Azərbaycan Premyer Liqasında ilin son turu

10:03 24-12-2020 | icon 2025
Azərbaycan Premyer Liqasında ilin son turu

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XIII turun oyunları keçiriləcək.

Qış fasiləsi öncəsi sonuncu turun bütün qarşılaşmaları eyni gündə gerçəkləşəcək.

20 xalla 2-3-cü yerləri bölüşən "Qarabağ" və "Zirə" "Azersun Arena"da münasibətlərinə aydınlıq gətirəcəklər. İndiyədək çempionatda 20 dəfə üz-üzə gəlmiş komandaların duelində Ağdam təmsilçisi 14 qələbə qazanıb. Rəqibini məğlub edə bilməyən "qartallar" yalnız 6 görüşdə heç-heçəyə nail olub. Topların fərqində də "köhlən atlar"ın üstünlüyü var - 43:8. "Zirə” son iki səfər matçında uduzmayıb.

XII turdan 10 xal toplayan və sonuncu pillədə qərarlaşan "Sabah" bu tur 16 xalla 4-cü pillədə yer alan "Sumqayıt"a qonaq olacaq. Bu, iki kollektiv arasında Premyer Liqada sayca 9-cu oyun olacaq. Əvvəlki 8 qarşılaşmanın 5-də meydan sahibləri, 2-də isə qonaqlar seviniblər. 1 görüş heç-heçə ilə yekunlaşıb. "Gənclik şəhəri" təmsilçisinin 13 qoluna Masazır klubu 7 topla cavab verib. Son üç matçda "Sabah" qalib gəlib. “Sumqayıt” son 6 oyunda meydanı qolsuz tərk etməyib.

Ötən tur qələbə sayəsində xallarını 13-ə çatdıraraq, 5-ci sıraya yüksələn "Səbail" "Qəbələ"ni qəbul edəcək. Hazırda əyalət təmsilçisi 12 xalla 7-ci pillədə yer alır. Komandalar bugünədək ölkə çempionatında 12 dəfə qarşılaşıblar. Meydan sahibləri bu görüşlərdən 3-də qalib gəlib. Qonaqların qələbə sayı isə 5-dir. 4 qarşılaşmada qalib müəyyənləşməyib. Bu matçlarda "dənizçilər" 13, "qırmızı-qaralar" 20 qol vurublar. “Qəbələ” son 6 matçda meydanı qolsuz tərk etməyib. “Səbail” evdəki son 5 görüşdə uduzmayıb.

Tura paytaxt derbisi ilə yekun vurulacaq. 21 xalla turnir cədvəlinə başçılıq edən "Neftçi" "Bakcell Arena"da "Keşlə" ilə qarşılaşacaq. "Ağ-qaralar" rəqibini məğlub edərək, fasiləyə qış çempionu kimi yollanmağa çalışacaq. Bu komandalar arasında indiyədək keçirilmiş 63 oyunun 33-də meydan sahibləri, 15-də qonaqlar qələbəni bayram ediblər. 15 matç bərabərliklə başa çatıb. Topların fərqi də flaqmanın xeyrinədir - 95:61. "Neftçi" son 2 oyunda qələbə qazanıb. "Keşlə" son 10 səfər qarşılaşmasında qalib gələ bilməyib.

24 dekabr (cümə axşamı)

Azərbaycan Premyer Liqası, XIII tur

16:00. “Səbail” – “Qəbələ” (canlı/pfl.az)
Hakimlər:
 Əliyar Ağayev, Akif Əmirəli, Cavanşir Yusifov, Rövşən Rəcəbov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Erkin Hüseynov
“ASCO Arena”

16:00. “Sumqayıt” –“ Sabah”
Hakimlər:
 İnqilab Məmmədov, Pərvin Talıbov, Rahil Ramazanov, Rauf Allahverdiyev
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: İlham Əliyev
“Kapital Bank Arena”

16:00. “Qarabağ” – “Zirə” (canlı/CBC Sport“)
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Cəmil Quliyev, Tural Qurbanov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Elgiz Abbasov
“Azersun Arena”

18:00. “Neftçi” – “Keşlə” (canlı/CBC Sport“)
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Kamran Bayramov, Rəşad Əhmədov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Maşallah Əhmədov
“Bakcell Arena”


Digər xəbərlər

0.27069497108459