"Müasir Azərbaycanın inkişafında gənclərin rolu"

03:26 02-02-2021 | icon 2397

"Bu gün ölkəmizin inkişafında, dünya ölkələri arasında yuxarı sıralarda
dayanmasında, istər ölkə daxilində, istər ölkə xaricində gedən bütün proseslərdə
gənclərin rolu danılmazdır".

Bu fikirləri YAP Bəylər kənd ərazi ilk partiya təşkilatının sədri Şaiq Nəsirov deyib.

O qeyd edib ki, müstəqillik əldə edildikdən sonra Ümummilli Lider
Heydər Əliyevin gənclər haqqında olan fikri hər bir gəncin üzərinə böyük bir
məsuliyyət qoyur:

"“Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq
müstəqil Azərbaycanın bu günü, gələciyi haqqında düşünməlidir”. Ümummilli
Liderimiz həmişə gənclərimizə böyük ümidlər bəsləyir, dəflərlə qeyd edirdi ki,
Azərbaycanın gələcəyi gənclərin əlindədir. Həyatı boyu, respublikaya rəhbərliyinin
bütün dövrlərində Ulu Öndər sağlam, normal gəncliyin, bu dövlətə sahib dura
biləcək bir nəslin yetişməsinə xidmət edirdi. Ümummilli Liderimizin ən böyük
xidmətlərindən biri də o idi ki, gənclərlə bağlı məsələləri həmişə öz siyasətinin
əsas tərkib hissələrindən biri hesab edir, imkan və bacarıqlarını yüksək
qiymətləndirir, onların problemlərinin həlli istiqamətində həyata keçirilən
tədbirlərə xüsusi önəm verir, bu siyasəti müstəqil Azərbaycan dövlətinin ən
mühüm fəaliyyət istiqamətlərindən biri kimi dəyərləndirirdi. O vaxtdan dövlət
gənclər siyasətinin işlənib hazırlanması və həyata keçirilməsi sayəsində əməli işlər
görülüb. Ümummilli Liderin 1995-ci ildə irəli sürdüyü Gənclər Forumu ilə bağlı
təşəbbüsündən sonra 1996-cı ildə başlayaraq Azərbaycan gənclərinin forumları
keçirilib. Ümummilli Lider Heydər Əliyevin 1997-ci ildə imzaladığı Sərəncamla
tədbirin keçirildiyi günü – fevralın 2-ni Azərbaycanda Gənclər Günü elan edib. Elə
həmin vaxtdan gənclərə bütün sahələrdə daha çox yer verildi, onların bilik və
bacarığından istifadə edilməsinə üstünlük verildi.
Prezident İlham Əliyev tərəfindən 2007-ci ilin “Gənclər ili” elan edilməsi
gənclərin ölkə həyatındakı fəallığını daha da artırdı. Cənab Prezident daim
gənclərə layiq olduqları imkanlar səviyyəsində geniş meydan verilməsinə, bu
təbəqənin zəruri tələbat və ehtiyaclarının ödənilməsinə çalışmışdır. Ardıcıl olaraq
ölkədə müxtəlif gənclər təşkilatlarının yaradılması, gənclərin idmanla məşğul
olması üçün bölgələrdə “Olimpiya Kompleksi”nin tikilməsi, gənclərin asudə
vaxtlarını səmərəli keçirməsi üçün “Gənclər Mərkəzləri”nin yaradılması Cənab
Prezidentin əməli fəaliyyətinin nəticəsidir. Prezident İlham Əliyevin 2015-ci il 26
yanvar tarixli Sərəncamı ilə gənclərin intellektual, fiziki və mənəvi inkişafını,
ölkənin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında fəal iştirakını təmin
etmək məqsədi ilə “2015-2025-ci illərdə Azərbaycan gənclərinin inkişaf
Strategiyası”nı təsdiq edib. Strategiyada gənc nəsilin istər sovet dövründə, istərsə
də müstəqillik illərində Azərbaycan Respublikasının ictimai-siyasi, sosial-iqtisadi
və mədəni həyatında fəal iştirakı, minlərlə gəncin beynəlxalq miqyaslı tədbirlərdə
ölkəmizi uğurla təmsil etməsi vurğulanır. Digər bir proqram, “Azərbaycan
gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı hazırlanmışdır ki, onunda icrası uğurla davam etdirilir. Dövlət Proqramının məqsədi Azərbaycan Respublikasında
gənclər siyasətinin daha səmərəli həyata keçirilməsinə nail olmaq, cəmiyyətin
bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onların yaradıcı və
innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək, gənc nəslin sağlamlığını
qorumaq, gənclərin təhsil və məşğulluq məsələlərinə diqqəti artırmaq, müasir
informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadə etmək, ölkədə
könüllülük hərəkatını inkişaf etdirməkdir.
Azərbaycan gənci öz həyatını qurarkən ilk öncə müstəqil Azərbaycanın bu
günü və gələciyi haqqında düşünür, öz fəaliyyətində yüksək vətəndaşlıq hisslərinə
malik olduğunu nümayiş etdirir. Buna gənclərin yüksək potensialı, əldə etdikləri
elmi bilikləri, güclü vətənpərvərlik hissləri tam imkan verir. Təbii ki, bu uğurların,
Azərbaycan gənclərinin günümüzün müasir, inkişaf etmiş, yüksək intellektli
aparıcı qüvvə kimi formalaşmasında, birmənalı olaraq, dövlətimizin apardığı
gənclər siyasətinin mühüm rolu olmuşdur.
Uzun illər düşmən tapdağı altında qalan torpaqlarımız 44 gün ərzində Cənab
Prezident, Ali Baş Komandan İlham Əliyev başda olmaqla, əsas hissəsi
gənclərdən ibarət olan Azərbaycan ordusu tərəfindən azad olundu. Biz bir xalq
olaraq bütün dünyaya sübut etdik ki, Azərbaycan xalqı, Azərbaycan gəncliyi öz
torpaqlarının azad edilməsindən ötrü canından keçməyə hazırdır. Bütün sahələrdə
fəaliyyət göstərən gənclərdən Ali baş Komandan İlham Əliyevin ətrafında bir
yumruq kimi birləşərək Vətən müharibəsinə könüllü qatılanlar oldu, qanlarından,
canlarından keçərək 30 ilə yaxın sürən torpaq həsrətinə son qoydular. Göründüyü
kimi bu gün Azərbaycan gəncliyinin önündə əlavə qapılar, yeni yollar açılır. Tarixi
torpaqlarımızın, milli-mənəvi dəyərlərimiz olan tarixi abidələrimizin yenidən bərpa
edilməsində, quruculuq- abadlıq işlərinin aparılmasında gənclərin üzərinə böyük
məsuliyyət düşür. İndi gənclərin əsas vəzifəsi dövlət tərəfindən yaradılmış
imkanlardan layiqincə yararlanıb, həm öz inkişafını təmin etmək, həm də
dövlətimizin mənafeyini etibarlı şəkildə müdafiə edən layiqli vətəndaş kimi
formalaşmaq üçün ciddi iradə ilə çalışmalıdır. Hər bir gənc öz yolunu müstəqil
Azərbaycan Respublikasının həyat yolu kimi qəbul etməlidir".


Digər xəbərlər

0.21513795852661