Premyer Liqa: "Qarabağ" "Qəbələ"nin, "Neftçi" "Sabah"ın qonağı olacaq

08:24 25-04-2021 | icon 2341
Premyer Liqa:

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXIV turun görüşləri keçiriləcək.

Bütün oyunlar eyni gündə gerçəkləşəcək.

Lider "Qarabağ" "Qəbələ"nin qonağı olacaq. Ağdam təmsilçisi 23 oyuna 47 xal toplayıb. "Qırmızı-qaralar" isə 24 xalla 5-ci pillədə qərarlaşıb. Bu, komandaların çempionatda 50-ci görüşü olacaq. Əvvəlki 45 qarşılaşmanın 25-də "köhlən atlar", 10-da isə meydan sahibləri qələbə qazanıb, 14 matçda heç-heçə qeydə alınıb. Topların fərqində də ölkə çempionu üstündür - 71:42. “Qəbələ” Premyer Liqadakı son 11 oyunda rəqibinə qalib gəlməyib. “Qarabağ” isə ardıcıl 10 matçdır meydanı qolsuz tərk etmir.

Günün ikinci matçında autsayder "Keşlə" "Səbail"i qəbul edəcək. Meydan sahibləri 20 xalla 8-ci sıradadır, qonaqlar isə 21 xalla 6-7-ci yerləri bölüşdürür. Bu, rəqiblərin 15-ci çempionat matçı olacaq. 7 oyunda "Səbail", 3-də isə "Keşlə" 3 xal əldə edib. Topların fərqi qonaq komandanın xeyrinədir - 17:12. “Səbail” Premyer Liqa son 6 oyunda rəqibə uduzmayıb. "Keşlə" 5 ev qarşılaşmasında xal qazanmayıb.

Çempionluğa iddialı digər komanda "Neftçi" "Sabah"la üz-üzə gələcək. Flaqman 46 xalla 2-ci pillədədir, meydan sahibləri 6-7-ci yerləri bölüşdürür. "Sabah" Premyer Liqadakı 10 matçın heç birində "Neftçi"ni məğlub edə bilməyib. Bu görüşlərin yalnız birində heç-heçə qeydə alınıb. Topların fərqində də "ağ-qaralar"ın aşkar üstünlüyü var - 21:3.

Günün son matçında 32 xalla 3-4-cü pillələrdə qərarlaşan "Zirə" və "Sumqayıt" komandları qarşılaşacaq. Əvvəlki 22 oyunun 10-da paytaxt klubu, 6-da isə "gənclik şəhəri" təmsilçisi qələbə qazanıb. Topların fərqində də "Zirə" üstündür - 29:21.

“Zirə” 5 oyundur rəqibinə qalib gəlmir. Komandalar arasında son iki görüş heç-heçə başa çatıb.

Azərbaycan Premyer Liqası

XXIV tur

25 aprel (bazar)

17:00. “Qəbələ” – “Qarabağ”
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Müslüm Əliyev, Kamal Umudlu
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Erkin Hüseynov
Qəbələ şəhər stadionu

18:00. “Keşlə” –“Səbail”
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Eyyub İbrahimov, Səbuhi Bayramov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Maşallah Əhmədov
“ASK Arena”

19:15. “Sabah” – “Neftçi”
Hakimlər: Vüqar Həsənli, Kamran Bayramov, Vüqar Bayramov, Kamranbəy Rəhimov
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: Rüfət Əmirov
“Bank Respublika Arena”

20:00. “Zirə” – “Sumqayıt”
Hakimlər: İnqilab Məmmədov, Cavanşir Yusifov, Nahid Əliyev, Fərid Hacıyev
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Kərim Ağayev
Zirə İdman Kompleksinin stadionu


Digər xəbərlər

0.21899700164795