Biləcəridə küçələri su basdı - Video

02:18 25-12-2020 | icon 2067
Biləcəridə küçələri su basdı - Video

Bakının Binəqədi rayonu Biləcəri qəsəbəsində ötən gündən bəri yağan yağış ciddi fəsadlar törədib. Qəsəbənin Məlik Aslanov küçəsi, 4-cü döngədə yağış suları kanalizasiya sularına qarışaraq küçə boyu axıb, bütün məhəlləni sel sularına qərq edib. 

Bu şikayətlə həmin ünvanda yaşayan sakinlər müraciət ediblər. Onların sözlərinə görə, ötən gün vəziyyət o həddə çatıb ki,  evdən çıxıb mağazaya belə gedə bilməyiblər.

“Bu il Məlik Aslanov küçəsinə əsas yoldan bir qədər içəriyə doğru asfalt çəkdilər. Qalan küçələr asfaltlanmadı. Hər yağış yağanda məhəllənin əvvəlində olan üç kanalizasiya daşır. Bütün küçələrdən sel axır. Evlərin zirzəmiləri dolur, hər yer nəmişlik olur. Hələ gördüyünüz video qəsəbənin yaxşı vəziyyətidir, bir az çox yağıntı olsa, lap betər vəziyyət olur. Dünən isə küçə elə gündə idi ki, evdən çıxıb mağazaya çörək almağa belə gedə bilmirdik”, - həmin ünvanda yaşayan İlkin Rəsulzadə bildirib.

 

Onun sözlərinə görə, məhəllə neçə ildir bu vəziyyədədir. Bütün aidiyyati qurumlara müraciət olunsa da, heç bir tədbir görən olmayıb.

 “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı “Qafqazinfo”ya bildirib ki, Məlik Aslanov küçəsində intensiv yağıntılar zamanı kanalizasiya xətləri dolub və yağış sularının subasma halı baş verib. Artıq həmin problem aradan qaldırılıb: 

“Ötən gün günortadan etibarən biz həmin ünvanda tədbirlər gördük və problem tam aradan qaldırıldı. Hazırda prosesin qarşısı tam alınıb və orada heç bir problem yoxdur”. 

A.Cəbrayıllı həmçinin bildirib ki, hər yağış yağanda bu problem yaranmır. Yağışlar intensiv olanda, çox yağıntı düşəndə kanalizasiya yağış sularının bir qismini eyni anda daşıya bilmir. Ona görə müəyyən ərazilərdə subasma halları baş verir. 

 

 

 

Digər xəbərlər

0.27658700942993