədbəxt etməsinlər, kənara çəkilsinlər, vəzifədən getsinlər. Elitanın səfərbərliyi üçün sərt idarəçilik şərtləri: fəaliyyət-nəticələrə görə məsuliyyət- tələb edir.

Kadr siyasətində dönüş yaranması bütün sahələrdə nailiyyətlərlə bərabər, ilk növbədə torpaqlarımızın işğaldan azad olunmasına kömək edəcək, Prezidentin fədakar və misilsiz işlərinin uğuruna müsbət təsir edəcək, dövlətimizi vətəndaşın gözündə ucaldacaq. Mən təklif edirəm ki, dövlət idarəçiliyinə kadr hazırlığının vəziyyəti ilə bağlı böyük plenar sessiya keçirilsin və orada dövlət siyasətini həyata keçirənlərlə yanaşı, universitetlər, elmi mərkəzlər və 3-cü sektor təmsilçiləri də iştirak etsin. Əlbəttə, ”Yüksəliş” müsabiqəsini hamı alqışlayır, lakin dövlətimizin ehtiyacı 18 nəfərdən min dəfələrlə çoxdur”.


Digər xəbərlər

0.28646922111511