Qüdrət Qurbanov dənizçiləri təbrik etdi

10:36 25-06-2020 | icon 4579
Qüdrət Qurbanov dənizçiləri təbrik etdi

Bu gün “Dənizçi Günü”-dənizçilərin peşə bayramı qeyd olunur. Bu münasibətilə Dövlət Dəniz Agentliyinin direktoru Qüdrət Qurbanov dənizçilərə təbrik  ünvanlayıb.

Təbrikdə deyilir: “Əziz dənizçilər! Sizi peşə bayramınız münasibətilə təbrik edərək böyük inkişaf yolu keçən və bütün zamanlarda öz əhəmiyyətini qoruyub saxlayan Azərbaycanın dəniz nəqliyyatı tarixinə, Dövlət Dəniz Agentliyinin fəaliyyətinə nəzər salmaq istərdim.

Azərbaycanın dəniz nəqliyyatı sistemi Avrasiya məkanının ən mühüm nəqliyyat-tranzit qovşaqlarından birinə çevrilib. Tarixi İpək yolunun bərpası, bu sahənin inkişafı məqsədilə mühüm sazişlərin imzalanması, nəqliyyat sektorunda nəhəng layihələrin reallaşdırılması, daniz nəqliyyatı sahəsinə iri həcmli investisiyaların cəlb edilməsi məhz Heydər Əliyevin böyük fədakarlığının nəticəsində mümkün olub.

 

Dəniz donanmasına malik keçmiş sovet respublikalarının bir çoxunda donanmalar qayğısızlıq və nəzarətsizlik üzündən, demək olar ki, dağılıb. Bizim ölkəmizdə isə iqtisadiyyatımızın strateji cəhətdən mühüm sahəsindən biri olan dəniz nəqliyyatı üzərində nəzarət saxlanılıb. Bu gün də qeyd edilən sahəyə Prezident İlham Əliyevin göstərdiyi diqqət və qayğının nəticəsidir ki, hazırda donanmada sərnişin bərələri, “ro-ro” tipli gəmilər, neft tankerləri, quru yük gəmiləri, boru kəməri çəkən, elmi-tədqiqat, qəza-xilasetmə, yedək və dalğıc gəmiləri, torpaqqazan, həmçinin analoqu olmayan iritonnajlı kran gəmiləri mövcuddur. Bu da ölkəmizin həqiqətən qüdrətli dəniz dövləti olmasını təsdiqləyir.

 “Dənizdə insan həyatının mühafizəsinə dair Beynəlxalq Konvensiya”nın tələblərinin yerinə yetirilməsi məqsədilə Xəzəryanı ölkələrdə ilk dəfə olaraq Azərbaycanda yaradılmış, ən son naviqasiya və müşahidə avadanlıqları ilə təchiz edilmiş Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzi öz texniki təchizatı baxımından bir çox qabaqcıl Avropa dövlətlərinin oxşar qurumlarından daha üstündür. Milli Mərkəzdə işə cəlb olunmuş mütəxəssislər xarici ölkələrin müvafiq mərkəzlərində xüsusi təlimlər keçiblər.

Koronavirus (COVID-19) infeksiyasının zərərlərini minimuma endirmək üçün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə əhəmiyyətli və sistemli tədbirlər görülür. Pandemiyanın vura biləcəyi zərbələrdən az itki ilə çıxmaq məqsədilə Azərbaycanda vacib addımlar atılır, nəticədə respublikada bu sahədə vəziyyət digər ölkələrlə müqayisədə xeyli dərəcədə qənaətbəxşdir. Artıq bəzi ölkələr Azərbaycan nümunəsini öyrənməyə, tətbiq etməyə başlayıb.

Azərbaycan dənizçilərinə verilən şəxsiyyət sənədi və “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair Beynəlxalq Konvensiya”nın tələblərinə uyğun olaraq verilən sertifikatların (diplomların) etibarlılıq müddətlərinin bitmə ehtimalı yarandığından bu istiqamətdə mühüm addımlar atılıb.

Dövlət Dəniz Agentliyi yeni koronavirus 2019 (COVID-19) pandemiyası ilə əlaqədar zəruri xidmətlərin göstərilməsi üzrə fəsadların qarşısının alınmasına dair planlar barədə Beynəlxalq Dəniz Təşkilatına, Azərbaycan dənizçilərinə, gəmi sahiblərinə, gəmiçilik şirkətlərinə, Dövlət Liman Nəzarəti və Bayraq nəzarətini həyata keçirən qurumlara, gəmiləri heyətlə komplektləşdirən agentliklərə və digər aidiyyəti şəxslərə bildiriş göndərib.

Hazırda beynəlxalq səfərlər həyata keçirən, Azərbaycan bayrağı, eləcə də xarici bayraq altında üzən gəmilərdə Azərbaycan dənizçilərinin çalışdığı nəzərə alınaraq dənizçilərin etibarlılıq müddəti bitmiş sertifikatlarının (diplomların) etibarlılıq müddəti müvafiq tələblərə riayət olunmaqla ilkin mərhələdə 1 iyul 2020-ci il tarixədək, daha sonra isə 1 oktyabr 2020 – ci ilədək artırıldı.

Koronavirus pandemiyası ilə əlaqədar zəruri xidmətlərin göstərilməsinə dair planlar barədə Azərbaycan dənizçilərinə, gəmi sahiblərinə, gəmiçilik şirkətlərinə, dövlət liman nəzarəti və bayraq nəzarətini həyata keçirən qurumlara, gəmiləri heyətlə komplektləşdirən agentliklərə və digər aidiyyəti şəxslərə bildirişlər göndərilib.  

Əziz dənizçilər! Sizi bir daha peşə bayramınız münasibətilə ürəkdən təbrik edir, sizə çətin və məsuliyyətli işinizdə uğurlar arzu edirəm".


Digər xəbərlər

0.21371793746948