Füzuli Hava Limanına beynəlxalq status verildi

21:53 16-10-2021 | icon 1580
Füzuli Hava Limanına beynəlxalq status verildi

Baş nazir Əli Əsədovun sərəncamı ilə Füzuli rayonunun işğaldan azad edilən ərazisində tikilən hava limanına beynəlxalq status verilib.

Bununla bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti razılaşdırılmış təklif irəli sürüb.

Sərəncama əsasən, Füzuli rayonunda tikintisi başa çatdırılmış beynəlxalq uçuşları yerinə yetirmək üçün müvafiq standartlara cavab verən Füzuli Hava Limanına beynəlxalq status verilib.

 

Xarici İşlər Nazirliyinə tapşırılıb ki, Füzuli Hava Limanına beynəlxalq status verilməsi barədə müvafiq beynəlxalq təşkilatlara məlumat göndərsin.

***

“AZAL”dan verilən məlumata görə, hava limanına Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) tərəfindən latın əlifbasının üç hərfindən ibarət FZL kodu verilib. Bu fərdi kod hava limanının yerləşdiyi şəhərin adı - Füzuli ilə bağlıdır.

Hava limanlarının IATA kodları sərnişin daşımaları üçün böyük əhəmiyyət kəsb edir, bu kodlar aviaşirkətlər, aviabilet satışı üzrə agentliklər, biletləri beynəlxalq təxsisetmə sistemləri və s. tərəfindən istifadə olunur.

Daha əvvəl Füzuli hava limanına Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) tərəfindən UBBF kodunun verilməsi təsdiq edilib.


Digər xəbərlər

0.22959089279175