Böyük qələbə Azərbaycan dövlətinin hərbi gücünün təzahürüdür

14:05 18-04-2021 | icon 1599
Böyük qələbə Azərbaycan dövlətinin hərbi gücünün təzahürüdür

Azərbaycanın şanlı hərbi-siyasi tarixinin növbəti şanlı səhifəsi yazıldı. Ermənistan silahlı
qüvvələri Dağlıq Qarabağa məqsədyönlü şəkildə gətirilmiş muzdlu terrorçu quldur
dəstələri və himayəçi dövlətlərin hərbi qüvvələrinin köməyi ilə 1988-1994-cü illər
arasındakı dövrdə Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və bölgənin ətrafındakı 7
rayonu işğal edərək 26 il ərzində vaxtilə çiçəklənən bir diyarı xarabalığa çevirmişdi.
Azərbaycan Ordusu Ermənistanın 6 il ərzində apardığı müharibə nəticəsində işğal etdiyi
torpaqları cəmi 44 gün ərzində işğaldan azad edərək Ermənistan silahlı qüvvələrinin
"məğlubedilməzliyi haqqında mifi" darmadağın etdi, işğal dövründə yaradılmış
mühəndis-istehkam qurğularının külünü göyə sovurdu, milli ordumuzun gücü və
potensialını bütün dünyaya göstərdi.
Azərbaycanın bütün sahələrdə güclənməsinə baxmayaraq Qərb və rus diplomatiyasının
gücü ilə formalaşdırılmış, xristian Ermənistanına himayəçilik etmək, münaqişəni
dondurmaq və Ermənistanın apardığı işğalçılıq siyasəti nəticəsində yaradılmış status-
kvonu Azərbaycana qəbul etdirmək üçün təsis edilmiş ATƏT-in Minsk qrupu 28 il
ərzində problemin hərbi yolla həllinə imkan verməmişdi. Nəinki imkan verməmiş, hətta
BMT Təhlükəsizlik Şurası və Baş Məclisinin qəbul etdiyi 5 qətnamə, habelə AŞPA və
ATƏT-in özünün qəbul etdiyi qətnamə və qərarların da kağız üzərində qalmasına səbəb
olmuşdu. Süni şəkildə yaradılmış çətinliklərə, xristian həmrəyliyinə, Ermənistana edilən
havadarlığa, onun hərtərəfli şəkildə silahlandırılmasına, regionda gedən geosiyasi
mübarizəyə baxmayaraq, zaman Azərbaycanın xeyrinə işləyirdi. Azərbaycanın ərazi
bütövlüyü uğrunda mübarizə diplomatik-siyasi müstəvidə getdiyi üçün bu mübarizə
səbir, qətiyyət və iradə tələb edirdi. Ulu Öndər Heydər Əliyev təsadüfi olaraq demirdi ki:
"Diplomatiya döyüş meydanı deyil, burada siyasətçilər təvazökarlıq, səbir, iradə və əzm
göstərməklə istədiklərinə nail ola bilirlər''. Bu əzm və qətiyyəti onun layiqli varisi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev göstərdi və göstərməkdə davam
edir.
Hələ prezidentliyinin əvvəllərindən münaqişənin siyasi yollarla həll olunmasına
sadiqliyini sərgiləyən İlham Əliyev bununla belə, əgər zərurət yaranarsa hərb yolunun
da istisna olunmadığını vasitəçilərə bildirmiş, beynəlxalq tribunalardan səsləndirmişdi.
Zaman etibarı ilə qısa müddətə müasir beynəlxalq standartlara cavab verən güclü və
mütəşəkkil Azərbaycan Ordusu yaradılmış, müasir silahlar və döyüş texnikaları ilə
silahlandırılaraq NATO nümunəsində ordu quruculuğu həyata keçirilmişdi ki, ordumuzun
hansı gücə qadir olduğunu 2016-cı ilin aprel döyüşləri göstərmişdi.
Bütün bunlara baxmayaraq, Ermənistan dövlətinin öz təcavüzkar və işğalçı siyasətindən
əl çəkməməsi münaqişənin hərbi yolla həllini qaçınılmaz etdi. Müzəffər ordumuz döyüş
meydanında 44 gün ərzində düşməni darmadağın edərək tarixi ədaləti bərpa etməklə
bərabər Azərbaycanın ərazi bütövlüyünü bərpa etmiş oldu. Bu misli görülməmiş qələbə
Azərbaycanın şanlı tarixinə qızıl hərflərlə yazılacaqdır. Bu müharibə ilə dövlətimiz necə
güclü, bilikli və uzaqgörən bir siyasi liderə həmçinin necə qüdrətli və məğlubedilməz bir
orduya sahib olduğunu bütün dünyaya göstərmiş oldu.
Yaşasın Müzəffər Ordumuz, yaşasın Ali Baş Komandanımız!


Məmmədov Mirata,
Saatlı rayon gənci


Digər xəbərlər

0.2659740447998