“Media və siyasi proseslərə baxış: peşə etikası və perspektiv vəzifələr” mövzusunda konfrans keçirilib - Fotolar

17:41 11-10-2021 | icon 2103
“Media və siyasi proseslərə baxış: peşə etikası və perspektiv vəzifələr” mövzusunda konfrans keçirilib - Fotolar

Bu gün Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə “Media və siyasi proseslərə baxış: peşə etikası və perspektiv vəzifələr” mövzusunda konfrans keçirilib.

Toplantını giriş sözü ilə MŞ sədri Əflatun Amaşov açaraq bildirib ki, Azərbaycan mediası ölkəmizlə bağlı istər regionda, istərsə də dünyada baş verən siyasi proseslərə hər zaman həssaslıqla yanaşıb. Bu baxımdan daxili siyasi proseslər, eləcə də ayrı-ayrı hadisələr də istisna deyil. Mediamız məsələlərə ortaq mövqe nümayiş etdirməyi bacarıb, cəmiyyətin mənafelərinin qorunmasını əsas götürüb. Bu isə jurnalistlərimizin həm peşəkarlığından, həm də vətənpərvərliyindən irəli gələn xüsusiyyətdir.

“Mediamız qlobal müstəvidə baş verən siyasi proseslərə necə münasibət sərgiləməlidir? Əlbəttə, peşəkar olmalıdır. Ümumən jurnalistika hansı məsələyə yanaşır-yanaşsın, ilk növbədə peşəkarlığını qorumalıdır. Peşəkarlıq isə həssaslıq, prosesləri düzgün təhlil edib nəticə çıxararaq həmin nəticəni cəmiyyətə çatdırmaqdır. 44 günlük Vətən Müharibəsi qələbəmizlə yekunlaşdı. Jurnalistlər nəzərə almalıdırlar ki, biz qalib xalqıq. Təbii, bu, arxayınlaşmaq üçün əsas deyil. Daha diqqətli olmalıyıq. Amma diqqətli olub hansı məqamları qabrtmalıyıq və nələri etməməliyik? Daha doğrusu, nələri etməli və nələri etməməliyik ki, peşəkar obrazımız sıradan çıxmasın”, - deyən Ə.Amaşov vurğulayıb ki, Azərbaycan mediası Qarabağla bağlı hadisələri hər zaman olduğu kimi, indi də ciddi diqqət mərkəzində saxlayır. Bu xüsusda  İran-Ermənistan, İran-Azərbaycan münasibətlərinə məxsusi yanaşmalar var. MŞ sədri bu yanaşmaların peşəkarlıqdan irəli gəlməsinin vacibliyini əsaslandırıb. O, həmçinin daxili siyasi mühitdə tənqid hədəfi kimi seçilmiş şəxslərə münasibətdə də qırmızı xəttin qorunmasının cəmiyyətdəki ümumi ab-havanın saxlanılması nöqteyi-nəzərdən əhəmiyyətinə aydınlıq gətirib.  

 

Toplantıda çıxış edən MŞ İdarə Heyətinin üzvü Aydın Quliyev bildirib ki, əvvəllər medianın daxili siyasi proseslərə yanaşmasında ayrı-ayrı qütblərin maraqlarından çıxış etmə tendensiyası var idi. Hazırda bununla bağlı vəziyyət qənaətbəxşdir, o mərhələ geridə qalıb. A.Quliyev həmçinin yaşadığımız bölgə və ümumilikdə dünya üçün zəruri olan məsələlərə baxışda da jurnalist peşəkarlığının əhəmiyyətindən söz açıb. O vurğulayıb ki, mövcud istiqamətdə media etikası və vətənpərvərlik başlıca xətt kimi götürülməli, eyni zamanda bundan irəli gələn fəaliyyət də arqumentli təsir bağışlamalıdır.

MŞ İdarə Heyətinin üzvü, “Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli hazırda Azərbaycan mediasının bölgə ilə bağlı məsələlərə baxışının adekvat olduğunu deyib. Bu xüsusda iki xəttin – Ermənistana və İrana münasibətin özünü göstərdiyini önə çəkən E.Mirzəbəyli vurğulayıb ki, İranın ideoloji siyasətində anti-Azərbaycan mövqe hər zaman duyulub, Azərbaycan jurnalistlərinin baş vermiş hansısa konkret olaya baxışlarını bu reallığa uyğun formalaşdırmaları anlaşılandır. Ancaq bütün hallarda peşəkarlığın gözlənilməsi, faktoloji fəaliyyətə sadiqlik şərtdir.

MŞ İdarə Heyətinin üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə hər bir şəxsin, o cümlədən hər bir jurnalistin öz fəaliyyətində vətəndaş məsuliyyətindən irəli gələn norma və prinsipləri gözləməsinin faydalı tərəflərindən söz açıb. O, eyni zamanda bildirib ki, jurnalist tənqidi, ümumən yanaşması arqumentliliyi ilə seçilməlidir. Bu zaman onun hazırladığı materialın təsir gücü yüksək olur.

Toplantıdakı ayrı-ayrı çıxışlarda hər bir məsələyə münasibətdə tənqidin yol verilən hədlərinin geniş olduğu bildirilib və jurnalist fəaliyyətinin bundan istifadə edərək qurulmasının daha adekvat təsir bağışladığı, effektiv nəticələr verə biləcəyi vurğulanıb. 

 

 





Digər xəbərlər

0.31763601303101