Xırdalanda məktəb və yarımstansiya açılışı oldu - Foto

03:35 02-02-2021 | icon 1986
Xırdalanda məktəb və yarımstansiya açılışı oldu - Foto

Fevralın 1-də Azərbaycan Prezidenti İlham Əliyev yenidən qurulan 220/110/10 kilovoltluq və yeni tikilən 110/35/10 kilovoltluq “Xırdalan” yarımstansiyalarının açılışında iştirak edib.

Dövlət başçısı “Xırdalan” yarımstansiyasında yaradılan şəraitlə tanış olub.

Məlumat verilib ki, 220/110/10 kilovoltluq “Xırdalan” yarımstansiyası istismar müddətini başa vurduğuna və artan tələbatı qarşılaya bilmədiyinə görə tam yenidən qurulub. Bakı şəhərinin dairəvi elektrik təchizatı üzrə 60 faizini elektrik enerjisi ilə qidalandıran bu yarımstansiyaya Şirvan şəhərindəki “Cənub” Elektrik Stansiyasından 108 kilometr məsafədə elektrik ötürmə xətti çəkilib. Bu, Mingəçevir şəhərindəki generasiya mənbələrindən asılılığı azaltmağa xidmət etməklə yanaşı, paytaxtın etibarlı və dayanıqlı enerji ilə təmin edilməsində əvəzsiz rol oynayır.

 

Sonra Prezident İlham Əliyev məsafədən idarəolunan SCADA Dispetçer sistemi vasitəsilə yeni tikilən 110/35/10 kilovoltluq “Xırdalan” yarımstansiyasını işə salıb.

Bildirildi ki, qəzaların qarşısının alınması və istehlakçıların keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsində bu stansiya mühüm əhəmiyyətə malikdir. Dövlət başçısına yeni SCADA layihəsinin birinci mərhələsinin başa çatması barədə də məlumat verilib. Qeyd edilib ki, yarımstansiyanın yeni inzibati binasında SCADA idarəetmə sisteminin tam həcmdə ehtiyat dispetçer idarəetmə mərkəzi yaradılıb.

***
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva eyni zamanda fevralın 1-də Abşeron rayonunun Xırdalan şəhərində 3 saylı məktəb-liseydə yaradılan şəraitlə tanış olublar.

Dövlət başçısının 2019-cu ilin yanvarında imzaladığı Sərəncamla bu təhsil müəssisəsinin 1176 şagird yerlik korpusu əsaslı təmir olunub və 1200 şagird yerlik yeni əlavə korpus inşa edilib. Yeni tikilən korpusda müasir sinif otaqları, informatika, hərbi hazırlıq, əmək təlimi, məktəbəqədər hazırlıq kabinetləri yaradılıb və zəruri dərs vəsaiti ilə təchiz olunub. Burada, həmçinin STEAM – elm, texnologiya, mühəndislik, incəsənət, riyaziyyat otağı, laboratoriyalar, akt zalı və açıq idman meydançası yaradılıb.

 

 














Digər xəbərlər

0.24949502944946