İlham Əliyev doğum günü münasibətilə onu təbrik edənlərə təşəkkür edib

02:03 25-12-2020 | icon 3032
İlham Əliyev doğum günü münasibətilə onu təbrik edənlərə təşəkkür edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev doğum günü münasibətilə ona təbrik məktubları göndərənlərə təşəkkür edib.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi “Instagram” səhifəsində bununla bağlı video paylaşıb.

Dövlət başçısı deyib: Doğum günüm münasibətilə mənə çoxsaylı təbriklər, məktublar göndərilir. Bütün bu təbrikləri göndərən insanlara təşəkkürümü bildirirəm. Heç vaxt öz doğum günümü qeyd etməmişəm. Həmişə doğum günümdə məcburi köçkünlərlə, şəhid ailələri ilə görüşmüşəm. Bu il isə doğum günüm ərəfəsində Mehriban xanımla birlikdə işğaldan azad edilmiş torpaqlarda - Zəngilanda, Qubadlıda olmuşam və əsgərlərlə, əgər belə demək mümkündürsə, bu günü qeyd etmişəm.

Bu gün də Bakıdayam, ailə üzvlərimlə birlikdə. Bu dəfə də heç bir qeydetmə olmayacaq, heç nəyi qeyd etməyəcəyik. Sadəcə olaraq, özümüz oturub söhbətləşəcəyik, danışacağıq.

2020-ci il sona çatır. Bu il bizim üçün çox uğurlu olub. Tarixi Qələbə qazanmışıq, Zəfər çalmışıq. Torpaqlarımızı işğalçılardan azad etmişik. Eyni zamanda, kədərli il olub, şəhidlər vermişik. Gənc övladlarımız Vətən uğrunda, torpaq uğrunda həlak olub şəhidlik zirvəsinə ucalmışlar. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Allah onların yaxınlarına səbir versin! Allah bütün yaralı hərbçilərimizə şəfa versin!

Əminəm ki, bundan sonrakı illər də ölkəmiz üçün uğurlu olacaq. Azərbaycan inkişaf, tərəqqi yolu ilə gedəcək, dağıdılmış şəhər və kəndlərimiz bərpa ediləcək. Gələn ildən böyük quruculuq işləri başlanır. Əminəm ki, Azərbaycan xalqı müharibə dövründə olduğu kimi, bu quruculuq işlərində də birlik, həmrəylik göstərərək, öz böyüklüyünü bütün dünyaya bir daha göstərəcək.

Əziz bacı və qardaşlarım, təbriklərə görə bir daha təşəkkürümü bildirirəm. Sizi qarşıdan gələn Yeni il, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə ürəkdən təbrik edirəm. Qarabağ Azərbaycandır!

 

Digər xəbərlər

0.27829718589783