Molla Pənah Vaqifin məqbərəsinin Şuşada ucaldılması qərarını Ulu Öndər Heydər Əliyev vermişdir

10:12 03-09-2021 | icon 1757
Molla Pənah Vaqifin məqbərəsinin Şuşada ucaldılması qərarını Ulu Öndər Heydər Əliyev vermişdir

Azərbaycan təbiətinin, tarixinin və sənətinin nadir incisidir Şuşa. Təbiət, tarix, sənət
bu şəhərdən heç nəyi əsirgəməyib. Füsunkar mənzərələr, səfalı ab-hava, şəfalı sular
təbiətin dağ şəhərinə ərməğanıdır. Qədim qalalar, bürclər, binalar, küçələr, bulaqlar,
daşlar - tarixin yadigarlarıdır. Musiqi, şeir bu torpağın hər qarışında yaşayır. Qarabağ
tarixinin, Qarabağda yaranan şeir, musiqi sənətinin zəngin ənənələri bu gün də
diridir, canlıdır...Bu gün 39 illik tarixi olan Vaqif Poeziya Günləri Şuşa işğaldan azad
edildikdən sonra yenidən təşkil olunmuşdu.Azərbaycan xalqının ümummilli lideri
Heydər Əliyevin iştirakı ilə 1982-ci il yanvarın 14-də Şuşada Molla Pənah Vaqifin
məqbərəsinin və Poeziya Evinin təntənəli açılışı onun milli ədəbiyyata, tarixə,
mədəniyyətə böyük marağının təzahürü idi. Məhz bu səfər çərçivəsində ümummilli
lider Heydər Əliyev Vaqif Poeziya Günlərinin keçirilməsi ilə bağlı göstəriş vermiş və
həmin ilin 29 iyul - 3 avqust tarixlərində Şuşada Vaqif Poeziya Günləri
keçirilmişdi.Müasir Azərbaycan ədəbiyyatı tarixində öz bənzərsizliyi ilə seçilən Vaqif
Poeziya Günləri həmin tarixdən etibarən 1991-ci ilədək hər il avqust ayında şairin
vətəni Qazaxdan başlayıb, Şuşanın əsrarəngiz Cıdır düzündə yekunlaşardı.
Ədəbiyyatsevərlər arasında böyük maraqla qarşılanan bu günlər çərçivəsində şeir
gecələri ilə yanaşı, konsert proqramları da təşkil edilirdi.
Prezident İlham Əliyevin Şuşa şəhərini ölkənin mədəniyyət paytaxtı elan etməsi,
burada “Xarıbülbül” musiqi festivalının və Vaqif Poeziya Günlərinin bərpa edilməsi
təkcə Şuşa şəhərində deyil, bütövlükdə torpaqlarını işğaldan azad etmiş və ərazi
bütövlüyünə qovuşmuş müstəqil Azərbaycanda mədəni həyatın təntənəsinə
çevrilib.Heydər Əliyev Fondunun təşkil etdiyi tədbirin məqbərə önündəki açılış
mərasimində çıxışlardan sonra Vaqif Poeziya Günlərinin tarixini əks etdirən
videoçarx nümayiş etdirilib. Daha sonra muğam triosunun ifasında “Qarabağ”
şikəstəsi səslənib.Bu məqamda bir neçə məsələni qeyd etməyi özümüzə borc bilirik.
Belə ki, bu günə qədər Azərbaycan xalqı öz sevimli şairini bir an da olsun
unutmamışdı. Molla Pənah Vaqifin adının UNESCO-nun “2016-2017-ci illər üçün
görkəmli şəxslərin və əlamətdar hadisələrin yubileyləri proqramı”na daxil edilməsi
Azərbaycanın çoxəsrlik zəngin ədəbiyyatı tarixində silinməz izlər qoymuş bu qüdrətli
söz ustasının yaradıcılığındakı humanist dəyərlərə verilən yüksək qiymətin təzahürü
idi. 2017-ci il, həmçinin Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY
tərəfindən “Molla Pənah Vaqif İli” elan edilərək, bu çərçivədə tədbirlər
keçirilmişdi.Uzun illərdir dövlətimiz tərəfindən tanınmış şəxsiyyətlərin yubileylərinin
yüksək səviyyədə qeyd edilməsi, əsərlərinin nəşri və təbliği Molla Pənah Vaqif irsini

də əhatə edib. Prezident İlham Əliyevin “Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin
300 illik yubileyinin keçirilməsi haqqında” 2017-ci il 12 yanvar tarixli Sərəncamına
əsasən ölkəmizdə şairin xatirəsinə həsr edilmiş elmi-praktik konfranslar, rəsm
sərgiləri və digər bu qəbildən olan silsilə tədbirlər keçirilib.Molla Pənah Vaqif öz
dövrünün böyük şairi, mütəfəkkiri və dövlət xadimi olub. Onun yaradıcılığı
özünəməxsus realist ədəbi-estetik mövqeyi ilə seçilir. Heydər Əliyev Fondunun
təşkilatçılığı ilə bu gün Şuşada keçirilən tədbirdə səslənən şeirlər də, oxunan
mahnılar da Vaqif ruhuna çox yaxın idi. “Bir il əvvəl bizə desəydilər ki, gələn il
Şuşada Vaqif Poeziya Günləri keçiriləcək, yəqin inanmazdıq. Zaman dəyişdi, bizə
yuxu kimi görünən bu arzu Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin
rəhbərliyi ilə reallaşdı.Çox unudulmaz bir gündür. Burada iştirak edən hər bir insanın
həyatına, yaddaşına qızıl hərflərlə yazılan bir gündür. Poeziya günləri ənənəvi olaraq
1982-ci ildən qeyd olunurdu. Erməni işğalının başlanması ilə buna ara verildi.
Torpaqlarımız işğaldan azad ediləndən sonra Vaqifin məqbərəsi yenidən bərpa
olundu, poeziya günlərinin keçirilməsi ilə bağlı qərar verildi.Yeri gəlmişkən qeyd
etməliyik ki, torpaqlarımız Ermənistanın işğalından azad olunduqdan sonra
Azərbaycanın mədəni inkişafında yeni dövr başlanıb. Xalqımıza məxsus tarixi
abidələrin bərpası, ənənəvi tədbirlərin yenidən və daha möhtəşəm qeyd olunması
qayıdışımızın təntənəsidir. Bu gün də belə bir növbəti təntənəyə şahidlik edirik.
Şuşada Molla Pənah Vaqifin məqbərəsinin yenidən ucaldılması bütövlükdə
Azərbaycan ədəbiyyatına verilən yüksək dəyərdir.
Bu gün Şuşada əsl bayram ab-havası var, hamı danışmaq, fərəhini, sevincini
bölüşmək istəyir. Hər kəsin köksündə qalibiyyətin xalqımıza bəxş etdiyi əvəzsiz
sevinc hissi var. Hər kəs bu qələbəni, bu zəfəri bizə yaşadan Azərbaycan
Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, birinci xanım
Mehriban Əliyevaya, eləcə də ölməz şəhidlərimizə, sağlamlığından keçmiş
qazilərimizə öz minnətdarlığını yazdığı şeirdə, oxuduğu nəğmədə ifadə etmək istəyir.
Bir sözlə, bu gün Şuşa şeir, söz çələnginə dönüb...

Nüşabə Səfərova,
Saatlı rayon Cəfərxan kənd tam orta məktəbinin Dil-Ədəbiyyat müəllimi


Digər xəbərlər

0.23782801628113