Deputat oğluna vəzifə verildi - Assosiasiya Prezidenti

10:21 05-03-2017 | icon 5058
Deputat oğluna vəzifə verildi - Assosiasiya Prezidenti

Martın 4-də Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Futnet Assosiasiyasının (AFNA) təqdimat mərasimi keçirilib.

Tədbirdə xarici ölkələrin bir sıra idman federasiyalarının rəhbərləri, dövlət rəsmiləri və tanınmış idmançılar iştirak ediblər.

Əvvəlcə Assosiasiyanın rəhbər vəzifələrinə keçirilən seçkilərin nəticələri açıqlanıb. Qeyd olunub ki, Vüqar Xəlilov assosiasiyanın prezidenti, Samir Məmmədov birinci, Rüfət Hüseynov isə vitse-prezident seçiliblər. Qurumun baş katibi Əfqan Həmzəyev, mətbuat xidmətinin rəhbəri isə Araz Əhmədov olub.

Təqdimat mərasimində məlumat verilib ki, futbol-tennis idman növü 1922-ci ildə Çexoslovakiyada yaranıb. Həmin illərdə Praqanın “Slaviya” klubunun nəzdində ayaqla oynanılan tennis üzrə komanda fəaliyyətə başlayıb. İdmanın bu növü üzrə ilk turnir 1939-cu ildə keçirilib. Bu yarışlar əsasən, Çexoslovakiya ərazisində təşkil olunub. 1940-cı ildə futnet üzrə müəyyən qaydalar qəbul olunub. 1943-cü ildən idmanın bu növü Fransada geniş yayılmağa başlayıb. 1953-1961-ci illərdə Avropada on komandanın iştirakı ilə liqa yarışları keçirilib. 1971-ci ildə Çex Futnet Dərnəyi yaranıb, üç il sonra isə Slovakiya Futnet Assosiasiyası qeydə alınıb. 1987-ci ildə İsveç, İngiltərə, İtaliya, Rumıniya və Almaniyanın iştirakı ilə Beynəlxalq Futnet Assosiasiyası təsis edilib. 1991-ci ildə idmanın bu növü üzrə ilk Avropa, üç il sonra isə birinci dünya çempionatı keçirilib. 2010-cu il aprelin 24-də isə Avropa Futnet Birliyi fəaliyyətə başlayıb.

Diqqətə çatdırılıb ki, sovet dövründə Azərbaycanda futnet idman növünə oxşar oyunlar keçirilib. Peşəkar futnet komandası isə ilk dəfə ötən il “Marafon” idman klubunun nəzdində fəaliyyətə başlayıb. İdmançılarımız ilk dəfə beynəlxalq turnirdə məhz həmin il mübarizə aparıblar. Azərbaycan Şimali Kiprdə keçirilən dünya çempionatında təmsil olunub. Azərbaycanlı hakim Əfqan Həmzəyev 2014-2016-cı illərdə Türkiyədə və Rumıniyada keçirilən beynəlxalq turnirlərdə iştirak edib. Azərbaycanda ilk futnet yarışı da 2016-cı ilin iyununda keçirilib. Rusiya, Azərbaycan və Gürcüstan komandalarının iştirakı ilə Bakıda keçirilən ilk beynəlxalq yarış ötən il dünyada təşkil edilən ən reytinqli beş turnirdən biri olub.

Sonda jurnalistlərin sualları cavablandırılıb.

Qeyd edək ki, Assosiasiyanın yeni seçilmiş Prezidenti Vüqar Xəlilov millət vəkili,“Azərsutəchizattikinti” ASC- nin sədri Mirzəcan Xəlilovun oğludur.


Digər xəbərlər

0.29410982131958