İlham Əliyev “ASAN” könüllülərindən danışdı

00:37 31-07-2020 | icon 2448
İlham Əliyev “ASAN” könüllülərindən danışdı

"Burada mən “ASAN xidmət” mərkəzlərinin işçilərini xüsusilə qeyd etmək istəyirəm. Onların hamısı gəncdir. Bu, Azərbaycan gəncliyinin simasıdır. Azərbaycan gəncləri məhz belə olmalıdır - bilikli, savadlı, mədəni, yaşlı nəslə həmişə hörmət göstərən, öz doğma torpağına bağlı olan insanlar olmalıdır".

Bu sözləri Prezident İlham Əliyev iyulun 29-da Balakən regional “ASAN xidmət” mərkəzinin açılışında çıxış edərkən deyib.

“ASAN xidmət”in ordusu artıq kifayət qədər böyükdür. Minlərlə gənc “ASAN xidmət”də çalışıb, təcrübə qazanıb. Bu gün onların nümayəndələri çox önəmli vəzifələrdə çalışırlar, o cümlədən könüllülər. Bizdə, əslində, könüllülər hərəkatı “ASAN xidmət” mərkəzlərində başlamışdır. O vaxta qədər könüllülər hərəkatı yox idi. İndi Azərbaycanda artıq minlərlə könüllü fəaliyyət göstərir. Ölkəmiz üçün vacib olan sahələrdə onlar mühüm rol oynayırlar. Böyük, mötəbər idman yarışlarında könüllülər fəal iştirak ediblər. Misal üçün, Şamaxı rayonunda baş verən zəlzələnin fəsadlarının aradan qaldırılmasında könüllülər fəal iştirak ediblər.

 

Bir neçə il bundan əvvəl bu zonada - Balakən, Zaqatala, Qax rayonlarında da zəlzələ baş vermişdir. Onu da bildirməliyəm ki, dövlət xətti ilə minlərlə ev tikildi. Ancaq o vaxt bizdə könüllülər yox idi ki, vətəndaşlara xidmət göstərsinlər. Şamaxıda zəlzələ baş verən kimi, ilk növbədə, könüllülər oraya gəldilər, vətəndaşlara əl tutdular, əlbəttə ki, dövlət dəstəyi də göstərildi. Ona görə “ASAN xidmət”in bir çox müsbət əlamətləri var.

Ölkəmizin imici üçün bu mərkəzlərin fəaliyyəti çox önəmlidir. “ASAN xidmət” beynəlxalq müstəviyə çıxıb, BMT tərəfindən mükafatla təltif edilib. Bir neçə ölkə bu təcrübəni bizdən öyrənib və artıq bəzi ölkələrdə “ASAN xidmət” adı altında oxşar xidmətlər göstərilir. Bu, bizim intellektual məhsulumuzdur, milli brendimizdir. Bu gün Azərbaycan o ölkələrdəndir ki, intellektual məhsul yaradır və ixrac edir. Bu gün 20 mərkəz demək olar ki, ölkəmizin bütün bölgələrini əhatə edir. Əgər avtobusları əlavə etsək, onda artıq hər bir yerdə “ASAN xidmət” var. Amma əlbəttə ki, növbəti illərdə yeni mərkəzlərin yaradılması da nəzərdə tutulur", - deyə dövlət başçısı əlavə edib. 


Digər xəbərlər

0.25672698020935