Olim”Patı”: eyni səhvin iki mənfi təzahürü

18:03 28-07-2021 | icon 2202
Olim”Patı”: eyni səhvin iki mənfi təzahürü

Ölkədə “narkomanlar”ın sayı artıbsa, gənclər arzulounmaz yollara düşübsə, bunun bir günahkarı da Rauf Əliyevdi. Bir neçə federasiyada vəzifə tutan, uşaq futbolunun inkişafına birbaşa cavabdeh olan millət vəkili…

Rauf bəy bu yazının hədəfi deyil və yeganə günahkar olmamalıdı. Amma iki gün öncə telekanalların birində Olimpiadadakı uğursuzluqları qırmızı-qırmızı malalayanda həm də özünü ifşa etdi, diqqət mərkəzinə düşdü. Elə bu səbəbdən yadımda qalıb…

Hörmətli deputat idmançılar üçün hər cür şəraitin yaradıldığını, infrastrukturla bağlı problem olmadığını deməkdə haqlıdı. Lakin səbəbi, səbəbkarı göstərə bilmir, çeynənmiş sözlərlə baş aldadırdı. Özünü və özükimiləri hədəf göstərmək istəmirdi.

Məntiqlə dövlət idmançılar üçün hər cür şərait yaradıbsa – həqiqətən də belədi – , lakin ortada nəticə yoxdursa, günahkar idarəçilərdi. İstiqamət düzgün götürülməyib, planlama yanlış aparılıb və bütün bunları Rauf Əliyev kimi bir neçə idman qurumunda vəzifə tutan məmurlar edib.

***

Son günlər mətbuatın, sosial şəbəkələrin iki sevimli mövzusu var: biri Tokio-2020-də sıralanan uğursuzluqlardısa, digəri “Patı” adlanan narkotik vasitənin aludəçiləri haqqında xəbərlərdi. Və bu iki məsələ bir-birinin eynidi, uğursuz idman siyasətinin iki fərqli məzmunda təzahürüdü. Ölkədə sağlam həyat tərzinə diqqət yetirilsəydi, işlər düzgün qurulsaydı, narkotik vasitəyə qurban gedən aludəçilərdən yox, bugünün eyni ad-soyadlı olimpiya medalçılarından, çempionlardan danışardıq. Gəl ki, onları özümüz tatamiyə, rinqə, futbol meydançalarına istiqamətləndirməmişik, taleyin ümidinə buraxmışıq.

Azərbaycanın az qala hər rayonunda olimpiya kompleksləri var, illərdi tikilməyə davam edir. Birbaşa prezident İlham Əliyevin təşəbbüsü ilə istifadəyə verilən bu qurğular təyinatı üzrə fəaliyyət göstərsəydi, Tokioya 44 deyil, daha çox idmançımız gedərdi; təmsilçilərimizin az qala yarısı milliləşdirənlər olmazdı; medal üçün gözəgörünməz qüvvələrə dua etməzdik. Olimpiya Komplekslərində idmana barmaqarası baxılıb, buralar daha çox otel kimi istifadə edilib, rayon rəhbərliyi AGİN-lə, MOK-la əməkdaşlıq etməyib, ümumi strategiya cızılmayıb və ya ona yönəlik işlər görülməyib.

Futbol üzrə Azərbaycan Premyer Liqası Bakı çempionatına çevrilib, bölgələrdə bu idman növü ilə məşğul olmağa şərait yoxdu. Əyalət klubları məhv edilib, ənənələri ilə ad çıxaran Tovuz, Naxçıvan, Lənkəran, Gəncə, Masallı, Mingəçevir, Quba, Bərdə, Qusar və digər şəhərlərdə futbol unutdurulub. Digər idman növlərində də vəziyyət eynidi. Belədə gənclərin qeyri-sağlam həyata yönəlməsi daha da asanlaşıb, narkotacirlər onları rahatca ovlayıb. İllər boyunca göstərilən qayğı nəticəsində bu gün olimpiya medalçısı olmalı gənclər narkotik aludəçisi kimi “yetişdirilib”.

Bu məsələdə dövləti qınamaq olmur. Rauf Əliyevin dediyi kimi, hər cür infrastrukrur yaradılıb, şərait təmin edilib. Maliyyəyə gəlincə, hətta ən çətin iqtisadi böhran zamanı idmana ayrılan büdcə azaldılmayıb. Lakin nəticələrin belə olmasına görə həm də dövlət məmurları günahkardı. İndi onlar xərclənən vəsaitin hesabatını verməlidi.

