Türk şirkətləri Qarabağın yenidənqurma işlərində iştirak edir

14:10 03-03-2021 | icon 1940
Türk şirkətləri Qarabağın yenidənqurma işlərində iştirak edir

Ötən il sentyabrın 27-də Ermənistanın təxribatına cavab olaraq müzəffər Azərbaycan Ordusunun
əks-hücum əməliyyatı nəticəsində düşmənin 30 ilə yaxın işğalı altında olan torpaqlarımız
azadlığa qovuşdu. Vətən müharibəsində Azərbaycanın əldə etdiyi Zəfərdən sonra dövlətimiz
qarşısında duran ən ümdə məsələlərdən biri də həmin əraziləri tez bir zamanda hərtərəfli bərpa
etmək və məcburi köçkünlərin öz doğma yurd-yuvalarına təhlükəsiz qayıdışını təmin etməkdən
ibarətdir.

Azərbaycan Prezidenti İlham Əliyevin işğaldan azad edilmiş şəhər və rayonlarımıza səfərləri
çərçivəsində bu istiqamətdə qarşıya qoyulan vəzifələr, eyni zamanda, səfərdən sonra həmin
ərazilərdə bərpa işlərinin aparılması ilə bağlı imzalanan sənədlər də bu torpaqların qısa müddətdə
cəlbedici bir məkana çevriləcəyindən xəbər verir.

Cari il yanvarın 4-də “Qarabağ Dirçəliş Fondu” publik hüquqi şəxsin yaradılması haqqında
imzalanmış Prezident Fərmanında qeyd edilir ki, erməni qəsbkarları tərəfindən maddi və mədəni
sərvətləri talan edilmiş torpaqlarımızın yenidən dirçəldilməsi ölkənin siyasi-iqtisadi qüdrətinin
güclənməsinin mühüm dayaqlarından biri olacaq.

Qeyd edək ki, bu fond Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin bərpası və
yenidən qurulması, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişafını təmin edən, eləcə də ölkə
daxilində və ölkə xaricində zəruri təşviqat işlərini həyata keçirən publik hüquqi şəxsdir.
Artıq azad olunmuş torpaqlarda bərpa işlərinə başlanılıb. İşğaldan azad edilmiş tarixi və əzəli
torpaqlarımızda yenidənqurma işləri üçün 2021-ci ilin dövlət büdcəsində 2,2 milyard manat
vəsait nəzərdə tutulub. Bir sıra dost ölkələr də, o cümlədən qardaş Türkiyə işğaldan azad
olunmuş ərazilərimizin bərpası prosesində iştirak etmək arzusunda olduqlarını bildiriblər.
Azərbaycan dövləti də dost ölkələrlə bu sahədə əməkdaşlıq etmək niyyətini açıqlayıb. Bununla
bağlı dövlət başçısı öz fikrini belə ifadə edib: “Dost ölkələri Azərbaycana cəlb edirik və cəlb
edəcəyik. Birinci kontrakt Türkiyə şirkəti ilə bağlanıb. Bərpa işlərini biz özümüz, öz
vəsaitlərimiz hesabına maliyyələşdirəcəyik. Lakin biz istəyirik ki, şəhərlərimizin və
kəndlərimizin bərpasına dost ölkələrdən olan şirkətlər cəlb edilsin. Qoy onlar da bu layihələri
hayata keçirə bilsinlər və həmrəylik nümayiş etdirsinlər.”.

Türkiyədə fəaliyyət göstərən, 130 texnologiya şirkətinə dəstək göstərən “GOSB” texnoparkı ilə
Azərbaycan İnnovasiyalar Agentliyi arasında imzalanmış “Mədəni və Elmi Əməkdaşlıq”
memorondumuna əsasən, Qarabağda Yüksək Texnologiyalar Parkı yaradılacaq. Parkda ən son
“soft” və “hard” elmi araşdırmaların aparılması, eyni zamanda, yüksək texnoloji cihazların
istehsalı planlaşdırılır.

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti ilə də dəfələrlə danışıb. Türkiyə
şirkətləri Azərbaycanda təqribən 10 milyard dollardan çox dəyəri olan layihələrdə, müxtəlif
inşaat layihələrində iştirak ediblər. Qarabağda da yenidənqurma işləri birgə görüləcək və Türkiyə
şirkətlərinin buradakı fəaliyyəti üçün yeni imkanlar yaranacaq.
Azərbaycan üçün strateji önəm daşıyan Füzuli-Şuşa avtomobil yolunun inşası ilə bağlı türk
şirkətləri artıq fəaliyyətdədirlər. Eyni zamanda, Göygöl bölgəsindən Kəlbəcərə çəkilən yolda da
türk şirkətləri fəaliyyət göstərirlər və o da çox mürəkkəb, çətin bir ərazidən keçir, orada tunellər
qazılmalıdır. Artıq ilkin razılaşmalar əldə edilib.

Bəli, Qarabağımızda dost, qardaş ölkələrlə, xüsusən 44 günlük Vətən müharibəsində
Azərbaycanın haqq işində dövlətimizə, xalqımıza mənəvi dəstək olan Türkiyə ilə görüləcək
işlərin həcmi çox böyükdür.

Azərbaycan hökumətinin hazırladığı Strateji Bərpa Planı və Dirçəliş Konsepsiyası Qarabağ
regionunu ən inkişaf etmiş zonaya çevirməyi nəzərdə tutur. Təbii ki, dost və qardaşlarla bir
yerdə.


Sədaqət Quliyeva
Saatlı rayon ziyalısı


Digər xəbərlər

0.23952889442444