Qarabağda kənd təsərrüfatının inkişafı istiqamətləri

12:30 06-03-2021 | icon 2286
Qarabağda kənd təsərrüfatının inkişafı istiqamətləri

Qarabağ ərazisinin zəngin yeraltı və yerüstü sərvətlərə, əlverişli iqlim və su
resurslarına malik olması onun regionda strateji əhəmiyyətini qat-qat artırır. Sirr deyil ki,
iqtisadi cəhətdən acınacaqlı və böhran vəziyyətində yaşayan ermənistan hakimiyyətinin
əsas hədəflərindən biri hərtərəfli zəngin resurslara malik olan Qarabağ ərazisini ələ
keçirmək və bu sərvətlərdən istifadə edərək çətin durumda olan iqtisadiyyatlarını
dirçəltmək olmuşdur. 30 ilə yaxın müddətdə işğal altında olan ərazilərin geri
qaytarılması və illərdir ermənistan tərəfindən qurulmuş istehkamların və minalanmış
ərazilərin təmizlənməsi Azərbaycanın başlıca prioritetidir və bu proses çox sürətlə
həyata keçirilir. Təmizlənmiş ərazilərdə artıq payızlıq buğda əkinləri də həyata
keçirilmişdir.


Qarabağın orta dağlıq və dağətəyi əraziləri geniş kənd təsərrüfatı imkanlarına
malikdir. Belə ki, ərazi tarixən üzümçülük, tütünçülük, meyvəliçilik, kartofçuluq,
tərəvəzçilik və heyvandarlığın qoyunçuluq, maldarlıq, arıçılıq kimi sahələri üzrə
ixtisaslaşmışdır. Ermənilərin işğalçılıq siyasəti demək olar ki, qeyd olunan sahələrin,
ümumilikdə aqrar-sənaye kompleksinin məhv olmasına və fəaliyyətinin dayanmasına
səbəb olmuşdur. Dövlətin qarşısında duran əsas vəzifələrdən biri Qarabağa böyük
qayıdışdan öncə əhalinin maddi tələbatını ödəmək üçün yeni iş yerlərinin
müəyyənləşdirilməsi və açılması, dağıdılmış infrastrukturun yenidən və tez bir zamanda
bərpa olunması, o cümlədən kənd əhalisinin məşğuliyyətini ən ideal formada təmin
etmək üçün əkin və otlaq sahələrinin yararlı vəziyyətə gətirilməsidir. Sevindirici hal odur
ki, müharibə bitdikdən dərhal sonra artıq yenidənqurma işlərinə başlanılmışdır və tam
sürəti ilə davam etməkdədir. Bu proseslərin davamlı və rabitəli həyata keçirilməsi böyük
həcmdə sərmayənin və investisiyanın ayrılmasını şərtləndirir. Bunun üçün yalnız dövlət
büdcəsi hesabına deyil, eyni zamanda xarici investorların da prosesə cəlb olunması
həyata keçirilir. Bütün qeyd olunanlar onu deməyə əsas verir ki, aparılan işlər tamamilə
doğru planlaşdırılıb və Qarabağ ən qısa zamanda vətəndaşlarımızın yaşaya bilməsi
üçün tam yararlı vəziyyətə gətiriləcəkdir.

Əhmədov Fail Zülfüqar oğlu,
Saatlı rayon M.Ağayev adına şəhər 2 saylı ümumi orta məktəbin direktoru


Digər xəbərlər

0.24669194221497