Qaradağda şəhid doğum günündə anıldı

07:39 15-08-2021 | icon 1775
Qaradağda şəhid doğum günündə anıldı

Qarabağı işğaldan azad edərək, xalqımıza qələbə sevinci bəxş edən, bu yolda canından, qanından keçən igid Vətən oğullarından biri də şəhid İbadov Rafiq Baloğlan oğludur.

Şəhid İbadov Rafiq Baloğlan oğlu 14.08.1965-ci ildə Zəngilan rayonunda dünyaya gəlib.

Birinci Qarabağ müharibəsindədə iştirak edib və vətənimizin müdafiəsində xüsusi xidmətlər göstərib. Birinci Qarabağ müharibəsi veteranı olub. Azərbaycan Ordusunun ehtiyatda olan əsgəri Rafiq İbadov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Tərtər-Suqovuşan-Talış istiqamətlərində gedən döyüşlər zamanı Azərbaycan Silahlı Qüvvələrinin tanklarının saz vəziyyətə gətirilməsində  xidməti olan bölmələrin heyətində yer alıb.

 

2020-ci il 44 günlük Vətən müharibəsində düşmənə qarşı aparılan haqlı mübarizəmizdə vətənimiz uğrunda 29.09.2020-ci il tarixində qəhrəmancasına şəhid olub.

Ali Baş Komandan İlham Əliyevin sərəncamlarına əsasən, “Vətən uğrunda” medalı ilə təltif edilib.

Şəhidlərimizə, Qarabağ müharibəsi əlillərinə, onların ailələrinə qayğı dövlətin daim diqqətindədir. Dövlət başçısının tapşırığına əsasən, rayon rəhbərliyi  şəhidlərimizin doğum və anım günlərində onları diqqətdən kənarda qoymur, məzarlarını və ailələrini ziyarət edirlər.

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı, icra hakimiyyətinin vəzifəli şəxsləri, rayon ictimaiyyət nümayəndələri,din adamları şəhid İbadov Rafiq Baloğlan oğlunun doğum günü ilə əlaqədar olaraq şəhidin məzarını ziyarət edib, məzarı üzərinə əklil qoyub.

Ruhuna dua oxunduqdan sonra şəhidimizin xatirəsinə ehtiramlarını bildiriblər.

Daha sonra şəhidin ailəsi və övladları Lökbatan qəsəbəsində yaşadıqları mənzillərində ziyarət olunub. Onlara dərin hüzünlə baş sağlığı verilib.

 

 

Digər xəbərlər

0.27960801124573