Olimpiya Komplekslərinin bəzəkli tikili kimi qalması bir yana, bölgələrdə dövlətin milyonları hesabına ərsəyə gələn stadionlar da mal-heyvanın otlaq sahəsinə çevrilib. İnanılmaz faktdı: dövlət başçısının açılışını etdiyi bütün bölgə stadionları illərdi futbola həsrətdi və ən pisi odur ki, bunun səbəbi AFFA-dan soruşulmur. İndi isə acı nəticələr hamımızın ürəyini ağrıdır – Olimpiadada sıralanan uğursuzluqlar və hər gün dəstə-dəstə saxlanan “Patı” istifadəçiləri.

***

Ayrı-ayrı idman növləri üzrə cavabdeh şəxslər bəhanə axtarır, məsuliyyəti bölüşmək üçün günahkar ovuna çıxıblar. Amma hədəf göstərməyə kimsə yoxdu. Çünki bizdə idmançı hazırlamalı olan mütəxəssislərin özləri belə yetişdirilməyib, olanlar isə diqqətsizlikdən kənarda qalıb. Onlar qıfıllı stadionlara, otelə çevrilən olimpiya komplekslərinə buraxılmayıb, dövlətin maliyyə qayğısını hiss etməyiblər, marketoloq məmurların əmrləri qarşısında tənəzzülü seyr etməyə məcbur qalıblar. Həmin mütəxəssislər ki, olimpiya, dünya, qitə çempionları yetişdiriblər.

Bəs, dövlətin pulu hara gedib? Ciblərə, şəxsi biznesə. Aradabir nəticə qazanmaq, iş görüntüsü yaratmaq üçün onlarla əcnəbi milliləşdirilib, baş aldadılıb. Pulu gələcəyi yox, bugünü qurtarmağa sərf ediblər. Azərbaycanlı balalarına xərc qoyulsaydı, istedadlar yetişdirilsəydi, buna illər lazım gələcəkdi, ondansa hazır idmançı tapmağı məsləhət biliblər. Belədə cibə gedən vəsaitin həcmi daha böyük olub.

Bu gün Azərbaycanı Tokioda təmsil edən 44 idmançının yarısı əcnəbidi, ölkəmizdə ənənəsi olan həndbol, voleybol kimi idman növlərində normal komandamız yoxdu, futbol millimizin əsasını ya milliləşənlər, ya da ölkəmizdən kənarda yetişənlər təşkil edir. Halbuki bu ölkədə istedadlar həmişə olub. Azərbaycandan diqqətsizlikdən bezib qaçan Ramil Quliyev Türkiyə üçün rekordlar qırır, Tokioda 10-dan çox ölkənin bayrağı altında azərbaycanlılar mübarizə aparır.

***

Və Rauf Əliyev televiziyaya çıxıb özünün və özükimilərin yaratdığı labirintdə çıxış yolu axtarır. O, dövlətin qayğısını dana bilmir, amma səriştəsizliklərini də etiraf etmir, sadəcə, danışır. Pandemiyanı bəhanə etmək mümkün deyil – ümumi bəladı, hamı əziyyət çəkib; gənclərimizə irad tutula bilməz – hərbindən təhsilinə kimi normal qayğı görənlərin hamısı nəticələri ilə sevindirib; maliyyə çatışmazlığı ümumiyyətlə, müzakirə mövzusu deyil – dövlət mümkün olanın ən yaxşısıı illərdi edir. Bəs, səbəb?

Səbəb başbilənlərin işbilməzliyindədi. Həmin Rauf Əliyev ölkədə uşaq futbolunu bərbad hala sala-sala Berlində futbol məktəbi açdı, milyonlar xərcləndi, bir ildən sonra layihənin uğursuzluğu aydınlaşdı. Halbuki öncədən normal araşdırılma aparılsaydı, perspektivin olmadığı aydınlaşar, vəsait israf edilməzdi. Həmin pul ölkə daxilində gərəkən istiqamətlərə yönəldilsəydi, indi “Patı”  istifadəçilərinin sayı bu qədər çox olmazdı.

***

Çıxış yolu hər zaman var. Uğursuzluq baş verəndə dəyişiklik etmək lazım gəlir. İdmanımızın ən “dibə vurduğu” bu günlərdə məsələ daha da aktuallaşıb. İslahat qaçılmazdı. Bütünlükdə işə münasibət, baxış bucağı dəyişməli, kresloları məşğul edən vecsizlər yola salınmalı, əsl mütəxəssislər, bacarıqlı idarəçilər iş başına gətirilməlidi. Bu, təkcə idman nəticələrini yaxşılaşdırmaq üçün deyil, həm də sağlam həyat tərzini təmin etmək üçün vacibdi. Narkotik aludəçilərini həbs etməklə pis vərdişlərin kökünü kəsmək olmaz, ona alternativi yaratmaq, ən üst səviyyədə təqdim etmək lazımdı. Və gənc övladlarımızın xilası üçün təhsil, bir də idman ən gözəl vasitələrdi. Gecikmək olmaz…(futbolinfo)


Digər xəbərlər

0.27809000015259